Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarının maddi-texniki bazasının daha da gücləndirilməsini və mövcud kitabxana fondlarının müasir tələblər səviyyəsində qurulmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasının yeni binasının 2011-2013-cü illərdə "Akademiya şəhərciyi" ərazisində (Hüseyn Cavid prospekti, 31) tikilməsi təmin olunsun.

2. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə "Xəzər Elmi-Tədqiqat Mərkəzi"nin yaradılması ilə bağlı təklifləri iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti neft-kimya yönümlü institutların zəruri avadanlıqlarla təchiz edilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya şəhərciyi" ərazisində yerləşən Fizika və Geologiya institutlarının, eləcə də Sumqayıt şəhərində yerləşən Polimer Materialları İnstitutunun binalarının əsaslı təmiri 2011-2012-ci illərdə həyata keçirilsin.

5. Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya şəhərciyi" ərazisindəki qeyri-akademik qurumların köçürülməsini təmin etsinlər.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 aprel 2011-ci il

 

Azərbaycan.- 2011.-30 aprel.- S. 2.