Ülyahəzrətləri Haya Bint Əl Hüseyn İçərişəhərlə tanış olmuşdur

 

Azərbaycanda səfərdə olan Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Ülyahəzrətləri Haya Bint Əl Hüseyn İçərişəhəri gəzmişdir.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAc-a bildirmişlər ki, qonağın İçərişəhərdə gəzintisi YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş, ölkəmizin ən möhtəşəm abidələrindən olan, bir neçə minillik tarixə malik Qız qalası ilə tanışlıqla başlamışdır. Bu abidənin yaxınlığındakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş ekspozisiyanın yenidən təşkili işləri qonağın marağına səbəb olmuşdur.

Qoşa qala meydanı ilə tanışlıq zamanı qonağa meydan və burada yerləşən qədim binaların tarixi barədə məlumat verilmişdir.

Gəzinti zamanı qonaq həmçinin milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq edilmişdir. İçərişəhərlə tanışlıq Azərbaycan xalqının mədəni irsinin incisi, dünya əhəmiyyətli tarixi abidə olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə davam etmiş və Beynəlxalq Atçılıq Federasiyasının prezidentinə kompleksə daxil olan abidələrin hər birinin memarlıq xüsusiyyətləri haqqında informasiya verilmişdir.

Ülyahəzrətləri Haya Bint Əl Hüseyn Məhəmməd Məscidinə gəlmiş və burada ötən il yekunlaşmış muzey-konservasiya işləri ilə tanış olmuşdur.

Qonaq "Kiçik Karvansara" abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət Bağı"ında olmuş və İçərişəhərin Fəxri qonaqlar kitabında öz ürək sözlərini qeyd etmişdir.

 

 

Azərbaycan.- 2011.-26 aprel.- S. 3.