Bu, köçürülmə yox, soyqırımı idi

 

Tarixin yaralı səhifələri

 

XIX əsrin əvvəllərindən başlayaraq XX əsrin sonlarınadək ermənilər tərəfindən azərbaycanlılara qarşı yeridilən deportasiya, soyqırımı siyasəti zaman-zaman müxtəlif üsullarla həyata keçirilmişdir. Tarixi mənbələrə, arxiv materiallarına, xarici ölkə səyyahlarının yazdıqlarına istinadən azərbaycanlıların tarixi etnik dədə-baba torpaqlarından çıxarılması 1905-1907, 1918-1920, 1948-1953 və nəhayət, 1988-ci illərdə tamamilə başa çatdırıldı.

Sovet hakimiyyəti illərində də "Daşnaksütyun" erməni terror təşkilatı öz fəaliyyətini dayandırmadı, əksinə, qan tökməkdə, terror etməkdə yeni mərhələyə qədəm qoydu. Onlar bolşeviklərə sığınaraq öz işlərini daha da kəskin şəkildə davam etdirdilər. Əslində, elə bolşevik ermənilərin özləri də mahiyyətcə daşnaklar idi. Təşkilatın üzvü Hovanes Kaçaznuninin bir tezisindəki ifadə də bu fikri təsdiqləyir: "Bolşevik ermənilər bu gün səndən də, məndən də daha çox daşnakdırlar. Çünki mənim də, sənin də aciz olduğumuz yerlərdə onlar bizi əvəz etmiş və ömrümüzü həsr etdiyimiz işi görürlər". Bu da məlumdur ki, həmin terror təşkilatının üzvləri Sovet İttifaqının ali hakimiyyət dairəsinə daxil olmuşdular. Bu səbəbdən də onların rəhbərliyi adından ermənilər öz cinayətkar fəaliyyətlərinin yeni mərhələsini çox fitnəkarlıqla, heç kimdən çəkinmədən, bəzən də qanun pərdəsi altında həyata keçirirdilər. İndiki Ermənistan ərazisindən azərbaycanlı əhalinin kütləvi surətdə deportasiyasını həyata keçirmək məqsədilə daşnaklar tükürpədici vəhşiliyə, terrora və şantaja başladılar.

"Daşnaksütyun" erməni terror təşkilatının üzvü, 1918-ci ildə Bakının dinc əhalisinə qarşı törədilən cinayətlərə başçılıq etmiş yüksək vəzifəli kommunist A.Mikoyan 1947-ci ilin dekabrında "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" sənədin layihəsini hazırlayaraq təsdiq üçün həmin bədnam sənədi Stalinə təqdim edib. Repressiyalar dövründə (1930-1938-ci illər) əli yüzlərlə azərbaycanlının qanına batmış "ölkə rəhbəri" heç bir müqavimət göstərmədən daşnak Mikoyanın hazırladığı sənədin layihəsinə öz dərkənarını qoyub: "Ermənistandan 100-150 min azərbaycanlının könüllülük (?) əsasında Azərbaycana - Kür-Araz ovalığına köçməsinə icazə verilsin". 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında 11 bənddən ibarət qərar qəbul etdi. Həmin qərardan yalnız iki bəndi diqqətə çatdırırıq. Birinci bənddə göstərilirdi: "1948-1950-ci illərdə Ermənistan SSR-dən 100 min kolxozçu və başqa azərbaycanlı əhali könüllülük əsasında Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün; onlardan: 10 min nəfər 1948-ci ildə, 40 min nəfər 1949-cu ildə və 50 min nəfər 1950-ci ildə". Amma ermənilər bu qərardakı göstərişlərə də əhəmiyyət vermədən 1948-ci ildə 10 min əvəzinə 24 min 631, 1949-cu ildə 40 min əvəzinə 54 min 373 və 1950-ci ildə 50 min əvəzinə 76 min 50 nəfər soydışımızı deportasiya ediblər. Ömrü boyu dağ şəraitində, gözəl təbiətdə, səfalı yerlərdə yaşayan insanları qəflətən gətirib ilan mələyən düzlərə tökərək onları alışmadıqları iqlim şəraitində məskunlaşmağa məcbur ediblər. Müxtəlif xəstəliklərə, aclığa və digər qeyri-insani münasibətlərə tuş gələn "könüllü" köçkünlər üzləşdikləri dərdlərə, bəlalara, haqsızlıqlara dözməyərək gülləsiz-filansız kütləvi surətdə həyatlarını dəyişdilər.

