Sosial sabitlikdən sosial rifaha

 

"Bizim düşünülmüş siyasətimiz, iqtisadi potensialımız, güclü sosial siyasətimiz vardır. Bütün siyasətimizin başında Azərbaycan vətəndaşı dayanır."

 

İlham Əliyev

 

Sosial siyasətin tarixi və nəzəri aspektləri

 

"Sosial siyasət" termininin yaranma tarixi çox da qədim deyil. Bununla belə, bəşər tarixi boyunca cəmiyyətin bütün inkişaf mərhələlərində, formasiyalarında sosial müdafiə və sosial ədalətin bu və ya digər formaları işlənib hazırlanmış və dövlət quruculuğunda onun hər dövrə uyğun modelləri mövcud olmuşdur. Bu modellərin təməlində əxlaq və dinin formalaşdırdığı, adət-ənənələrlə təsbitlənmiş təsəvvür və anlayışlar dururdu.

Vətəndaş-cəmiyyət, cəmiyyət-hakimiyyət münasibətlərin müxtəlif dövrlərdə formasını dəyişsə də, məzmun etibarı ilə insanların həyat şəraitinin yaxşılaşmasına yönəlmişdir. Hələ eramızdan əvvəl müxtəlif elm məktəblərinin nümayəndələri təsdiq edirdilər ki, dövlətin son məqsədi - öz vətəndaşlarının qayğısına qalmaqdır.

Başqa sözlə, qədim insanlar da sosial və iqtisadi sahələr arasındakı sərt bağlantını görürdülər. Aristotel yazırdı ki, "dövlət sadəcə yaşamaq üçün deyil, firəvan yaşamaq üçün yaradılır."

Yeni dövrün - XVIII, XIX əsrlərin mütəfəkkirləri T.Qobbs, İ.Kant, Hegel və digərləri ədaləti danılmaz sosial və əxlaqi dəyər hesab edərək, dövlətin vətəndaşları qarşısında götürdükləri öhdəliklərin ən önəmlisi hesab etmişlər.

Sosial siyasətin dövlətin və cəmiyyətin spesifik funksiyası kimi izahı və öyrənilməsi sosial dövlətin əsaslarının təməli qoyulan dövrə təsadüf edir. Bu kimi sosial instituta elmi maraq XIX və XX əsrlərin astanasında formalaşıb.

Sonrakı onilliklərdə sosial siyasət anlayışı "sosial dövlət" haqqındakı anlayışlarla birbaşa bağlı kontekstdə öyrənilir.

"Sosial dövlət" anlayışının daha çox İsveçrə, Almaniya, Danimarka kimi ölkələrə aid edilməsinə baxmayaraq, birmənalı demək olar ki, hər bir müasir dövlət özündə sosial dövlətin bu və ya digər xüsusiyyətlərini daşıyır. Hətta, sosial-iqtisadi liberalizmin dərin köklərə malik olduğu ABŞ-da belə məqsədyönlü sosial siyasət həyata keçirilir.

"Sosial dövlət" prinsipi bu və ya digər formada Fransanın, İtaliyanın, Portuqaliyanın, Türkiyənin, İspaniyanın, Yunanıstanın, Hollandiyanın, Danimarkanın, İsveçin və digər ölkələrin konstitusiyalarında artıq özünün hüquqi əksini tapmışdır.

Müstəqillik əldə etdikdən sonra, XX əsrin 90-cı illərində bazar iqtisadiyyatına keçid və keyfiyyətcə yeni iqtisadi münasibətlərin yaranması şəraitində, Azərbaycanda da sosial dövlətin qurulması, sosial siyasətin inkişafı, sosial müdafiə sistemində zəruri islahatların aparılmasına böyük ehtiyac duyulurdu. Müasir dövrün tələblərinə cavab verən çevik, işlək mexanizmləri təmin edən sosial təminatlar sisteminin yaradılması 1993-cü ildə hakimiyyətə qayıdan, ölkədə sabitlik yaradan və ölkəni sosial-iqtisadi inkişafa aparan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

 

Azərbaycanda sosial müdafiə sistemi

 

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkəni tənəzzüldən çıxarmaq üçün bir sıra cəsarətli və ardıcıl addımlar atdı. Bu siyasətin mərkəzində əhalinin sosial güzəranını yaxşılaşdırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, sığorta-pensiya sisteminin modernləşməsi, bir sözlə, sosial siyasətin transformasiyası dururdu.

