Azərbaycanda gender siyasəti uğurla həyata keçirilir

 

Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Neftçala rayonunda keçirdiyi "dəyirmi masa"da bu məsələ geniş müzakirə edilmişdir

 

Ölkə qanunvericiliyində son zamanlar gender siyasəti və qadın haqları sahəsində bir sıra mühüm sənədlər qəbul edilmişdir. AHİK-in Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin rəhbəri, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova "Azərbaycanda gender siyasəti və cəmiyyətdə qadının rolu" mövzusuna toxunaraq bildirmişdir ki, qanunvericilikdə qadın hüquqları sahəsində mövcud problemlər, qadınların idarəetmədə və seçki orqanlarında fəal iştirakı, onların mükəmməl təhsili, erkən nikahların yolverilməzliyi, sahibkar qadınların kreditlər əldə etmək imkanı, əmək hüquqları və fəaliyyətləri üçün normal şəraitin yaradılması, eləcə də qadınların sağlamlıq hüquqlarının müdafiəsinin zəruriliyi əsas götürülmüşdür. Xatırladaq ki, Azərbaycan BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması haqqında Konvensiyasına 1995-ci ildə qoşulmuşdur. Azərbaycan sivil və demokratik ölkə olmasına baxmayaraq, xalqımız öz adət-ənənəsinə çox bağlıdır. Bu xüsusiyyətə əsaslanaraq ölkədə gender bərabərliyinə, cəmiyyətdə qadınlara təlqin edilən sosial normalara qanunvericiliyimizdə mühüm yer ayrılmışdır.

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi Gender Bərabərliyi və Qadın Problemləri üzrə Komissiyasının sədri Arifə Zülfüqarovanın, Neftçala Rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin müdiri Ədalət Hüseynovun, MİMHİ Respublika Komitəsinin komissiya üzvü Səidə Əliyevanın, MİMHİ-nin Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul və Şirvan rayon komitələri sədrlərinin çıxışlarında Azərbaycan qadınlarının cəmiyyətin inkişafında, gənclərin vətənpərvərlik tərbiyəsindəki rolundan danışılmış, həmkarlar ittifaqlarının qadın problemlərinin həllində mühüm yer tutduğu vurğulanmış, ölkədə gender siyasətinin gücləndirilməsi zəruriyyəti önə çəkilmişdir.

"Dəyirmi masa"da adıçəkilən problemlə bağlı qarşıda duran mühüm vəzifələrdən, həyata keçiriləcək tədbirlərdən geniş danışılmışdır.

 

 

Azərbaycan.- 2011.-26 aprel.- S. 11.