Əslində, azərbaycanlılar öz dədə-baba ocaqlarından könüllü surətdə köçürülməli və onların şəxsi istifadəsində olan əmlakı, mal-qarası və digər əşyalarının daşınması təmin edilməli idi. Hətta köçürülən ailələrə ev əşyası və digər dolanışıq üçün kənd təsərrüfatına aid ləvazimatlar da dövlət hesabına pulsuz verilməli idi. Amma köçkünləri dəhşətli surətdə, amansızlıqla üstüaçıq maşınlara yığaraq, yaxud da yük vaqonlarına dolduraraq insan yaşamayan qeyri-münbit torpaqlara tökdülər. Onlar Ermənistanda təkcə ev-eşiklərini yox, mal-dövlətlərini, almadıqları əməkhaqlarını, ən başlıcası isə doğma ocaqlarını qoyub gəldilər. Qohum qohumdan, qardaş bacıdan, tanış-bilişdən ayrı düşdü. Əslində, bu köçürülmə əməliyyatı erməni kommunistlərinin "etnik təmiz zona" yaratmaq siyasəti idi ki, onu da çox sərt forma və üsullarla həyata keçirdilər. Bu ağır əməliyyat zamanı, statistik məlumata görə, 10 mindən artıq insan həlak olmuşdur.

Həmin bədnam qərarın 11-ci bəndində deyilirdi: "Ermənistan SSR-in Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistan SSR-ə gələn xarici erməniləri yerləşdirmək üçün istifadə etsinlər". Ədalətsizliyə, haqsızlığa, şovinistliyə bax! Min bir əziyyətlə qurub-yaratdıqları ev-eşiklərin azərbaycanlıların əlindən alınaraq xaricdən gələn ermənilərə verilməsi sovet dövlətinin rəsmi göstərişi oldu. Mikoyan, Molotov, Stalin üçlüyünün köməyi və icazəsi ilə xaricdə yaşayan ermənilər Ermənistan SSR-ə köçərək hazır evlərdə - azərbaycanlıların halal ocaqlarında haramlığa başladılar. "Daşnaksütyun" erməni terror təşkilatının həyata keçirdiyi bu iyrənc siyasət minlərlə azərbaycanlının, xüsusilə də körpələrin, uşaqların həyatına son qoyan "təbii" bir ölümə çevrildi. Ermənistanda ermənilərin sayını artırmaq məqsədilə növbəti addımlardan biri xaricdən 450-500 min nəfər erməninin gətirilərək qədim Oğuz torpağında yerləşdirilməsi oldu.

1945-ci ilin noyabrında Ermənistanda sovet hakimiyyətinin qurulmasının 25 illiyi qeyd edilərkən ermənilər Stalinə belə bir məzmunda məktub göndəriblər: "Yoldaş Stalin! Sizin tapşırıqlarınızın hamısı qanun kimi yerinə yetirilir və həmişə yetirilmişdir. Ancaq bizim zəif münasibətimiz və məsuliyyətsizliyimiz nəticəsində Naxçıvanın Ermənistanın tərkibinə verilməsi haqqında olan təklifimiz hələ də yerinə yetirilməyib. Xahiş edirik, sizin təbrik teleqramınızda işarə olduğu kimi, Naxçıvanın Ermənistana verilməsi üçün sərəncam verəsiniz. Yerli əhali də bunu tələb edib istəyir". Bu məktubdan başqa Ermənistanın katibi Arutyunovun imzası ilə Qarabağın da Ermənistana verilməsi barədə Stalinə məktub yazıldı.

