Müdrikliyin zirvəsində

 

XX əsr Azərbaycan estetik fikir və ədəbi tənqidinin görkəmli nümayəndəsi, ədəbiyyatşünas-alim, pedaqoq, filologiya elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının həqiqi üzvü Məmməd Cəfər Cəfərov barəsində düşünəndə unudulmaz Kamal Talıbzadənin sözlərini xatırlayıram. Böyük ləyaqət sahibinin əsl obrazını xəyalımızda canlandıran müdrik fikrin mahiyyəti çox düşündürücüdür: "Məmməd Cəfərin elmi-nəzəri fikrin zirvələrinə doğru yüksəlmiş yolu ibrətli, çətin, zəhmətli olmuşdur. Bu, kuryerlikdən akademikliyə, çörəkçi şagirdliyindən filosof tənqidçiliyinə qədər keçib gələn çox gərgin əmək, gecəli-gündüzlü təhsil və öyrənmək olmuşdur".

Məmməd Cəfər Cəfərov əslində ədəbiyyatşünaslıq elmimizin qüdrətli sütunlarından biri idi. "Bütün klassiklərimiz barədə sanballı məqalələri ədəbiyyatşünaslığımızın qızıl fonduna daxil olan, ədəbiyyat tarixində və çağdaş ədəbi prosesin ciddi yaradıcılıq problemlərini qaldırıb həll edən təkrarsız nümunələrdir" (Bəkir Nəbiyev). Ədəbiyyat tarixinin öyrənilməsində Məmməd Cəfərin xidməti böyükdür. Nizami Gəncəvidən, Məhəmməd Füzulidən başlayaraq Hüseyn Cavidə, Səməd Vurğuna qədər söz sərrafları barədə apardığı tədqiqatlar ədəbiyyat tariximizin mükəmməl öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır. Akademik İsa Həbibbəyli bu barədə yazır: "Məmməd Cəfər müəllimin əsərləri sərt ideoloji tələblər dövründə yazılsa da, digər tənqidçi və ədəbiyyatşünaslarla müqayisədə həmin ideologiyaya ən az məruz qalan, bir çox hallarda isə ideologiya ilə heç bir əlaqəsi olmayan nümunələrdir. Görkəmli alimin əsərlərində sovet ideologiyası mahiyyəti deyil, zahiri formal prinsipləri əhatə edir. Bu mənada Məmməd Cəfər Cəfərovun elmi irsi indi də - müstəqillik dövründə yenidən çap edilərsə, ixtisara ən az ehtiyacı olar".

Dövrdən, zamandan və siyasi quruluşdan asılı olmayaraq həmişəyaşar əsərlərə imza atmaq ancaq böyük əqidə sahiblərinə, milli təəssübkeşliklə yazıb-yaradan müdrik insanlara qismət olub. Bu fikirlərin işığında Məmməd Cəfərin əsərlərinə yenidən nəzər saldıqda bir daha əmin olduq ki, unudulmaz alimin yaradıcılığı həqiqətən də bütün zamanlarda vətənə və xalqa, inkişafa xidmət etmək imkanına malikdir. Məmməd Cəfərin ötən əsrin ortalarında qələmə aldığı bir məqaləsində Azərbaycan dilinin öz kökündən, sistemindən, ayrılmayan dillərdən olduğunu səciyyələndirərək yazırdı: "Azərbaycan bədii dilinin həm şifahi, həm də yazılı qolunun təbii yol ilə normallaşdırılması prosesi milli dilin təşəkkülündən çox-çox qabaq, orta əsrlərdən başlamışdır və müəyyən tarixi, siyasi, ictimai, mədəni təsirlər, mədəni-siyasi əlaqələr, dövlət quruluşu (!) və s. ilə bağlı olaraq bu normallaşma prosesi mürəkkəb, enişli-yoxuşlu yollar keçsə də, əsasən təkmilləşməyə, ədəbi-bədii dil ümumiliyinə doğru inkişaf etmişdir".

