Qondarma "erməni soyqırımı" xarici mətbuatda

 

Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovun Türkiyənin "Star" qəzetində qondarma "erməni soyqırımı" iddialarını ifşa edən "Soyqırımı dükanı nə zaman bağlanacaq?" başlıqlı məqaləsi dərc olunmuşdur.

Məqalədə vurğulanır ki, erməni diasporu "soyqırımı" məsələsinin tarixçilərə həvalə olunmasını istəmir. Çünki onlar "soyqırımı" dükanının bağlanmasını istəmirlər. Bu diaspor dünyada bənzəri olmayan bir fəaliyyətə imza atmışdır. Əslində, diasporlar ölkələrin və xalqların maraqlarına xidmət etdiyi halda erməni lobbisi dövləti özünə tabe etdirmiş və dövlət ona xidmət edir. Ermənistan dövlətini öz çirkin məqsədləri üçün bir alətə çevirən bu lobbi ermənilərə zərər verir, saxta "soyqırımı" iddiaları isə erməni xalqının çiyinlərində ağır bir yük olmuşdur. Bu saxta iddiaları gündəmə gətirən Qərb ölkələri parlamentlərinin yaxın tariximizdə baş vermiş Xocalı soyqırımından bəhs etməmələri isə "ikili standartdan" başqa bir şey deyildir. Erməni lobbisi və onun havadarları Türkiyədən təzminat qoparacaqları ümidi ilə bu iddiaları bir "festivala" çevirmişlər.

Müəllif onu da xatırladır ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməsi regionda sabitliyin bərqərar olmasına əngəl törədir. Bu təcavüzkar siyasətin nəticəsində Ermənistan bütün regional və beynəlxalq layihələrdən kənarda qalmış, əhalisinin sayı 1991-ci ildəki 3 milyon 600 mindən 2 milyon 100 minə düşmüşdür. Ağır iqtisadi vəziyyətə düşmüş Ermənistan vətəndaşlarının digər ölkələrə köçü davam edir. Digər tərəfdən, Ermənistanın separatçı fəaliyyətləri Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı nəticəsində bölgədə yaranacaq sabitliyi də əngəlləyir.

 

***

 

Tehranda nəşr olunan "Şərq" qəzeti özünün həftəlik buraxılışında qondarma "erməni soyqırımı"na geniş yer ayırmış, Azərbaycan, Türkiyə və Ermənistan səfirlərinin müsahibələrini, 1915-ci il hadisələri və Dağlıq Qarabağ münaqişəsi barədə yerli təhlilçilərin rəylərini dərc etmişdir.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, "erməni soyqırımı"na ənənəvi olaraq geniş yer ayıran İran mətbuatı ilk dəfə bu məsələdə Azərbaycanın və Türkiyənin mövqeyinə dair yazıları da dərc etmişdir.

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov müsahibəsini konkret faktlar üzərində qurmuş, yerli mətbuatda qondarma "erməni soyqırımı"na yer ayrıldığını, lakin ermənilərin müsəlmanlara qarşı etdikləri vəhşiliklərə toxunulmadığını, Xocalıda törədilmiş soyqırımından bəhs edilmədiyini təəssüflə bildirmişdir. Birinci Dünya müharibəsi illərində yüz minlərlə türk və azərbaycanlının ermənilər tərəfindən qətlə yetirilməsi faktına göz yumulduğunu bildirən səfir C.Axundov qədim Azərbaycan torpaqlarında bolşeviklər tərəfindən Ermənistan dövlətinin yaradıldığını vurğulamış, erməni hərbi birləşmələri tərəfindən Bakı, Şamaxı, Gəncə və Qubada 52 min, İranda azərbaycanlılar yaşayan qədim Urmiyə, Xoy, Salmas və digər şəhərlərdə isə 120 min günahsız insanın öldürüldüyünü diqqətə çatdırmışdır.

Azərbaycan səfiri ermənilərin başqa yerlərdən, o cümlədən Marağadan Dağlıq Qarabağa köçürülmələrindən danışmış, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi şərəfinə ucaldılmış abidənin uçurulduğunu qeyd etmiş, tarixi faktlara söykənmədən "erməni soyqırımı"nı iddia edənlərin Osmanlı imperiyasının o zaman üzləşdiyi tarixi reallıqları nəzərə almadan fikir yürütmələrinin əsassız olduğunu bildirmişdir. Müsahibədə həmişə ermənilərin tarixi faktları saxtalaşdırmaqda mahir olduqları, alban abidələrini özününküləşdirdikləri, coğrafi adları dəyişdirdikləri qeyd edilmiş, alban ortodoks kilsəsinin məhz 1836-cı ildə rus çarının fərmanı ilə ləğv edildiyi, indiki Ermənistan dövlətinin ərazisində yaşayan əhalinin 80-85 faizinin müsəlman olduğu diqqətə çatdırılmışdır.