Sevindirici haldır ki, ulu öndər Heydər Əliyev dühasının demokratik cəmiyyət və liberal iqtisadiyyat qurmaq istiqamətində məharətlə apardığı uzunmüddətli siyasət bu gün özünün müsbət nəticələrini verir və həyatın bütün sahələrində uğurlar qazanır.

Ulu öndər Heydər Əliyevin səyləri və dünya ölkələrinin qabaqcıl təcrübəsindən istifadə edilməsi sayəsində ölkədə strukturlaşmış, ayrı-ayrı əlaqədar sahələri özündə birləşdirən sosial müdafiə sistemi yaranmağa başladı.

Eyni zamanda, sosial siyasətin prioritet sahələri müəyyən olundu və problemlərlə birbaşa məşğul olan yeni dövlət qurumları yarandı.

Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanı ilə yaradılmış Gənclər və İdman Nazirliyinin və 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasını buna misal göstərmək olar. Hər iki sosial müdafiə strukturunun vacibliyi nəzərə alınaraq sonradan möhtərəm Prezident İlham Əliyev hər iki dövlət qurumunun idarəedilməsində əsaslı dəyişikliklər aparmışdır.

Bütövlükdə, sosial müdafiə sisteminin müasir idarəetmə strukturu özündə bir neçə baş istiqamətləri ehtiva edir. Bunun birincisi sosial müdafiədə qabaqlayıcı, yarana biləcək problemlərin qarşısının alınması tədbirləri, ikincisi, sosial reabilitasiya, cəmiyyətə adaptasiya, sağlamlığın bərpası, əməyə qaytarma istiqamətli tədbirlər, üçüncüsü isə ünvanlı sosial müdafiədir.

Sosial müdafiə sisteminin Heydər Əliyev uzaqgörənliyi ilə aparılan transformasiya proseslərində ən vacib məsələ insanların uşaqlıqdan qocalığadək sağlamlığının qorunması və bərpası məsələləri önə çəkilirdi. Hələ müstəqilliyin ilk illərində ölkədə yüzlərlə sosial problemin mövcud olduğu dövrdə ulu öndər idman məsələlərinə, bədən tərbiyəsinin kütləviliyinə xüsusi diqqət yetirirdi.

"İdman hər bir insanın sağlamlığıdır. Ona görə də biz idmana çox böyük yol açmışıq. Gənclər gərək fiziki cəhətdən sağlam olsunlar" deyən ulu öndər Heydər Əliyev 1993-cü ildən başlayaraq bu sahəyə dövlət tərəfindən ən yüksək səviyyədə diqqət və qayğı göstərilməsini təmin etdi.

Möhtərəm Prezident cənab İlham Əliyev 1997-ci ildə Azərbaycan Olimpiya hərəkatına rəhbərlik etməyə başladı, dövlətin idman siyasətinə yeni istiqamətlər gətirdi, idmanın populyarlığına yeni vüsət verdi, idman vasitəsilə Azərbaycanın dünya və Avropaya inteqrasiyası, beynəlxalq idman aləmində ölkənin nüfuzunun daha da artırılması məsələlərini dövlət siyasətinin vacib istiqamətlərindən biri kimi dəyərləndirdi.

Ölkənin paytaxtında, şəhər və rayonlarda ən müasir avadanlıqlarla təchiz olunmuş otuzadək idman kompleksi tikilib istifadəyə verildi. İdmançılarımız Olimpiya oyunlarında, dünya miqyaslı yarışlarda yüksək nəticələr göstərdilər.

Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı üzrə uzun müddətə nəzərdə tutulmuş Milli Strategiyanın qəbul olunması günün tələbi və zərurəti idi. Milli strategiyanın əsas məqsədi fiziki, əqli və maddi imkanlarından asılı olmayaraq ölkədə əhalinin bütün təbəqələri üçün öz bilik və bacarıqlarını reallaşdıra bilmələrinə, hərtərəfli uğurlu inkişafa nail olmalarına şərait və imkanlar yaratmaqdan ibarət idi.

Eyni zamanda, strategiyanın məqsədi insan haqları, həmçinin idmana dair beynəlxalq və milli qanunvericiliyi, cəmiyyətin bütün təbəqələrinin, qabaqcıl dünya təcrübəsini nəzərə alaraq, hərtərəfli inkişafına, demokratik ölkə quruculuğuna, Azərbaycanın dünyaya və Avropaya inteqrasiyasının sürətləndirilməsinə, həmçinin onun beynəlxalq nüfuzunun yüksəldilməsinə xidmət etmək idi.

Bədən tərbiyəsi və idmanın idarə edilməsinin əsas istiqamətləri və təşkilati strukturu "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunu və respublika Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Bədən tərbiyəsi və idmanın inkişafının dövlət Proqramı" ilə müəyyən edilmişdir.

Müşahidələr də göstərir ki, uşaq və yeniyetmələrin zərərli vərdişlərdən çəkindirilməsində, onların asudə vaxtının düzgün təşkil edilməsində, xəstəliklərin qarşısının alınmasında bədən tərbiyəsi və idman məşğələlərinin rolu əvəzsizdir.

Həyata keçirilən tədbirlər ildən-ilə artır. 207 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərməkdədir. Gələcəkdə uşaq və yeniyetmələrlə aparılan işin fəaliyyət dairəsinin daha da genişləndirilməsi, o cümlədən, uşaq idmanının normativ-hüquqi bazasının təkmilləşdirilməsinə ehtiyac var.

Azərbaycanda sosial müdafiə sisteminin ikinci ən önəmli istiqamətlərindən biri də ailə, qadın və uşaq problemləridir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra dövlətimizin "sağlam ailə" siyasəti formalaşdı, sahənin normativ-hüquqi bazası möhkəmləndirildi, ayrı-ayrı kateqoriyalara aid olan ailələrin vəziyyətinə təsir göstərən hallar təhlil edildi, vahid informasiya sistemi yaradıldı.

"Azərbaycan Respublikasında Dövlət Qadın siyasətinin həyata keçirilməsi haqqında" Heydər Əliyevin 6 mart 2000-ci il tarixli fərmanı gender siyasətinin təbliğinə, qadınların ictimai və siyasi həyatda fəal iştirakına, qaçqın və məcburi köçkün qadınların məşğulluğuna nə qədər önəm verdiyini bir daha təsdiq etdi. Bunun məntiqi davamı olaraq 10 oktyabr 2006-cı ildə cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində gender bərabərliyini təmin etmək məqsədilə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

Dövlətin daim diqqət mərkəzində saxladığı məsələlərdən biri də cəmiyyətin həssas təbəqəsinin nümayəndələrinə aid edilən uşaqların sosial müdafiəsidir. Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, mənəvi qüvvə tələb edən işdir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il mayın 19-da "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 2009-cu il "Uşaq ili" elan edilmiş, "SOS Kinderdorf İnternəşnl" təşkilatı ilə respublika hökuməti arasında əldə olunmuş razılaşmaya əsasən "Bakı SOS uşaq kəndi" salınmışdır. Burada Avropa standartlarına uyğun 12 ailə evi, uşaq bağçası və altı digər yardımçı bina fəaliyyət göstərir. Ailə evlərinin hər birində 8-10, ümumilikdə isə kənddə 100-dən artıq uşağın yaşaması üçün hər çür şərait yaradılmışdır.