Azərbaycanda tarixən həmişə müxtəlif ədəbi məktəblər, cərəyanlar mövcud olmuşdur. Maraqlısı da odur ki, çox vaxt bu məktəblər öz yaradıcısının adı ilə əbədiləşərək tarixə çevrilib. Məsələn, Nəvvab məktəbi, Əcəmi memarlıq məktəbi, Füzuli ədəbi məktəbi, "Molla Nəsrəddin" ədəbi məktəbi və s. Milli ədəbi tənqidin əsas yaradıcılarından sayılan Məmməd Cəfər Cəfərov bir missiyanı da şərəflə yerinə yetirmişdir. Ədəbiyyatşünaslıq sahəsində xüsusi elmi məktəb yaratmış Firidun bəy Köçərlidən sonra bu şərəf yalnız Məmməd Cəfər Cəfərova nəsib olub. Elə bu səbəbdən də böyük alim Abbas Zamanov məhəbbət və rəğbətlə Məmməd Cəfəri özünün "ustadı, müəllimi" adlandıraraq yazırdı: "Əgər milli ədəbi bədii irsimizin özünü tam halda bir "mən", bir şəxsiyyət, bir obraz halında təsəvvür etmək mümkün olsa idi, biz deyərdik ki, ədəbiyyatımızın "mən"i, şəxsiyyəti barəsində ən dolğun, ən kamil kitab da bütövlükdə Məmməd Cəfərin yaradıcılığıdır".

Azərbaycan ədəbiyyatının elə bir görkəmli nümayəndəsi yoxdur ki, onun yaradıcılığı haqqında Məmməd Cəfər elmi araşdırma aparmamış olsun. Milli ədəbiyyatımızın inkişafında Məmməd Cəfərin öz dəst-xətti, fikri və mövqeyi var idi. İndinin özündə də hansı klassiki öyrənmək istəsək, mütləq bu böyük alimin ədəbi irsinə müraciət etməli oluruq. Məmməd Cəfərin bütün elmi əsərləri elə bir mənəvi xəzinədir ki, illər keçdikcə belə tükənmək bilmir, həmişəki dəyərində qalır.

Tale heç də həmişə onun üzünə gülümsəməyib. 83 il yaşamış Məmməd Cəfər Cəfərovun ömür yolu daşlı-kəsəkli olub. Ötən əsrin əvvəllərində Naxçıvanda dünyaya gəlmiş Məmməd Cəfər həyatın, demək olar ki, hər cür boz üzünü, faciə və çətinliklərini görə-görə böyümüşdü. Erkən çağlarından valideynlərini itirən balaca Cəfərin çiyinlərinə ağır yük düşüb. O, dərzi yanında şagird kimi əmək fəaliyyətinə başlayanda heç on yaşı da yox idi. Sübhdən dükana gələrək təmizlik işlərinə başlayar, sonra da saatlarla küçələri dolaşaraq sifarişləri yerinə çatdırardı. Axşam isə evə mütləq çörək pulu gətirərdi. Doğrudur, qazancı az olsa da, beş nəfərlik ailə üçün onun evə əli dolu qayıtması böyük sevinc idi. Bu cür əzab və əziyyətlərin içində təhsilə maraq göstərmək, əslində, şücaətdir. Həyat onun qarşısına yaxşı insanlar da çıxarmışdı. Qonşuları Zəhra xala ona analıq etmişdi, eləcə də uzun qış gecələrində bütün bildiyi nağılları balaca Cəfərə danışmışdı. Şərq nağılları, xüsusilə də klassik şairlər haqqında ona ilk məlumat verən papaqçı Qulamhüseyn dayı Cəfəri ədəbiyyata həvəsləndirdi. Özü xatirələrinin birində yazırdı: "...Zəhra xaladan sonra kor Adıgözəllə papaqçı Qulamhüseyn mənim ədəbiyyat müəllimlərim idi". Naxçıvan ədəbi mühitinin özü də Məmməd Cəfərin formalaşmasında təsirini göstərirdi. Elə bir dövr idi ki, Naxçıvanda məşhur səhnə ustalarının ifasında müxtəlif tamaşalar göstərilirdi. Bu tamaşalar Məmməd Cəfər üçün böyük bir məktəb oldu. Xatirələrdən bəlli olur ki, onun ilk qələm təcrübələri də məhz pyes yazmaqdan başlayıb. Hətta "Kündəgir" imzası ilə şeirlər də yazardı.