Bəli, azərbaycanlıların Ermənistandan köçürülmə əməliyyatı daşnakların iştahasını daha da artırmış, onları yeni "arzulara" yönəltmişdi. Görünür, azərbaycanlıların deportasiyası haqqında birinci dekret "Daşnaksütyun" erməni terror təşkilatının liderlərini o qədər də razı salmamışdı. Bu səbəbdən də ikinci sənədin layihəsini yenə Mikoyan hazırlamış və Stalinə imzalatmışdı. Bu dəfə azərbaycanlıların deportasiyası əməliyyatına terror təşkilatının göstərişini yerinə yetirən, eyni zamanda "sədaqətli kommunist" kimi vaxtilə Azərbaycanın Xalq Daxili İşlər Komissarlığında işləmiş general-mayor Qriqoryan başçılıq edirdi. O hələ Bakıda işləyərkən "xalq düşmənləri"nin siyahısını tuturdu. Həmin siyahılar əsasında da on minlərlə azərbaycanlı, ilk növbədə ziyalılar ya güllələnmiş, ya da sürgünə göndərilmişdi. Bu işlə Mikoyanın digər silahdaşları da cidd-cəhdlə məşğul olurdular. Deportasiya faktları sübut edir ki, köçürülmə dinc yolla həyata keçirilməmiş, milis forması geyinmiş erməni terrorçuları insanları döyərək, öldürərək, sürüyərək etnik təmizləmə əməliyyatı aparmışlar. Daşnaklar müqavimət göstərənləri hədələyərək, onları müxtəlif iyrənc yollarla aradan götürərək öz çirkin niyyətlərinə nail olmağa çalışmışlar.

Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindən deportasiya olunması faktları uzun müddət dəqiq araşdırılmamışdır. Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilən bu cinayət beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırılmamışdır. Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərmanında deyilir: "SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə zorakılıqla sürgün olunmuşdur. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır".

Məhz ümummilli liderin bu fərmanı ilə tarixi bir ədalətsizliyə siyasi qiymət verildi. Azərbaycan xalqına qarşı törədilən cinayətin beynəlxalq ictimaiyyətə çatdırılması ilə əlaqədar Dövlət komissiyası yaradıldı.

Bir faktı da qeyd edək ki, 1948-1953-cü illərdə həyata keçirilən bu dəhşətli aksiya elə bir zamanda baş vermişdi ki, İkinci dünya müharibəsindən sonra dolanışıq çox ağır idi. Ailə başçılarının əksəriyyəti qanlı müharibədə həlak olmuşdu, yaxud da əlil, xəstə vəziyyətdə geri qayıtmışdı. Belə bir şəraitdə Azərbaycan xalqına qarşı həyata keçirilən bu siyasət əsl düşmənçilik idi.

Təəssüf ki, daşnaklar öz havadarlarının köməyinə arxalanaraq Azərbaycan xalqına qarşı təcavüz kampaniyalarını heç vaxt dayandırmadılar. Onlar bunu müxtəlif yollarla həyata keçirirdilər. Təkcə insanları qətlə yetirmirdilər. Soydaşlarımız Mil-Muğan ovalığına köçürüləndən sonra onların yerinə Livandan, Suriyadan gətirilmiş yüz minlərlə erməni məskunlaşdırıldı. Türklərin çıxarıldığı kəndlərin, şəhərlərin, qəsəbələrin adları dəyişdirilərək erməniləşdirildi. 1935-1973-cü illərdə 465-dən çox yaşayış məntəqəsinin adı birdəfəlik dəyişdirildi. Bu iş o qədər sürətlə həyata keçirilirdi ki, çox halda ad tapmadıqda hərfi tərcüməyə üz tuturdular. Məsələn, Qoşabulaq (Zuyk Axbur), Gədiklər (Gedikner), Subasar (Sebasar) və s. Erməni tarixçisi Z.Koçkotyan hələ 1932-ci ildə çap etdirdiyi "Ermənistan əhalisi 1830-1930-cu illərdə" adlı statistik kitabında göstərirdi ki, Ermənistanda mövcud olan 2310 kənddən 2000-də əvvəllər azərbaycanlılar yaşamışlar. İndi həmin iki min kəndin adını ermənilər dəyişdiriblər. Bu, 1932-ci ilin məlumatıdır. Sonuncu deportasiyadan - 1988-ci ildən sonra isə ermənilər qədim Oğuz yurdunda, indiki Ermənistanda olan türk toponimlərinin, demək olar ki, 98 faizini dəyişdiriblər.

Faktlar təsdiqləyir ki, 1948-ci ildə Ermənistan SSR-də başlanan növbəti vəhşilik - azərbaycanlıların köçürülmə əməliyyatı qərara görə 1950-ci ilədək davam etdirilməli idi, amma ermənilər onu 1953-cü ilədək, ondan sonra da apardılar. Tarix elmləri doktoru Yaqub Mahmudov yazır: "Qeyri-insani şəraitdə deportasiya olunmuş əhalinin böyük əksəriyyəti yollarda, isti Mil, Muğan düzlərində qırıldı..." Bu, sadəcə köçürülmə əməliyyatı yox, əsl soyqırımı idi.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-24 aprel.- S. 6.