Uşaqların sosial müdafiəsinə yönəlmiş ən önəmli dövlət proqramlarından biri Azərbaycan Respublikası Prezidentinin 29 mart 2006-cı il tarixli sərəncamı ilə qəbul olunmuş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" dır.

Proqramın əsas məqsədi BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyasında təsbit olunmuş uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində xoşbəxt, məhəbbət və anlaşma şəraitində böyüməsinin zəruriliyi nəzərə alınaraq dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və səmərəli işləməsini təmin etməkdir.

Hazırda respublikanın təlim-tərbiyə müəssisələrində 21000 nəfərə yaxın uşaq var. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində uşaqların valideynlərini itirməsi, qaçqın və məcburi köçkün ailələrinin maddi vəziyyətinin aşağı olması və digər sosial amillər dövlət uşaq müəssisələrində uşaqların sayının artması ilə nəticələnmişdi.

Bu müəssisələrdə saxlanılan uşaqlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq dövlət qayğısı ilə əhatə olunmuşdur. BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyanın tələblərinə əsasən dövlət müəssisələrindən uşaqların bioloji və ya digər alternativ ailələrə verilməsi, onların hüquqlarının qorunması daim diqqət mərkəzində saxlanmalı, uşaqları qəbul edən ailələrə sosial yardım edilməlidir.

Respublikada iqtisadiyyatın sürətli inkişafı, sosial sahələrə diqqətin artırılması, regionların inkişafı məqsədilə həyata keçirilən tədbirlər nəticəsində yeni iş yerlərinin açılması, adambaşına düşən gəlirin ilbəil artması, əhalinin, o cümlədən hər bir ailənin maddi durumunun yaxşılaşması üçün zəmin yaratmışdır. Bu da uşaqların bu müəssisələrə düşməsinin qarşısının alınmasına, habelə müəssisələrdə uşaqların sayının azalmasına, onların ailələrə verilməsinə geniş imkanlar yaradır.

Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin növbəti önəmli istiqamətlərindən biri də əlillərin sosial müdafiəsidir.

Əlil və sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası və sosial durumunun yaxşılaşdırılması məqsədilə 1994-cü ildə "Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks Proqram" və "1999-2002-ci illər üçün "Əlilliyin qarşısının alınması, sosial müdafiəsi və reabilitasiyası üzrə Dövlət Proqramı" təsdiq edilmişdir.

Hələ 1995-ci ilin yanvar ayında respublika Əlilləri Sosial Müdafiə Fondu və onun rayonlarda şöbələri yaradılmışdır. Nazirlər Kabinetinin 19 fevral 2002-ci il tarixli qərarı ilə Fondun bazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsi və zona şöbələri fəaliyyətə başlamışdır. Adıçəkilən şöbələr müxtəlif kateqoriyalı əlillərə xidmət göstərərək, pensiya təminatı xidməti istisna olmaqla, əlillərin reabilitasiyasının təşkili, mənzil-məişət məsələləri, əmək hüquqlarının qorunması, bu qrupun ictimai təşkilatlarının koordinasiyası və digər məsələlərlə birbaşa məşğul olurlar. Əlillərin pulsuz avtomobil və ortopedik avadanlıqlarla təmin olunması, fiziki cəhətdən qüsurlu insanların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, əlillərin istedad və qabiliyyətlərinin üzə çıxarılması, onların yaradıcılıq imkanlarının genişləndirilməsi də bu idarə və şöbələrin fəaliyyətlərinin tərkib hissəsidir.

"Əlillərin hüquqları haqqında" Beynəlxalq Konvensiyaya qoşulmaq barəsində Azərbaycan Respublikasının qanunu və aparılan genişmiqyaslı sosial islahatların nəticəsi olaraq bu qrupdan olan bütün insanların sosial müdafiəsi sahəsində önəmli dəyişikliklərə səbəb olmuşdur.

