ABŞ Azərbaycanın qlobal enerji təhlükəsizliyində artan rolunu, regional və beynəlxalq sabitliyin təmin olunmasında iştirakını yüksək qiymətləndirir

 

Aprelin 28-də xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Pensilvaniya ştatından respublikaçı, Konqresin Silahlı Qüvvələr və Nəqliyyat komitələrinin üzvü, Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill Şusterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə qonaqlar ölkələrimiz arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluqlarını ifadə etmiş və Azərbaycanın ABŞ-ın müttəfiqi kimi mühüm rolunu vurğulamışlar. Azərbaycanın beynəlxalq terrorizmlə mübarizəyə verdiyi töhfə və dəstək, ölkəmizin qlobal enerji təhlükəsizliyində artan rolu, regional və beynəlxalq sabitliyin təmin olunmasında iştirakı yüksək qiymətləndirilmişdir.

E.Məmmədyarov ABŞ Konqresində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə dolğun və dəqiq məlumatların yayılmasının əhəmiyyətini vurğulamışdır. Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin, regionda sülhün və sabitliyin təmin olunması üçün işğalçı qüvvələrin Azərbaycanın ərazilərindən çıxarılmasının, Azərbaycanın ərazi bütövlüyünün bərpasının, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının vacibliyini qeyd etmişdir.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri, həmçinin ölkəmizdə və bölgədə cərəyan edən proseslər barədə ətraflı məlumat vermiş, Cənubi Qafqazın inkişafında və regional əməkdaşlığın genişləndirilməsində ölkəmizin rolunu vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-29 aprel.- S. 4.