Danimarka azərbaycanlıları Fariz Bədəlovun öldürülməsi ilə bağlı etiraz aksiyası keçirmişlər

 

Ağdamın Orta Qərvənd kənd sakini, 9 yaşlı Fariz Bədəlovun Ermənistan silahlı qüvvələrinin snayperi tərəfindən qətlə yetirilməsi ilə bağlı aprelin 23-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində etiraz aksiyası keçirilmişdir.

Danimarka Azərbaycan Gənclər Təşkilatının təşkil etdiyi nümayişdə Azərbaycan Türk Qadınlar Birliyinin nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar, yerli və türk gənclər iştirak etmişlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, nümayiş iştirakçıları Kopenhagenin mərkəzi meydanı Rodhuspladsda toplaşmış, buradan Fariz Bədəlovun qətlini və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən şüarlarla parlamentin binasına doğru yürüş keçirmişlər. Nümayişçilər qarşılaşdıqları adamlara 9 yaşlı Fariz Bədəlovun şəkillərini və qətl hadisəsi barədə məlumat yazılmış vərəqlər paylamışlar.

Danimarka parlamentinin binası qarşısında etiraz plakatları nümayiş etdirilmiş, erməni işğalına və azərbaycanlıların soyqırımına son qoyulmasını tələb edən şüarlar səsləndirilmişdir.

Yeri gəlmişkən, bu nümayiş ermənilərin qondarma soyqırımı ilə bağlı eyni məkanda aksiya keçirmək niyyətlərini qabaqlamışdır.

Nümayişin sonunda Danimarka Azərbaycan Gənclər Təşkilatının həmsədrləri Emil Elxan və Kasper Sorensen iştirakçıların Azərbaycan və Danimarka dilində hazırladıqları bəyanatı oxumuş, sənəd parlamentə təqdim olunmuşdur.

Danimarka Azərbaycan Gənclər Təşkilatı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına, azərbaycanlıların soyqırımına etiraz əlaməti olaraq gələcəkdə də müxtəlif kütləvi aksiyaların keçirilməsində israrlı olduğunu bildirmiş, dünya azərbaycanlılarını bu mübarizədə fəal və qətiyyətli olmağa çağırmışdır.

 

 

Azərbaycan.- 2011.-26 aprel.- S. 3.