Azərbaycanın neft və geologiya elminə dünya şöhrəti gətirən alim

 

Geologiya elminin inkişafında, Azərbaycanda yeni neft və qaz yataqlarının kəşfində və mənimsənilməsində əvəzolunmaz xidmətləri olan görkəmli alimlərimizdən biri SSRİ dövlət və İ.M.Qubkin adına mükafatların laureatı, ölkəmizin fəxri neftçisi, Türkmənistanın əməkdar elm və texnika xadimi, akademik Əli Əşrəf Əbdül Hüseyn oğlu Əlizadədir. Bu gün onun anadan olmasının 100 ili tamam olur.

Geniş elmi diapazona malik mütəxəssis kimi o, geologiya elminin müxtəlif sahələrində tədqiqatlar aparmış, regional geologiya və geoloji xəritəyəalma, stratiqrafiya, paleontologiya, geokimya və neftin mənşəyi, axtarış-kəşfiyyat işlərinin effektiv istiqamətlərinin geodinamikaya görə əsaslandırılması üzrə dünyamiqyaslı dəyərli elmi nəticələr əldə etmişdir.

Ə.Əlizadənin elmi irsi 400-dən artıq elmi əsərdən, o cümlədən 30 monoqrafiyadan ibarətdir. Onlardan "Azərbaycanın Maykop lay dəstəsi", "Azərbaycanın neft və qaz yataqlarının geologiyası", "Türkmənistanın Ağcagili" (iki cilddə)", "Azərbaycanın Ağcagili", "Azərbaycanın Abşeronu", "Azərbaycanın Sarmati", "Azərbaycan SSR-nin palçıq vulkanları" kimi sanballı əsərləri qeyd etmək olar. Bu nəşrlər nəinki respublikamızda və keçmiş SSRİ-də, eləcə də xarici ölkələrdə elmi ictimaiyyətə yaxşı məlumdur. Həmin əsərlərin bir çoxu türkmən, özbək, polyak, fransız və ingilis dillərinə tərcümə olunmuşdur.

Ə.Əlizadənin elmi axtarışlara olan həvəsi və pedaqoji istedadı gənc yaşlarından özünü büruzə vermişdir. Belə ki, o, hələ orta məktəbdə oxuyarkən əmək fəaliyyətinə başlamış və rus məktəbində Azərbaycan dilindən dərs demişdir. 30-cu illərdə Azərbaycan Neft İnstitutunda (indiki ADNA) təhsilini davam etdirərkən Neft, Sənaye və Qazıma texnikumlarında müəllim kimi çalışmışdır.

İnstitutun yuxarı kurslarında oxuduğu dövrdə müstəqil geoloji tədqiqatlar aparan Ə.Əlizadə o zaman az öyrənilmiş Dəvəçi rayonunun geologiyası və Qaynarca palçıq vulkanının müəyyən olunması haqqında bir sıra elmi məqalələr yazıb çap etdirmiş, 1935-ci ildə əla qiymətlə müdafiə etdiyi diplom işi ixtisas komissiyasının qərarı ilə kitab şəklində çapdan çıxmışdır.

İnstitutu bitirdikdən sonra "Azərneftgeologiya" Trestinin geoloji-kəşfiyyat kontorunda işləyərkən Ə.Əlizadə elmi axtarışlarını davam etdirmiş, Azərbaycanın bir çox bölgələrində geoloji tədqiqatlar aparmışdır. Həmin illərdə o, həm də yeni neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və mənimsənilməsinin fəal iştirakçılarından biri olmuş, buna görə 1943-cü ildə SSRİ dövlət mükafatına layiq görülmüşdür.

1944-cü ildə Azərbaycanda Maykop lay dəstəsinin öyrənilməsinə həsr edilmiş irihəcmli monoqrafiyası elmi ictimaiyyətin böyük marağına səbəb olmuş və bu əsərə görə ona birbaşa geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi verilmişdir. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası yaradılarkən Əli Əşrəf Əlizadə ilk 15 təsisçi həqiqi üzvdən biri idi.

Akademik Ə.Əlizadə yüksək təşkilatçılıq bacarığına malik olduğu üçün geoloji-axtarış kontorunun direktoru vəzifəsindən həmin dövrün ən mühüm postlarından olan Bakı Şəhər Komitəsinin katibi və Azərbaycan KP MK-nın ikinci katibi kimi vəzifələrə irəli çəkilmişdi.

