Gənclərə qayğı siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur

 

Gənclik hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqədir. Müasir dövrdə gənclər və idman sahəsində qazanılan uğurlar dövlətlərin ümumi inkişaf səviyyəsini, iqtisadi-siyasi potensialını müəyyənləşdirən vacib meyarlardan sayılır. Bu reallığı ilk gündən düzgün dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev gənclərə hər zaman malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış etmiş, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşmışdır. Dövlət başçısı İlham Əliyevin bu sahədə həyata keçirdiyi çoxşaxəli tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası hələ ötən əsrin 70-80-ci illərində qoyulmuş gənclər və idman siyasətinin məntiqi davamı kimi diqqətəlayiqdir.

Son 8 ildə Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizdə uğurla davam etdirilən gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Cənab İlham Əliyev hələ 2007-ci ilin fevralında Gənclər Günü ilə əlaqədar bu zümrənin təmsilçiləri ilə görüşündə demişdir: "Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki gələcəkdə ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr yaşayır, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafı üçün, Azərbaycan xalqının rifah halının yüksəldilməsi üçün hər bir vətəndaş, hər bir insan öz əməyini göstərməlidir. İndiki gənclər müstəqillik dövründə formalaşırlar. Bu, böyük xoşbəxtlikdir, böyük səadətdir.EGənclərdən bir şey tələb olunur ki, onlar yaxşı oxusunlar, bilikli, savadlı olsunlar, öz Vətəninə sadiq olsunlar və özlərinin fəaliyyəti ilə bu gün və gələcəkdə ölkəmizin inkişafına xidmət göstərsinlər".

Azərbaycan Prezidenti İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə hələ 30 avqust 2005-ci il tarixdə "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsbiq edilməsi haqqında" sərəncam imzalamışdır. Sözügedən sərəncam mühüm sənəd olmaqla, gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət etmişdir. Sərəncamda Azərbaycanda gənclər sahəsində dövlət siyasətinin başlıca istiqamətləri açıqlanmış, habelə bu təbəqəyə diqqətin artırılması üçün konkret tədbirlərin hazırlanması və maliyyələşdirilməsi Nazirlər Kabinetinə həvalə olunmuşdur. Yeniyetmə və gənclərin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin daha da gücləndirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə kömək göstərilməsi, sosial problemlərinin həlli, o cümlədən yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, onların mənzil şəraitinin yaxşılaşdırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması və bu kimi məsələlər Dövlət Proqramında əksini tapmışdır.

Azərbaycanda gənclər siyasətinin daha dolğun və hərtərəfli təşkili üçün Prezident İlham Əliyev 2006-cı ildə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında sərəncam imzalamışdır. Bütün bunların müqabilində Azərbaycan gəncliyinin təşkilatlanması, milli maraq və mənafelərin təminatı baxımından öz gücünü və potensialını səfərbər etməsi prosesi son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Dövlət və xalqı qarşısında məsuliyyətini dərk edən Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi iştirak edir və öz sözünü deyir. Gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük inamla irəliləyir, ölkəmizin zəngin mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. İctimai-siyasi proseslərdə fəal iştirak edən Azərbaycan gəncliyi müstəqil dövlətçilik ənənələrini uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edir.

Gənc nəslə qayğı siyasətini davam etdirən dövlət başçısı İlham Əliyevin 2011-ci il 6 aprel tarixli "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında" sərəncamı da bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Sərəncam gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi daşıyır. Sənədə əsasən, Azərbaycan Respublikası Prezidenti Administrasiyası "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı layihəsinin hazırlanması üçün müvafiq dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qrupunun yaradılmasını təmin etməlidir. Eyni zamanda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının layihəsi iki ay müddətində hazırlanaraq Azərbaycan Prezidentinə təqdim olunmalıdır.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif sahələrdə uğur qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul etməsi gəncliyə qayğı siyasətinin mühüm tərkib hissəsidir. Dövlət başçısı görüşdə son illər gənclər siyasəti sahəsində görülən işlərdən danışmış, eyni zamanda bu fəal sosial zümrənin qayğı və problemlərinin həlli üçün əlavə tədbirlərin həyata keçirilməsi vacibliyindən söz açmışdır. Cənab İlham Əliyevin gənclərin mənzil probleminin həlli üçün ipoteka kreditləşməsinin genişlənəcəyini bildirməsi də görüşün ən yaddaqalan məqamlarındandır.