1932-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirən Məmməd Cəfər ali təhsil almaq istəyi ilə Bakıya üz tutub. APİ-nin dil və ədəbiyyat fakültəsində oxumaqla yanaşı, müxtəlif qəzet, jurnal redaksiyalarında da çalışıb. Ölkəni bürümüş repressiya illərində Məmməd Cəfər artıq aspirant idi. Bir sualın cavabını da aramalı olduq. Nə yaxşı ki Məmməd Cəfər 37-ci ilin qara caynaqlarına ilişməyib. Xatirələrdən müxtəlif məlumatlar oxuduq. İnstitutu bitirəndə Volterdən yazdığı parlaq diplom işinə görə onu Parisə göndərmək istəyiblər. Lakin "37-ci il hadisələri mane olub". Başqa bir xatirədən sızan məlumatda isə bunları öyrənirik. "Faciəli taleli böyük şairimiz Məmməd Hadi millətçi kimi damğalananda məhz Məmməd Cəfər müəllim onun haqqında "Səni kim unudar" məqaləsini yazmış və bu yazısının altını da çəkmişdi. Məqalənin millətçilikdə suçlanan şairə həsr olunmasından başqa adının özü də cəsarətli idi. Çünki sərlövhəsi dərhal digər bir nakam şairimizin, o illərdə xalq düşməni kimi damğalanmış Mikayıl Müşfiqin məşhur misralarını yada salırdı". Bu fikirləri böyük rəğbətlə qələmə alan xalq yazıçısı Anar söyləyir ki, ədəbiyyatşünaslığımıza, tənqidimizə, ümumən ədəbiyyat tariximizə əvəzsiz xidmətlər göstərmiş alim, neçə-neçə nəslin müəllimi, cəmiyyətin həqiqi ziyalısı kimi də Məmməd Cəfər müəllimin xatirəsi xalqımızın qəlbində həmişə işıq içində qalacaqdır.

Başqa bir mənbədə isə belə əsaslandırılır ki, 1938-1939-cu illərdə Məmməd Cəfər Cəfərov artıq püxtələşmiş elm adamı kimi tanınırdı. Bu alimin tədqiqat obyektləri əsasən Azərbaycan və rus yazarları olub. İlk ədəbiyyatşünas alim idi ki, öz elmi yaradıcılığı boyu rus yazıçı və şairlərinin, demək olar ki, əksəriyyətini tədqiq etmişdi: M.Qorki, V.Belinski, N.V.Çernışevski, V.V.Mayakovski, M.Y.Lermontov, A.P.Çexov, N.A.Nekrasov, A.S.Puşkin, L.N.Tolstoy, A.N.Ostrovski, M.Y.Saltıkov-Şedrin, N.V.Qoqol və başqaları. Bəlkə də bu tədqiqatlar bir "etibarnamə" kimi Məmməd Cəfəri bəladan qoruya bilmişdi.

AMEA-nın müxbir üzvü Tofiq Hacıyev söyləyir ki, 1981-ci ildə akademiyada respublika səviyyəsində bir elmi seminar keçirildi. Məmməd Cəfərin özünə xas olmayan çox əsəbi şəkildə bir alimə üz tutub dediyi sözlər qulağımdan çəkilməyib: "Bu nə fikirdir söyləyirsən? Azərbaycanlıların türkləşməsi nə deməkdir? Məgər ermənilərin erməniləşməsi, gürcülərin gürcüləşməsi, rusların ruslaşması ifadəsi işlənir?" Əlbəttə, o dövrdə belə bir sərtliklə məsələni qabartmaq böyük cəsarət idi. Təbii ki, bu işdə ölkəyə rəhbərlik edən ümummilli liderə arxalanmaq var idi.

Sağlığında 30 kitabı işıq üzü görmüş Məmməd Cəfərin ilk bədii əsəri "Snayper İlyas" İkinci dünya müharibəsi illərində çap edilib. Dövri mətbuatda müntəzəm çıxış edən Məmməd Cəfərin ədəbi, tənqidi, publisist və bədii əsərləri ona geniş şöhrət gətirib. Bir tərəfdən Azərbaycan-rus ədəbi əlaqələri, Azərbaycan-rus və Avropa klassik ədəbi irsi, dərsliklər, ədəbiyyat tarixləri və ali məktəblər üçün mühazirələri onu tənqidçi, ədəbiyyatşünas alim, pedaqoq kimi səciyyələndirir.