O bu yüksək vəzifələrdə işlədiyi müddətdə də (1942-1946-cı illər) neft sənayesinin problemləri ilə maraqlanmış, elmi fəaliyyətini davam etdirmiş, geologiya elminin müxtəlif istiqamətlərinin inkişafı, yeni neft və qaz yataqlarının kəşfi və mənimsənilməsi yolunda bir alim və təşkilatçı kimi əvəzsiz xidmətlər göstərmişdir.

Məhz yüksək peşəkarlığını və təşkilatçılıq bacarığını nəzərə alaraq İkinci Dünya müharibəsi illərində respublikada neft hasilatında yaranan böhran vəziyyəti aradan qaldırmaq üçün "Azərneft" birliyinə rəhbərlik etmək Ə.Əlizadəyə tapşırılmışdı. Onun başçılığı ilə genişəhatəli bərpa və axtarış-kəşfiyyat işləri aparılmış və nəticədə qısa müddətdə respublikada neft hasilatı yüksəlmişdir.

Akademik o dövrdə neft geologiyasının problemləri ilə yanaşı, mühəndis-texniki məsələlərlə də məşğul olmuş, neft-qaz yataqlarının istismarında texnika və texnologiyanın təkmilləşdirilməsi, yeni üsulların yaradılması istiqamətində tədqiqatlara rəhbərlik etmişdir.

Həmin illərdə görkəmli alimin bir qrup mühəndislə birlikdə ixtira etdiyi kiçikölçülü quyu perforatorlarının tətbiqi məhsuldar obyektlərin sınaq işlərində, quyuların istismarında xeyli vaxta qənaət olunmasına imkan vermişdir. Bu böyük nailiyyətə görə Əli Əşrəf Əlizadə ikinci dəfə SSRİ dövlət mükafatına layiq görülmüşdür.

"Azərneft Kəşfiyyat" birliyinə rəhbərlik etdiyi illər ərzində Əli Əşrəf müəllim məhsuldar əməyi, zəngin təcrübəsi və geniş erudisiyası sayəsində tezliklə axtarış-kəşfiyyat işlərini yeni istiqamətlərə yönəltməklə respublikada təzə neft yataqlarının açılmasına və neft hasilatının artırılmasına nail olmuşdur.

O illərdə bilavasitə onun iştirakı ilə Azərbaycanın quru və dəniz sahələrində Siyəzən, Saadan, Əmirxanlı-Zağlı-Zeyvə, Buzovna-Maştağa, Şabandaq, Qazanbulaq, Kürkan-dəniz, Qaradağ, Qarabağlı, Kürsəngi, Səngəçal-dəniz-Duvannı dəniz-Bulla adası, Muradxanlı kimi iri neft və qaz-kondensat yataqları açılaraq istismara verilmişdir.

1950-1954-cü illərdə Türkmənistanda yaşamağa və işləməyə məcbur olan Ə.Əlizadə orada da geniş elmi-pedaqoji fəaliyyətini davam etdirmiş, SSRİ EA-nın Türkmənistan filialında faydalı qazıntılar bölməsinin rəhbəri kimi geoloji kadrların hazırlanmasında, Türkmənistanın neogen çöküntülərinin öyrənilməsində mühüm nailiyyətlər əldə etmişdir. Apardığı elmi araşdırmaların nəticəsi olan Türkmənistanın Ağcagil çöküntülərinə həsr olunmuş ikicildlik monoqrafiya mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Orada işlədiyi qısa müddət ərzində alim elmi işlə yanaşı, pedaqoji fəaliyyət göstərmişdir. Məhz onun iştirakı ilə Türkmənistan Dövlət Universitetində Geologiya kafedrası açılmış və akademikin rəhbərliyi altında stratiqrafiya, tektonika, neft geologiyası və regional geologiya sahələrində ixtisaslı mütəxəssislər və elmi kadrlar hazırlanmışdır. Bu gün də Türkmənistanda akademik Ə.Əlizadənin geologiya elmlərinin inkişafına göstərdiyi xidmətləri yüksək qiymətləndirilir və adı böyük hörmətlə yad edilir.