İnkişaf etmiş bir çox Qərb dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış ipoteka sistemi əhəmiyyətinə görə mühüm layihələrdən sayılır. Əksər dövlətlərdə bankların likvidlik problemi ilə üzləşdiyi, iqtisadiyyatın dərin böhran keçirdiyi, vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşdüyü 2009-2010-cu illərdə Azərbaycanda ipoteka kreditləşməsinin uğurla davam etdirilməsi ölkənin iqtisadi qüdrətini nümayiş etdirməklə yanaşı, fəal antiböhran tədbirlərinin tərkib hissəsi kimi diqqəti çəkir. "Gənclərin yaşayış problemlərinin həlli üçün, şübhəsiz, daha da ciddi addımlar atılmalıdır. Son illərdə Azərbaycanda ipoteka kreditləşməsi məsələləri həll olunmağa başlanmışdır. Ancaq deyə bilərəm ki, bu təşəbbüs hələ ibtidai səviyyədədir. Biz elə etməliyik ki, həm güzəştli şərtlər daha da məqbul olsun, həm də ipoteka layihəsinin əhatə dairəsi genişlənsin. Bu, gənclər üçün yaxşı imkanın yaradılmasına xidmət göstərəcəkdir. Əlbəttə, bu məsələ də öz həllini tapmalıdır və yenə də deyirəm, konkret təkliflər irəli sürülməlidir" - deyə dövlət başçısı bildirmişdir.

Dövlət başçısı gənclərlə görüşdə bu təbəqənin peşə hazırlığı məsələsinə də xüsusi diqqət ayırmış, peşəkar kadr hazırlığı istiqamətində əlavə tədbirlərin həyata keçiriləcəyini bəyan etmişdir. Ötən illərdə cənab İlham Əliyev gənclərin elmi-intellektual səviyyəsinin yüksəlməsinə, respublikanın gələcəyi baxımından vacib olan intellektual kadr potensialının formalaşdırılmasına xüsusi diqqətlə yanaşmışdır. Prezident İlham Əliyev qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir. Bunda məqsəd, şübhəsiz, bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycan üçün yüksək səviyyəli kadrların hazırlanmasıdır. Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il tarixdə imzaladığı "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı" əsasında hər il istedadlı gənclərin xarici ölkələrdə təhsil almaları təmin edilir.

Dövlət başçısı gənclərlə bu günlərdə keçirdiyi görüşdə bu məsələyə bir daha toxunmuş, müasir menecerlər sinfinin formalaşması vacibliyini diqqətə çəkmişdir: "Gənclərin peşə hazırlığı ilə bağlı məsələlər çox aktualdır. Xüsusilə ölkəmizin indiki inkişaf dinamikası bunu tələb edir. Bizim qarşımızda duran ən ciddi məsələlərdən biri peşəkar kadrların hazırlanmasıdır. Çünki bizim artan iqtisadi potensialımız, yeni yaradılan sənaye müəssisələrimiz peşəkar kadrlar tələb edir. Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, orada peşəkar kadrlar, menecerlər elə hazırlanır ki, onlar istənilən sahədə işləyə bilərlər. Bizdə də elə olmalıdır. Misal üçün, böyük, transmilli şirkətlərin başında duran insanlar bir gün neft şirkətinin prezidenti vəzifəsində işləyirlər, sonra İKT şirkətinə cəlb olunurlar, ondan sonra inşaat şirkətinə rəhbərlik edirlər. Yəni bizdə də hazırlıq səviyyəsi elə olmalıdır ki, menecerlər istənilən sahədə çalışa bilsinlər".

Prezident İlham Əliyev gənclərlə görüşdə bu təbəqənin istedadlı nümayəndələrini maraqlandıran bəzi məsələlərə də aydınlıq gətirmiş, eyni zamanda onlara dəyərli tapşırıq və tövsiyələrini vermişdir. Ümumilikdə, belə görüşlərin keçirilməsi gənclərin ictimai həyatdakı rolunun artırılması, onların fəal sosial zümrə kimi təşkilatlanması baxımından mühüm əhəmiyyətə malikdir. Cəmiyyətin fəal, kreativ, enerjili, təşəbbüskar təbəqəsi olan gənclərin sağlam məqsədlər naminə birləşməsi, "çəkici bir nöqtəyə vurması" ilk növbədə, ölkənin inkişafına xidmət edir.

Azərbaycan Prezidentinin əsas məqsədi, qayğısı yüksək intellektə malik olan, geniş dünyagörüşlü və innovasiyalara maraq göstərən gəncliyin formalaşdırılmasıdır. Prezident Administrasiyasında keçirilən görüş deməyə əsas verir ki, Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Müasir gənclik inanır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar Azərbaycanın ən inkişaf etmiş qüdrətli dövlətlərdən birinə çevrilməsi ilə nəticələnəcəkdir.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2011.-26 aprel.- S. 2.