Elmə dövlət qayğısı Azərbaycanda inkişafın davamlılığına xidmət edir

 

Prezident İlham Əliyevin elm adamlarına himayədarlığı alimlərin məsuliyyətini daha da artırır

 

İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin bu nailiyyətləri məhz elmə, təhsilə böyük diqqət və qayğı nəticəsində əldə etdiyi danılmaz həqiqətdir. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə bu gün hətta zəngin təbii sərvətləri belə, üstələyir. Azərbaycan xalqının nicat yerinə çevrilmiş strateji siyasi kursu 2003-cü ilin prezident seçkilərindən ötən 8 ilə yaxın müddətdə inamla davam etdirən möhtərəm Prezident İlham Əliyev də milli intibaha və yüksəlişə hesablanmış fəal maarifçilik missiyası həyata keçirir.

Bu günlərdə AMEA-nın ümumi illik yığıncağında iştirak edən möhtərəm Prezident Azərbaycan elminin tarixi nailiyyətlərinə, bugünkü uğurlarına və gələcək inkişaf perspektivlərinə nəzər salmış, müasir dövrdə intellektual elitanın qarşısında dayanan vəzifələrdən söz açmış, akademiyanın ən müasir tələblər səviyyəsində təmir olunmuş yeni binası ilə yaxından tanış olmuşdur. Dövlət başçısının elmi-intellektual inkişafa xüsusi diqqətlə yanaşması həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmini son dərəcə vacibdir. Eyni zamanda, neft gəlirləri ilə bağlı dövlət büdcəsinin vəsaitlərinin ildən-ilə artması təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış çeşidli problemlərin hazırkı mərhələdə həlli məsələsini də aktuallaşdırır. Milli iqtisadiyyatın yüksək dinamizmlə inkişafı elmin müasirləşdirilməsi məqsədinə yönəlmiş dövlət investisiyalarının həcmcə artımını təmin edir, bu sahənin dünya standartları səviyyəsinə qalxmasına geniş imkanlar açır.

Prezident İlham Əliyevin AMEA-nın illik toplantısında vurğuladığı kimi, ötən əsrin sonlarına doğru istiqlaliyyətini əldə edən Azərbaycan məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşmış zəngin iqtisadi və elmi potensiala istinad etmişdir. Yaxşı məlumdur ki, 1991-1993-cü illərdə respublikamızda hökm sürən ümumi böhranlı vəziyyət - iqtisadi tənəzzül prosesinin dərinləşməsi, ictimai-siyasi sabitliyin kövrək xarakter daşıması elm və təhsil sahəsində də əsaslı problemlərə gətirib çıxarmışdı. Azərbaycan elmi tənəzzül girdabında çırpınır, nüfuzlu alimlər, bütün həyatını təhsilə həsr etmiş adlı-sanlı müəllimlər çörək ardınca xaricə üz tutur, mənəvi depressiya elmi mühitə getdikcə daha çox hakim kəsilirdi. Bu böhranlı vəziyyəti yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdışından sonra aradan qaldırmaq, elm və təhsil sahəsində dövlət siyasətinin mühüm istiqamətlərini müəyyənləşdirmək mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin 28 sentyabrında ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçməklə, intellektual potensialın daşıyıcıları olan elm xadimlərinin, ziyalıların cəmiyyətdəki roluna necə böyük önəm verdiyini bir daha nümayiş etdirmişdir.

Böyük strateq həmin mərhələdən ictimai həyatın müxtəlif sahələrində, o cümlədən elmi-intellektual sferada hökm sürən tənəzzülün qarşısını almış, təhsilin öz məcrasına düşməsi, inkişafı üçün əlverişli iqtisadi şərait, hüquqi və mənəvi-əxlaqi mühit formalaşdırmışdır. Elmin inkişafına, bu prosesi həyata keçirən çoxminli ziyalılar ordusuna diqqət və qayğı gücləndirilmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycan elminin milli əsaslar üzərində dünyaya inteqrasiyasını başlıca vəzifə kimi aktuallaşdırmışdır. Onun bu sahədəki tarixi xidmətlərinə toxunan Prezident İlham Əliyev AMEA-nın illik ümumi yığıncağında demişdir: "Əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtmasaydı, yəqin ki, akademiyanın taleyi çox acınacaqlı ola bilərdi. Məhz Heydər Əliyevin Azərbaycan elminə bütün dövrlərdə göstərdiyi diqqət və qayğı nəticəsində elmin inkişafı sürətlə aparılırdı. Müstəqil yaşamağa başlayanda əlbəttə ki, ölkədə mövcud olan ciddi iqtisadi və sosial məsələlər gündəliyin birinci sıralarında idi. Ancaq bununla bərabər, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək və uzaqgörənliklə, müdrikliklə bütün dövrlərdə, o cümlədən müstəqillik dövründə elmin inkişafına çox böyük diqqət göstərmişdir. Burada səsləndi və təsadüfi deyil ki, hakimiyyətə qayıdandan sonra onun Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz akademiyada olmuşdur".

