Qarşılıqlı səfərlər ikitərəfli əlaqələrimizin dərinləşməsinə və genişlənməsinə xidmət edir

 

ABŞ-ın Pensilvaniya ştatından respublikaçı, Konqresin Silahlı Qüvvələr və Nəqliyyat komitələrinin üzvü, Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill Şuster aprelin 28-də Milli Məclisdə jurnalistlər üçün brifinq keçirmişdir.

Bill Şuster demişdir: "Biz Azərbaycanla malik olduğumuz yüksək səviyyəli güclü dostluq, tərəfdaşlıq və müttəfiqlik barəsində konqresdəkilərin məlumatlarını artırmaqdan ötrü Konqresmenlərdən ibarət geniş nümayəndə heyəti ilə Bakıya gəlmişik. Keçirdiyimiz görüşlərdə ortaq maraqlardan irəli gələn bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparmışıq. Biz Azərbaycanla olan strateji tərəfdaşlığımızı, USAİD təşkilatı ilə birgə həyata keçirilən layihələri, Azərbaycanın Əfqanıstan, Kosovo və İraqdakı fəaliyyətini, eləcə də Qərbə inteqrasiyasını və enerji təhlükəsizliyinin təmin olunmasındakı fəaliyyətini yüksək qiymətləndiririk. Qeyd etməliyəm ki, münasibətlərimizin inkişafında qarşılıqlı mübadilə səfərləri mühüm əhəmiyyət kəsb edir. Bu səfərlər həm əlaqələrimizin dərinləşməsinə və gücləndirilməsinə, həm də dünyanın bir çox yerlərində və burada da birgə gördüyümüz uğurlu işlər, eləcə də qarşılıqlı fəaliyyətimiz barəsində məlumatların artırılmasına kömək edir".

Konqresmen Dağlıq Qarabağ münaqişəsi barəsində də müzakirələr apardıqlarını, problemin sülh yolu ilə həllinə tərəfdar olduqlarını və bu istiqamətdə Minsk qrupunun fəaliyyətini dəstəklədiklərini bildirmişdir.

ABŞ-Azərbaycan əlaqələrinin perspektivlərini yüksək qiymətləndirən konqresmen demişdir ki, bölüşdüyümüz bir sıra ortaq maraqlarımız vardır. Xüsusilə qeyd etmək istərdim ki, məlum 11 sentyabr hadisələrindən sonra Azərbaycan öz mövqeyini bəyan edən və Birləşmiş Ştatlara dəstək göstərən ilk ölkələrdən olmuşdur. İndi də Azərbaycan terrorizmə qarşı mübarizədə Əfqanıstanda və İraqda bizimlə birlikdədir. Biz enerji təhlükəsizliyi sahəsində də birgə fəaliyyət göstəririk, faydalı əməkdaşlıq edirik və bunun davam etdirilməsində maraqlıyıq.

Azərbaycanın demokratik inkişafına münasibət bildirən Bill Şuster demişdir: "Şəffaflıq və demokratik təsisatların yaradılması və gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. ABŞ çalışır ki, demokratik təsisatların mövcud olduğu ölkələrlə əməkdaşlıq əlaqələri qursun. Hesab edirəm ki, demokratiyanın və şəffaflığın inkişafı üçün xeyli vaxt lazımdır. Heç bir şeyi qısa müddətdə əldə etmək olmur. ABŞ-da bu məsələlər öz həllini 230 il ərzində tapmışdır. Azərbaycan isə cəmi 20 illik müstəqil dövlətçilik tarixi olan bir ölkədir və hesab edirəm ki, sizin ölkənizdə də bu məsələ öz həllini tapacaqdır".

 

 

Azərbaycan.- 2011.-29 aprel.- S. 4.