Kürdəmirdə ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş "Kitab bayramı" keçirilmişdir

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar tədbirlər çərçivəsində Kürdəmir rayonunun Carlı kəndində "Kitab bayramı" keçirilmişdir.

YAP Kürdəmir rayon təşkilatının, rayon mədəniyyət və turizm şöbəsinin birgə təşkilatçılığı ilə kənd məktəbində keçirilən tədbirdə rayon ziyalıları, gənclər, çoxsaylı oxucular, kitabxana işçiləri və məktəblilər iştirak etmişlər.

"Kitab bayramı"nda YAP rayon təşkilatının sədri Ağəli Kərimli çıxış edərək ulu öndər Heydər Əliyevin son dərəcə zəngin olan həyat və fəaliyyətinin, siyasi irsinin öyrənilməsində, təbliğində və gələcək nəsillərə çatdırılmasında kitabın xüsusi önəm kəsb etdiyini söyləmiş, son illər bununla əlaqədar çap olunmuş nəşrlər barədə danışmışdır. Kitabın bilik mənbəyi olduğunu dilə gətirən natiq müasir gənclik üçün bu bilik mənbəyinin vacibliyini vurğulamışdır. Qeyd etmişdir ki, bu, yeniyetmə və gənclərin dahi öndər Heydər Əliyevin irsini öyrənməklə, azərbaycançılıq ideologiyası ruhunda böyümələrində xüsusilə vacibdir. Hər bir azərbaycanlının ölkəmiz, onun qəhrəmanlıq tarixi, zəngin mədəniyyəti, uzaq və yaxın keçmişi barədə məlumat əldə etməyə böyük ehtiyacı var.

Tədbirdə Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamının böyük əhəmiyyətindən də söz açılmışdır.

Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Vaqif Alıyev, əməkdar müəllim Gülməmməd Eyvazov və başqaları çıxış etmiş, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş yeni nəşrlər barədə danışmışlar.

"Kitab bayramı"nda məktəblilər ulu öndərə həsr edilmiş şeirlər söyləmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-30 aprel.- S. 2.