Dünya füzulişünaslığında xidməti olan tədqiqatçılar çoxdur. Bunların sırasında ən dəyərlisi isə Məmməd Cəfər Cəfərov sayılır. Onun tədqiqatlarında Füzuli sənətinin humanist məzmunu elmi şəkildə mükəmməl araşdırılıb. Azərbaycan füzulişünaslığında da Məmməd Cəfər qədər bu şairin yaradıcılığındakı idrak nəzəriyyəsini səciyyələndirən ikinci ədəbiyyatşünas yoxdur. 1958-ci ildə Füzulinin vəfatının 400 illiyi ərəfəsində müəllifin işıq üzü görmüş "Füzuli düşünür" monoqrafiyası uzun illərdir ki, ali məktəblərdə öyrənilməkdə davam edilir. Füzuli yaradıcılığına baxış, onun elmi-fəlsəfi dünyagörüşünün araşdırılması, eləcə də yaradıcılığının məna çalarlarının zənginliyinin inandırıcı dəlillərlə şərhi çox dəyərlidir.

Zəngin mənəviyyata malik olan Məmməd Cəfər çox xeyirxah idi. Ondan dərs almış tələbələri söyləyirlər ki, ADU-da (indiki BDU) dekan olarkən öz maaşını bütünlüklə kasıb tələbələrə paylayarmış. Hətta uzun illər Nizami adına Ədəbiyyat İnstitutunda işlədiyi vaxtlarda da gənc həmkarlarına hər cür şəkildə dayaq olarmış. Filologiya elmləri doktoru Şamil Qurbanov xatirələrinin birində riqqətlə yazıb: "Məmməd Cəfər müəllimin övladı yox idi, o, bütün tələbələri övlad kimi sevirdi. O, dekan olanda hamının qeydinə qalırdı. Müəllim kimi isə tayı-bərabəri yox idi". Təəssüf ki, belə insanlar indi həyatda azdır.

Məmməd Cəfər ədəbiyyat nəzəriyyəçisi, tənqidçi, xarici ölkələr ədəbiyyatı tədqiqatçısı, filosof, pedaqoq, nasir, ən başlıcası isə çox müdrik və təvazökar insan idi. Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçinin elmi redaktorluğu ilə Məmməd Cəfər Cəfərovun "Seçilmiş əsərləri" latın qrafikası ilə çap edilərək oxuculara çatdırıldı. Öz müəlliminə minnətdarlıq duyğusu ilə bu əsərləri çapa hazırlayan Elçin "Cəfər müəllim" adlı xatirəsində rəğbətini belə dilə gətirib: "Məmməd Cəfərin yaradıcılığı klassik və müasir ədəbiyyatımızın ədəbi bədii təhlili və bundan da daha artıq dərəcədə ictimai fəlsəfi mündəricəsinin açılması baxımından qiymətlidir".

Həqiqətlər mücəssəməsi kimi dəyərləndirilən Məmməd Cəfərin kitabları rus, ingilis, fransız, ərəb, fars, ispan və türk dillərində buraxılmışdır. Əməkdar elm xadimi, respublika Dövlət mükafatı laureatı adını qazanan bu unudulmaz alim Lenin, iki dəfə "Şərəf nişanı" ordenləri ilə təltif olunmuşdur. Ömrü boyu daxilən azad olan bu fenomen şəxsiyyət müstəqilliyimizi görsə də, təəssüf ki, müstəqilliyimizin bizə verdiyi tərəqqini, büsatı, bu inkişafı müşahidə etmək ona qismət olmadı. Ürəyində çox niskillərlə bu dünyanı tərk etdi. Unudulmaz ədəbiyyatşünas alim Yaşar Qarayev onun haqqında yazırdı: "Onlarla elmlər namizədi və elmlər doktoru yetişdirən Məmməd Cəfər əxlaqi zənginliyinin ən böyük mənəvi haqqını təmiz və ləkəsiz yaşayan bir ömrün müqəddəs sadəliyinin qiyməti ilə ödəmişdir".

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-3 avqust.- S.  5.