"Nabukko" layihəsinin taleyi Azərbaycandan asılıdır

 

ABŞ-ın "Wall Street" jurnalında Alessandro Torellonun "Nabukko" qaz kəməri layihəsində Azərbaycanın rolu barədə məqalə dərc olunmuşdur.

Müəllif yazır ki, müstəqilliyini bərpa etdikdən və Qərb şirkətləri ilə neft müqavilələri bağladıqdan sonra Azərbaycan təbii qazın istismarına dair mühüm qərarlar vermişdir. Nəhəng "Nabukko" qaz layihəsinin taleyi də bu qərarlardan asılıdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov demişdir ki, ARDNŞ-in "Şahdəniz"də payı 10 faizdir. Halbuki bp və Norveçin Statoil şirkətlərinin hər birinin bu layihədə 25,5 faiz payı vardır. ARDNŞ-in ildə hasil etdiyi 16 milyard kubmetr qazın 10 milyard kubmetri Avropaya nəql olunacaqdır. Biz ehtiyacımız olduğu qədər qaz hasil etmək istəyirik. bp də bu məsələdə eyni mövqe nümayiş etdirmişdir.

E.Nəsirovun sözlərinə görə, ARDNŞ bu qaz layihəsinin tranzit tariflərinə təsir etmək üçün həmin layihədə payçı olmağı qərara almışdır. İlin sonunadək Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edəcəyi qaz üçün uzunmüddətli istehlakçını müəyyənləşdirəcəyi gözlənilir.

"Nabukko" həcminə görə ən əlverişli layihə hesab edilir. Şirkətlər oktyabrın sonunadək alınacaq qazın həcminə dair konkret təkliflər verəcəklər. ARDNŞ və onun tərəfdaşları isə üç ay ərzində bu təkliflərə münasibət bildirəcəklər. ARDNŞ Avropa ölkələrinə mümkün qədər çox və ən əlverişli qiymətə qaz nəql etmək fikrindədir.

Xatırladaq ki, "Nabukko" kəməri ilə 31 milyard kubmetr qaz nəql etmək planlaşdırılır.

 

 

Azərbaycan.- 2011.-3 avqust.- S.  1.