Səfir müsahibəsində ermənilərin XX əsrin sonlarında Xocalıda törətdikləri vəhşiliklərin insanlığa yaraşmayan qəddarlıq olduğunu, dünyanın heç bir yerində belə vəhşilik törədilmədiyini bildirmişdir.

Uydurma "erməni soyqırımı"na həmişə səxavətlə yer ayıran İran mətbuatının qarşı tərəfin mövqeyini dərc etməsini müsbət hal kimi dəyərləndirən səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunun Ermənistan hərbi birləşmələrinin işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasında, BMT və Avropa Şurasının qətnamələrinin yerinə yetirilməsində, beynəlxalq hüquq normalarına riayət edilməsi olduğunu bildirmişdir. Azərbaycan torpaqlarının işğal altında saxlanılması davam etdirildiyi təqdirdə Ermənistanda heç bir siyasi sabitliyin və iqtisadi inkişafın olmayacağını qeyd edən səfir Ermənistanın yeganə çıxış yolunun Azərbaycan torpaqlarını qeyri-şərtsiz boşaltması olduğunu bildirmiş, hələlik danışıqlar prosesinə üstünlük verən Azərbaycanın öz hərbi qüdrətini artırdığını, lazım gələrsə, hərbi yolla torpaqlarımızı azad edəcəyimizi diqqətə çatdırmışdır.

Ermənistanın İrandakı səfiri Qriqor Arakelyan isə heç bir tarixi faktlar gətirmədən, heç bir sənədə əsaslanmadan uzun illər boyu ermənilərin söylədiklərini təkrar etmiş, guya ötən əsrin əvvəllərində milyon yarımdan çox erməninin öldürüldüyünü, öz "tarixi vətənlərindən" qovulduğunu demiş, Dağlıq Qarabağda yaşayan ermənilərin öz dövlətlərini yaratmaq, Ermənistanla bir yerdə və ya müstəqil yaşamaq hüquqlarının olduğunu bildirmişdir. Qarabağda 200 min erməni yaşayır deyən səfir, müxbirin "bu sayda erməninin dövlət yaratmasına necə baxırsınız" sualının cavabında nala-mıxa vurmuş, ermənilərə xas olan həyasızlıqla sonradan əhalinin sayının çoxaldılacağını, dünyanın bir çox yerlərində yaşayan ermənilərin buraya köçürüləcəyini bildirmiş, belə olan təqdirdə keçmiş sovet məkanındakı digər muxtar respublika və vilayətlərin öz dövlətlərini yaratmasının mümkünlüyünün üstündən isə sükutla keçmişdir. "Türkiyənin "erməni soyqırımı"nı tanıdığı təqdirdə onlara qarşı təzminat irəli sürüləcəkmi" sualına cavab verən səfir bildirmişdir ki, onun dövləti hələlik soyqırımının tanınmasına çalışır, təzminat məsələsi isə sonrakı məsələdir.

Türkiyənin İrandakı səfiri Ümid Yardım 1915-ci ildə ölkəsində baş vermiş olayların təhlilinin siyasətçilər tərəfindən deyil, tarixçilər tərəfindən araşdırılmalı olduğunu qeyd etmiş, rəsmi Ankaranın öz arxivlərini açmağa hazır olduğunu bildirmişdir. Rəsmi Yerevanın arxivlərin açılması məsələsinə soyuq yanaşmasının arxasında qaranlıq məqamların olduğunu qeyd edən səfir, bunun səbəbini arxivlər açılarsa, erməni tarixçilərinin bir çox mətləblərin işıq üzü görəcəyindən qorxmaları ilə əlaqələndirmişdir. Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına bir çox amillərin, o cümlədən Ermənistan konstitusiyasında Türkiyəyə qarşı yer almış maddələrin mane olduğunu qeyd edən səfir Sürix protokolunun Ermənistan tərəfindən yerinə yetirilmədiyinə işarə etmişdir.

İranlı təhlilçilər isə onlarda formalaşmış çərçivədən kənara çıxa bilməmiş, ermənipərəst mövqelərindən çıxış edərək 1915-ci il hadisələrinin, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərini qəsdən və ya bilməyərəkdən səhv yönümdə izah etmişlər. Özünü beynəlxalq təhlilçi kimi qələmə verənlər bunun səbəblərini min illər bundan əvvəl baş vermiş hadisələrdə axtarmış, qədim parfiyalılarla bir kökdən olan ermənilərin Ermənistan adlı dövlət yaratmaq uğrunda bu ərazilərə qonaq gəlmiş türklərlə əsrlər boyu apardıqları mübarizənin nəticəsi kimi qələmə vermişlər. Ermənistanı "Osmanlı türkləri ilə heç bir əlaqəsi olmayan digər türk tayfaları" arasında sədd kimi qələmə verən təhlilçi bir qədər də irəli gedərək hətta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını belə "göstərməkdən" çəkinməmişdir.

 

 

Azərbaycan.- 2011.-26 aprel.- S. 10.