1997-ci ilin 31 yanvarında Azərbaycan Elmlər Akademiyasının 50 illik yubiley mərasimində dərin məzmunlu nitq söyləyən böyük strateq Heydər Əliyev özünəməxsus müdrikliklə milli elmin qarşısında duran fundamental vəzifələrdən söz açmış, kifayət qədər mürəkkəb şəraitdə bu sahənin inkişaf strategiyasını, gələcək hədəflərini açıqlamışdır. Ulu öndər həmin mərasimdə ictimai və humanitar elm sahələrində yeni dövrün tələblərinə uyğun yeniləşmənin, eləcə də sovetlər birliyi dövründən qalmış, köhnəlmiş stereotiplərdən, səmərəsiz tədqiqat metodlarından uzaqlaşmağın vacibliyinə xüsusi diqqət çəkmiş, xüsusən də, tarixçiləri Azərbaycanın keçmişi ilə bağlı həqiqətləri daha obyektiv araşdırmağa, dövlətçilik maraqları baxımından bu sahəyə xüsusi həssaslıqla yanaşmağa çağırmışdır.

Ulu öndərin elmi təmələ söykənən siyasətini keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirən dövlət başçısı İlham Əliyev son 8 ildə qloballaşma dövrünün tələblərinə cavab verən elm və təhsil strategiyasına üstünlük vermişdir. Dövlət başçısı AMEA-nın ümumi illik yığıncağında bir daha bəyan etmişdir ki, Azərbaycan öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi yönündə qurur. Müasir dövrdə Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, müasir biliklərin, intellektual əməyin, innovasiya layihələrinin tətbiqindən, habelə kompüter və informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçir. Respublikamızda təbii sərvətlərin hasilatından əldə olunan vəsaitlərin böyük qisminin məhz elm və təhsilə, informasiya texnologiyalarının inkişafına yönəldilməsi bir sıra aparıcı dövlətlərin təcrübəsində özünü doğrultmuşdur. Çağdaş dünya nizamında elmi-informativ biliklər inkişafın mühüm katalizatoruna, innovasiya yeniliklərin başlıca təminatına, habelə iqtisadiyyatın lokomotivinə çevrilmişdir. Bunu ABŞ, Almaniya, Yaponiya, Şimali Koreya, Finlandiya, İsrail və digər dövlətlərin iqtisadi inkişaf strategiyasına nəzərən əminliklə demək olar.

İnsan kapitalının formalaşdırılmasını prioritet məqsəd kimi diqqətə çəkən, dövlətin innovasiya inkişafında müasir biliklərin, nanotexnologiyaların roluna mühüm yer ayıran bu effektiv iqtisadi siyasətin elmi cəhətdən təhlili və əsaslandırılması mövcud uğurların davamlılığının təmini baxımından son dərəcə vacibdir. Məsələni aktuallaşdıran həm də odur ki, Azərbaycan iqtisadi sahədə keçid dövrü kimi xarakterizə edilən son dərəcə ağır və üzücü prosesi yenicə başa vuraraq sosial-iqtisadi modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Postkeçid dövrünün paradiqmalarının elmi cəhətdən əsaslandırılması və proqnozlaşdırılması üçün, ilk növbədə, respublikanın son 15 ildə inamla gerçəkləşdirdiyi iqtisadi islahatları elmi təhlil prizmasından dəyərləndirmək, əldə olunan nəzəri-təcrübi, fəlsəfi qənaətləri ümumiləşdirmək lazımdır.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində haqlı olaraq yazır: "İndi cəmiyyətimiz qarşısında, ilk növbədə, elmi elita qarşısında mühüm vəzifələrin həlli məsələsi dayanır. Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir. Ümummilli əhəmiyyət kəsb edən bir sıra məsələləri biz yeni şəraitdə təhlil etməliyik".

Azərbaycanın müasir inkişaf xüsusiyyətlərinin, o cümlədən milli inkişaf modelinin konkret elmi prinsiplər əsasında tədqiqi xüsusi əhəmiyyət kəsb edir və bu kontekstdə respublika alimləri qarşısında ciddi vəzifələr dayanır. İqtisadi sahədə keçid dövrünün başa çatması elmlə iqtisadiyyatın qarşılıqlı təsir mexanizmləri əsasında qırılmaz vəhdətinin təmin edilməsini, innovativ biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılmasını, müxtəlif elm sahələrinin yeni dövrün tələblərinə uyğun müasirləşdirilməsini, siyasi idarəetmədə elmi proqnozlardan məqsədyönlü istifadəni obyektiv zərurətə çevirir.