Cəmiyyətin həssas, xüsusi qayğıya ehtiyacı olan təbəqələrindən söz düşmüşkən, qaçqın və məcburi köçkünlər problemindən yan keçmək düzgün olmazdı.

Ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məsələsi olduğundan, çadır düşərgələrinin ləğvi ideyası da ona məxsus idi.

Prezident İlham Əliyev də qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi məsələsini daim diqqətdə saxlayır. Qaçqınların və məcburi köçkünlərin sosial təminatı ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə son 5 ildə Milli Məclis tərəfindən bir qanun, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 18 fərman və sərəncam imzalanmış, onların icrası ilə əlaqədar Nazirlər Kabinetinin 64 qərar və sərəncamı qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" və 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə həmin Dövlət Proqramına "Əlavələr" təsdiq edilmişdir.

Möhtərəm Prezident İlham Əliyevin 21 fevral 2011-ci il tarixli "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələr edilməsi haqqında sərəncamı bu sahədə sosial müdafiənin yeni mərhələsindən xəbər verir.

Son bir neçə ildə 10401 ailə, başqa sözlə, 47 min nəfər məcburi köçkün üçün 36 qəsəbə salınmışdır. 534 min kvadratmetr yaşayış sahəsinə malik həmin qəsəbələrdə həmçinin 34 məktəb, 4 musiqi məktəbi, 18 uşaq bağçası, 26 tibb müəssisəsi, 21 rabitə evi, 22 klub - icma mərkəzi, 29 inzibati bina, 5 yanğın postu tikilib istifadəyə verilmiş, 366 kilometr yol, 438 kilometr su, 583 kilometr elektrik xətti çəkilmiş, 141 artezian quyusu qazılmış, müxtəlif həcmə malik 48 su anbarı, 20 nasos stansiyası inşa edilmiş, 349 transformator stansiyası quraşdırılmış, 2650 hektar sahədə minadan təmizləmə işləri aparılmışdır.

 

Sosial siyasətdə ardıcıllıq

 

Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, ölkə Prezidentinin imzaladığı fərman və sərəncamlar, görülən digər konkret tədbirlər insanların maddi rifah halının yüksələn xətt üzrə inkişafında önəmli rol oynayır. Bununla belə, sosial sahədə əhalinin müdafiəsinin daha da güclənməsinə xidmət edən siyasət ardıcıl olaraq davam etdirilir, zamanın tələblərinə uyğun olaraq daim yeniləşir.

Belə ki, son 10 ildə ölkəmizdə sosial sığorta sistemində fərdi uçot prinsipi daha da inkişaf etdirilmiş, çoxlu avtomatlaşdırılmış iş yerləri yaradılmış, idarəetmə xeyli təkmilləşmiş və asanlaşmışdır. Pensiyaların baza hissəsi bu müddətdə ayrı-ayrı vaxtlarda artırılaraq 85 manata çatdırılmışdır.

Pensiyaların sığorta hissəsi mövcud inflyasiyaya uyğun olaraq hər il indeksləşdirilmiş, ən önəmlisi isə pensiya sığorta sistemi ilə müavinət sistemi demək olar ki, bir-birindən tam ayrılmışdır.

Azərbaycanda vahid əmək pensiyası sistemi yaradılmış, hərbi qulluqçuların, polis əməkdaşlarının, dövlət məmurlarının və digər sosial stratların əmək pensiyaları bir yerdə ehtiva olunmuşdur. Ən başlıcası isə, pensiyaların hesablanması və digər maliyyə əməliyyatları vahid metodoloji yanaşma ilə öz həllini tapmağa başlamışdır.

