ABŞ Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir

 

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, aprelin 25-də nazir Elmar Məmmədyarov ABŞ-ın dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri Tina Kaydanov ilə görüşmüşdür.

Görüşdə T.Kaydanov ABŞ-ın Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini, Birləşmiş Ştatların ölkəmizlə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulamışdır. O, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını istədiyini, bu istiqamətdə öz töhfəsini verməyə hazır olduğunu qeyd etmişdir. Müşavir ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət irəliləyişin əldə edilməsinə tərəfdar olduğunu bildirmişdir.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi çərçivəsində aprelin 22-də Moskvada, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünün keçirildiyini qeyd etmişdir. Nazir mövcud "status-kvo"nun saxlanılmasını yolverilməz kimi qiymətləndirmişdir.

Regionda davamlı sülhün və sabitliyin bərqərar olması üçün kommunikasiyaların bərpa edilməsi vacibliyini vurğulayan E.Məmmədyarov bunun üçün Azərbaycanın işğal altındakı ərazilərindən Ermənistanın silahlı qüvvələrinin çıxarılmasının əsas şərt olduğunu demişdir.

Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-26 aprel.- S. 2.