Prezident İlham Əliyev AMEA-dakı nitqində bu məsələ üzərində xüsusi dayanmış, elmi tədqiqatların gələcək istiqamətləri ilə bağlı tövsiyələrini açıqlamışdır: "Bu gün Azərbaycan iqtisadiyyatı qarşısında duran çağırışlar elmin inkişafı ilə bilavasitə bağlı olmalıdır. Bu gün biz böyük neft-kimya kompleksinin tikilməsi üzərində işləyirik. Neft-kimya sahəsində böyük perspektivlər vardır. Nəzərə alsaq ki, ölkəmizdə bu istiqamətdə bütün dövrlərdə çox güclü elmi məktəb olmuşdur, bu, iqtisadi gücümüzü artıracaq, yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır. Hesab edirəm ki, bu gün alimlərimiz öz işlərini bu sahə üzrə müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə aparmalıdırlar. Azərbaycan hökumətinə müvafiq göstərişlər verilmişdir ki, bu sahəyə biz Azərbaycan elmini də cəlb edək".

Son illər sürətli iqtisadi və sosiomədəni tərəqqi yolu keçən Azərbaycanda elmin inkişaf təmayüllərinin yeni reallıqlara nəzərən müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılması da məhz bu və digər reallıqlarla şərtlənir. Ən müxtəlif elm sahələrində aparılan tədqiqatlar yüksək effektivlik əmsalı ilə yanaşı, həm də dövlətin və xalqın ümdə maraqlarının qorunmasına xidmət etməli, cəmiyyətdə saf ideal və dəyərlərin, ümumən mənəviyyatın yüksəlişinə sanballı töhfəsini verməlidir. Elmin inkişaf strategiyasının zamanın nəbzinə uyğun modernləşməsini, yeni iqtisadi, siyasi, mədəni reallıqların nəzərə alınmasını, xüsusən də, humanitar və ictimai elm sahələrində azərbaycançılıq məfkurəsinin geniş tədqiqinə yer verilməsini Azərbaycan xalqının dövlətçilik maraqları tələb edir. AMEA-nın, xüsusən, ictimai və humanitar yönümlü institutlarında aparılan elmi tədqiqatların milli ideologiya və dövlətçilik maraqları baxımından aktuallıq kəsb etməsi, çağdaş dövrün tələblərinə cavab verməsi son dərəcə vacibdir.

Hər bir elm sahəsinin ictimai dəyəri, əhəmiyyəti onun praktik tətbiq imkanları ilə ölçülmüşdür. Əgər elm cəmiyyətin intellektual tərəqqisinə, dövlətin ideoloji və siyasi cəhətdən qüdrətlənməsinə, iqtisadiyyatın davamlı inkişafına öz töhfəsini vermirsə, deməli, onun dəyərindən danışmaq da mümkün deyildir. Müasir dünya gerçəklikləri fonunda elmlə dövlət idarəçiliyinin üzvi şəkildə əlaqələndirilməsi, mühüm siyasi qərarların qəbulu mərhələsində elmi postulatlara, təhlillərə istinad olunması son dərəcə vacib məsələ kimi qarşıda durur. Azərbaycan inkişafının elə mərhələsindədir ki, bundan sonrakı sosial-iqtisadi uğurların davamlılığının təmin edilməsi prosesində əsaslandırılmış elmi qənaətlərə geniş istinad olunmalıdır.

Dövlət başçısı AMEA-nın illik ümumi yığıncağında bununla bağlı demişdir: "Bununla bərabər, biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir. Biz nəinki beşillik proqramı icra edərkən bu məsələlərlə məşğul olmalıyıq, uzaq gələcəyə baxmalıyıq - 20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar hesabına inkişaf edəcəkdir?! Azərbaycanda elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin inkişafı uzunmüddətli, uğurlu və dayanıqlı olsun. Biz neft-qaz amilindən asılılığımızı tədricən azaldırıq. Artıq bu istiqamətdə müəyyən işlər görülmüşdür. Gələcəkdə isə biz çoxşaxəli iqtisadiyyat yaratmaqla elmi əsaslara söykənərək, dayanıqlı inkişaf modelimizi qurmalıyıq".