1954-cü ildə respublikaya qayıdan Əli Əşrəf Əlizadə yenidən bütün bacarığını və təcrübəsini, milli kadrların yetişdirilməsinə, neft sənayesi və geologiyasının inkişafına səfərbər etmişdir. Ozamankı Azərbaycan Sənaye İnstitutunda Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının professoru kimi geotektonika, çöl geologiyası, struktur geologiyası, neft yataqlarının axtarışı və kəşfiyyatı fənləri üzrə dolğun və maraqlı mühazirələri respublikamızda və onun hüdudlarından çox-çox uzaqlarda elm və istehsalatın müxtəlif sahələrində çalışan yüzlərlə mütəxəssisin yetişdirilməsində mühüm rol oynamışdır.

Əli Əşrəf müəllim ən ümdə vəzifələrdən biri kimi, məhz milli kadrların hazırlanması sahəsində fəal çalışırdı və heç də təsadüfi deyil ki, Azərbaycan dilində texnikum və ali məktəblər üçün ilk geoloji dərsliklərin müəllifləri sırasında onun da adı öndə çəkilir.

Görkəmli alim 1959-cu ildə Azərbaycan Dövlət Neft Sənayesinin Elmi-Tədqiqat Layihə İnstitutunun (AzNSETLİ) direktoru təyin edilmiş, yeni neft sənayesinin elmi-texniki problemlərinin həllinə bilavasitə cəlb olunmuşdur.

O, eyni zamanda, Azərbaycan Mezozoy çöküntülərinin neftli-qazlılığının öyrənilməsi, regional geologiya və neft geologiyası üzrə nəzəri və problem məsələlərin həllinə böyük fikir verirdi. Professor həmçinin Azərbaycanın dərinlik quruluşunun, Ağcagil, Abşeron və Sarmat mərtəbələrinin fauna və stratiqrafiyasının, Xəzər dənizinin müasir və Dördüncü dövr çöküntülərində üzvi maddələrin toplanması və dəyişilməsi problemləri ilə ətraflı məşğul olurdu.

Həmin illərdə Ə.Əlizadə yataqların işlənməsi və istismarının elmi əsaslarının yaradılmasında fəal iştirak edirdi. Tükənmiş neft yataqlarında qalıq ehtiyatlarının hasil edilməsi məqsədilə şaxta üsulunun tətbiqinin təşəbbüskarlarından biri də məhz Əli Əşrəf müəllim olmuşdur.

Ömrünün son illərində Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda geodinamika laboratoriyasının və geotektonika bölməsinin rəhbəri olan akademik litosferdə geoloji-geofizika proseslərinin öyrənilməsi, regional geologiya, tektonika və seysmotexnikanın fundamental problemlərinin işlənməsi məsələləri ilə əlaqədar geniş əhatəli tədqiqatlar aparmış, bu istiqamətdə əhəmiyyətli elmi nəticələr əldə etmişdir.

Azərbaycanda, Türkmənistanda, keçmiş SSRİ-nin bir çox bölgələrində, Afrika və Asiyada onun hazırladığı mütəxəssislər elm və istehsalatda indi də uğurla çalışırlar.

Ümumiyyətlə, Ə.Əlizadə Azərbaycanın neft və geologiya elminə dünya şöhrəti gətirən alimlərimizdən olmuşdur. Dəfələrlə müxtəlif ölkələrdə beynəlxalq konfrans və simpoziumlarda, konqreslərdə dəyərli məruzələrlə çıxışlar edən Əli Əşrəf müəllim Azərbaycan elminin təbliği və respublikamızın yüksək səviyyədə tanınmasında əvəzsiz xidmətlər göstərmişdir.

Beynəlxalq elmi ictimaiyyət tərəfindən məşhur alim kimi tanınan akademik Ə.Əlizadə müxtəlif mötəbər beynəlxalq və ümumittifaq konqres, elmi-texniki şura və komitələrin üzvü seçilmişdir.

Böyük enerjiyə malik həssas və qayğıkeş insan, bütün qüvvəsini və biliyini Azərbaycanda geologiya elminin inkişafına, elmi kadrların və mütəxəssislərin yetişdirilməsinə həsr etmiş alim, istedadlı müəllim Əli Əşrəf Əlizadə bu gün də ehtiramla xatırlanır, hörmətlə yad edilir.

 

 

Akif ƏLİZADƏ,

AMEA-nın vitse-prezidenti,

Geologiya İnstitutunun

direktoru, akademik

 

Azərbaycan.- 2011. - 24 aprel.- S. 7.