Əhalinin sosial müdafiəsinin, xüsusən də aztəminatlı təbəqənin maddi təminatının yaxşılaşdırılması üçün yaşa görə əmək pensiyalarının baza hissəsi, minimum əməkhaqqı, 15 min şəhid ailəsi, 20 Yanvar şəhidlərinin ailələri üçün xərclər artırılmışdır. Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına birdəfəlik müavinətin ödənilməsi məqsədi ilə ölkə Prezidentinin Ehtiyat Fondundan demək olar ki, hər il 3,5 milyon manat vəsait ayrılır. Bütövlükdə, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə əhalinin sosial güzəranının yaxşılaşdırılması sahəsində həyata keçirilən bu tədbirlər 2 milyon nəfərdən artıq insana şamil edilmişdir.

2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsindən səhiyyə, sosial müdafiə və sosial təminat xərclərinə 11,6 faizdən çox vəsait yönəldilmişdir. Son 8 ildə bu siyasət daha yüksək keyfiyyətlə və geniş miqyasda aparılmaqda davam etdirilir. Möhtərəm Prezident İlham Əliyev hakimiyyətin bütün qolları qarşısında ən ümdə vəzifə olaraq dinamik iqtisadi inkişafın sosial həyatda, insanların güzəranında özünü göstərməsini tələb edir.

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı" yeni Dövlət Proqramı (2009-2013-cü illər) əhalinin rifah halının yaxşılaşdırılmasına, yoxsulluq həddinin tamamilə azaldılmasına, sosial infrastrukturun çevikliyinin təmin olunmasına, yeni iş yerlərinin açılmasına, məşğulluğun artırılmasına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə gətirib çıxaran və ölkə iqtisadiyyatının hərtərəfli inkişafına öz töhfəsini verən əhəmiyyətli bir sənəddir.

Proqramın icrası başqa sahələrdə olduğu kimi, səhiyyə-sağlamlıq strukturunda da özünü bariz şəkildə göstərəcəkdir. Təkcə onu göstərmək kifayətdir ki, 2003-cü ildə dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsait 55,3 milyon manat idisə, 2013-cü ilə qədər bu vəsaitin 600 milyon manata çatdırılması nəzərdə tutulur. İndiyədək 43 yeni xəstəxana və müalicə-diaqnostika mərkəzi istifadəyə verilmişdir. Tikintisinə 96 milyon manat vəsait sərf olunan sağlamlıq ocaqlarının 13-ü regional diaqnostika və sağlamlıq mərkəzləridir.

Hüquqi bazanın daim təkmilləşməsi, onun reallıqlara, maliyyə imkanlarına uyğun yeniləşməsi qanun yaradıcıları qarşısında da yeni vəzifələr qoyur və fəaliyyətlərində ardıcıllıq tələb edir. Belə ki, Əmək Məcəlləsinə, Ailə Məcəlləsinə, "Əmək pensiyaları haqqında", "Sosial sığorta haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Həmkarlar ittifaqları haqqında", "İnformasiya əldə etmək haqqında", "Onkoloji yardım haqqında", "Sosial müavinətlər haqqında", "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", "Dərman vasitələri haqqında", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "Şəhərsalmanın əsasları haqqında" və sair qanunlara günümüzün reallığından irəli gələn çoxsaylı dəyişikliklər və əlavələr edilmişdir.

Ardıcıl aparılan bütün işlərə baxmayaraq sosial qanunvericilikdə və icra strukturlarının apardığı işlərdə bəzi boşluqlar və uyğunsuzluqlar hələ də mövcuddur. Belə misallardan birinə diqqəti cəlb etməyi məqsədəmüvafiq hesab edirəm. Bu günə qədər eyni iş sahələrində çalışan və göstəriciləri fərqli olmayan 90-cı illər ərzində və 2005-ci illin sonuna qədər pensiyaya çıxmış vətəndaşlarla 2006-cı ildən sonra pensiyaya çıxanların aldıqları ödəmələr arasında qeyri-mütənasiblik mövcuddur. Dövlətimizin iqtisadi qüdrəti, maliyyə imkanları artdıqca, sosial sahədə maliyyə tutumlu islahatların aparılması davam etdikcə bu problemlər qısa müddətdə öz müsbət həllini tapacaqdır.