Bu gün Azərbaycan elmi həm də bədnam qonşularımızın məkrli iddialarına qarşı öz sözünü deməli, informasiya savaşında fəallıq göstərməlidir. Çünki tarixi həqiqətləri təhrif etmək yolu tutan erməni ideoloqları törətdikləri dəhşətli cinayətləri pərdələmək üçün dünya ictimaiyyətini mif üzərində qurulmuş qondarma "soyqırımı" iddiaları ilə çaşdırmağa, təkcə qardaş Türkiyənin deyil, ümumən türk dünyasının, o cümlədən Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Real əsası olmayan bu iddiaların gündəmdə saxlanılmasına yönəlmiş səylər ermənilərin başqa dövlətlərin hesabına daha geniş coğrafi əraziyə yiyələnmək, diqqəti özlərinin işğalçılıq niyyətindən yayındırmaq məqsədi güdür. Bütün bunlar isə nəinki tarixçilərin, ümumən humanitar və ictimai elm sahələrində çalışan alimlərin məsuliyyətini daha da artırır, onları erməni mifomaniyasının ifşası yönümündə yeni-yeni tədqiqatlar aparmağa sövq edir.

Dövlət başçısı İlham Əliyev AMEA-dakı çıxışı zamanı bu istiqamətdə ayrı-ayrı elmi mərkəzlərin gələcək fəaliyyəti üçün aydın istiqamətlər müəyyənləşdirmişdir. Cənab İlham Əliyev, ilk növbədə, ermənilərin cəfəng iddialarına qarşı elmi-ideoloji mübarizənin gücləndirilməsi zərurətini alimlərimiz qarşısında mühüm vəzifə kimi qoymuşdur: "Bütün indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir. Şəhərlərin, kəndlərin adları. Hətta bunu Böyük Sovet Ensiklopediyasında da görmək mümkündür. O vaxt erməni şəhərlərinin adları və onların əski variantı yazılmışdı. Biz bütün bunları bilməliyik. Bu gün Ermənistan dövləti bizə qarşı ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ işğal altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Erməni təbliğatı bütün dünyada bizə qarşı işə salınıbdır. Biz isə həqiqətləri çatdırmalıyıq ki, Xankəndi şəhəri Stepanakert deyil, Xankəndidir. Stepanakert quldur dəstəsinin rəhbəri Şaumyanın adına verilmişdir. Mən dəfələrlə bu barədə demişəm, əgər o yaşayış məntəqəsinin tarixi adı olsa idi, o tarixi adı ermənilər bərpa edərdilər. Bu, bizim torpağımızdır. Elmi araşdırmalar və elmi əsərlər, kitablar çox vacibdir. Mən çox şadam ki, bu istiqamətdə işlər gedir".

Azərbaycan Prezidentinin tariximizin, milli-mənəvi dəyərlərimizin daha böyük həssaslıqla öyrənilməsi, bütün dünyada təbliği, virtual qüdrəti ilə çağdaş dünyamızı sərhədsizləşdirmiş informasiya texnologiyalarının ölkəmizdə səmərəli tətbiqi sahəsində elmi tədqiqatların daha da gücləndirilməsi və s. bu kimi irəli sürdüyü məsələlər AMEA-nın gələcək fəaliyyət planlarında əsas prioritetlərə çevrilməlidir. Dövlət başçısının söylədiyi kimi, bu gün yeni imkanlar mövcuddur - informasiya-kommunikasiya texnologiyaları vasitəsilə biz indi Azərbaycan həqiqətlərini istənilən auditoriyaya çatdıra, Vətənimizi dünyaya daha yaxşı tanıda, sivilizasiyalararası dialoq prosesinə daha fəal şəkildə qoşula bilərik. Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutları kimi Bakı Dövlət Universiteti də fəaliyyətini məhz dövlət başçısının bu dəyərli tövsiyələrinə uyğun qurmağa çalışır.

Prezident İlham Əliyev AMEA-nın illik ümumi yığıncağında elm xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımların davam etdiriləcəyini də bildirmişdir. Dövlət başçısının 27 aprel 2011-ci il tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il mayın 1-dən orta hesabla 20 faiz artırılacaqdır.

Bütün bunlar göstərir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil, milli ənənələrə və ümumbəşəri dəyərlərə, dünya standartlarına cavab verən elmi potensialının formalaşdırılması istiqamətində həyata keçirilən siyasət bu gün də əzmlə davam etdirilir. Azərbaycan elmi Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edir, mövcud problemlərə, çətinliklərə sinə gərərək millətin nurlu gələcəyinə yol açmağa çalışır. Ölkənin elm adamları Azərbaycanın iqtisadi potensialı artdıqca, elmi sahəyə qoyulan sərmayələrin də ildən-ilə artacağına böyük ümidlər bəsləyir, eyni zamanda, ölkədə həyata keçirilən effektiv islahatlar kursuna hərtərəfli dəstək verirlər.

 

 

Alış QASIMOV,

Bakı Dövlət Universitetinin

kafedra müdiri,

hüquq elmləri doktoru,

professor

 

Azərbaycan.- 2011.- 30 aprel.- S. 4.