 

Modernləşən dövlətin bəzi təməl sosial prioritetləri

 

Cənab İlham Əliyevin dövlət quruculuğu modernləşən və bir çox özəlliklərinə görə fərqli dövlət quruculuğu modelidir. Bu modeldə əsas istiqamət nəticəyə deyil, səbəbin aradan qaldırılmasına yönəlir. Əhalinin sağlamlığının qorunması, həm birbaşa, həm də dolayı vasitələrlə sosial müdafiənin gücləndirilməsi, yoxsulluğun tamamilə aradan qaldırılması, bu məqsədlə kiçik sahibkarlığa geniş vüsət verilməsi fəaliyyət prioritetlərindəndir.

Bu məqsədlə respublikanın səhiyyə sistemində bir çox istiqamətlər üzrə islahatlar aparılır, infrastruktur təkmilləşir, sahəyə irihəcmli investisiyalar yönəldilir, genişmiqyaslı işlər görülür. 2006-cı ilin sentyabrında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin yaradılması barədə qərar səhiyyə sistemində islahatların aparılmasında irəliyə doğru atılmış uğurlu bir addım oldu.

İctimai səhiyyə dedikdə, profilaktik, klinik xidmətlər, tibb müəssisələrinin fəaliyyətinə nəzarətlə yanaşı, milli səhiyyə sisteminin təkmilləşməsi, ətraf mühitin mühafizəsi, sağlam həyat tərzinin təbliği, bu sahədə strategiyanın, səhiyyə proqramlarının hazırlanması, tibbi xidmətlərdə sosial bərabərliyin təminatı, səhiyyə siyasəti, iqtisadiyyatı və s. kimi daha geniş aspektlər nəzərdə tutulur.

Əhalinin sağlamlığının qorunması, eyni zamanda, dolayı sosial müdafiə tədbirləri ilə də gücləndirilə bilər. Ekologiyanın - havanın, suyun təmizlənməsini, yeni yolların, körpülərin, məktəb binalarının salınmasını və bütövlükdə infrasturkturun yaxşılaşmasını bu qəbildən olan işlərə aid etmək olar.

Bununla bağlı möhtərəm Prezident İlham Əliyev deyib: "Biz havanı təmizləməliyik. İçməli su keyfiyyətli olmalıdır ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. İdmanla məşğul olmaq - bu da sağlamlıqdır. Yeni xəstəxanaların, diaqnostika komplekslərinin tikintisi - bu da sağlamlığı qoruyan amillərdir." Bax modernləşən dövlətin sosial prioriteti məhz sağlamlıqdan, insan amilindən onu rifaha aparan bu magistral yoldan keçir.

Bu çağırışa cavab olaraq Milli Məclisdə həmin məsələləri tənzimləyən "Sosial xidmət haqqında", "Reproduktiv sağlamlıq haqqında", "Pasiyentin hüquqları haqqında" və digər yeni qanunlar ətrafında iş aparılır.

Ümumən modern dövlət quruculuğuna xidmət edən modern sosial siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə sosial sabitlik, əmin-amanlıq bərqərar olub və uzunmüddətli islahatların icrası inamla davam etdirilir.

İşsizliyin tamamilə aradan qaldırılması, layiqli həyat standartlarının yaradılması, yoxsulluğun sıfır həddinə endirilməsi, etibarlı sosial müdafiə, gənc ailələrə dövlət qayğısı və müasirləşmə cəmiyyətimizi gələcəkdə gözləyən yeni inkişaf mərhələsinə - sosial rifaha aparır.

 

 

Hadi RƏCƏBLİ,

Milli Məclisin Sosial siyasət

komitəsinin sədri

 

Azərbaycan.- 2011.-30 aprel.- S. 3.