Azərbaycanda özəl sektor yeni inkişaf mərhələsinə qədəm qoyub

 

Prezident İlham Əliyevin son 8 ildə elmi əsaslarla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmişdir. Paytaxtın və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər ölkəmizin bugünkü uğurlarını şərtləndirmişdir. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuşdur.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda regionların inkişafı ilə yanaşı, sahibkarlığın dinamik yüksəlişinə də xüsusi önəm verilir. Proqrama əsasən, sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə də yönəldilir. Dövlət Proqramında həmçinin davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.

Dövlətimizin başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilmişdir. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulması dövlətin özəl sektora dəstəyinin real təzahürüdür. Sahibkarlara dövlət tərəfindən ayrılan güzəştli kreditlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin qarşısının alınması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan qanunun qəbulu iş adamları tərəfindən razılıqla qarşılanır.

Prezident İlham Əliyevin 2010-cu il 13 aprel tarixli "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" fərmanı da bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlu davamıdır. Fərmanın imzalanması istehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun tənzimlənməsi, yoxlamalar zamanı səlahiyyətlərdən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, həmin yoxlamalar zamanı alınan nəticələrin uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsini təmin etmək məqsədi daşıyır.

2011-ci ildə sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ayrılan maliyyə vəsaitlərinin həcminin artması da son dərəcə təqdirəlayiq faktdır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir. Bu sahədə yürüdülən siyasətin başlıca hədəflərindən biri də əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyalar cəlb etmək, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisini durmadan artırmaqdır. Ölkəyə investisiya qoyuluşları sahəsində dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyini daha da artırmaq baxımından hələ 2006-cı ildə Dövlət İnvestisiya Şirkətinin yaradılmasının da mühüm əhəmiyyəti olmuşdur. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Şirkət eyni zamanda xarici sərmayədarlarla birgə layihələr həyata keçirərək onlarda inam və etimadın güclənməsini təmin edir. Qürur doğuran haldır ki, bu gün Azərbaycan investisiya cəlbediciliyinə görə dünyanın öndə olan dövlətlərindəndir.

Azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən cənab İlham Əliyev özəl sektorun inkişafına xüsusi diqqət yetirir. Regional inkişaf proqramının icrası nəticəsində təkcə bu ilin altı ayında 38 min yeni iş yeri açılmışdır və bu proses davam edir. Cari ilin altı ayında Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 823 sahibkarlıq subyektinə ayrılan 72 milyon manat güzəştli kreditlərin 72 faizi respublikanın regionlarının, 24 faizi isə Bakı qəsəbələrinin payına düşür. Bu vəsaitlərin 70 faizindən çoxu aqrar sektorun inkişafına yönəldilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə güzəştli kredit alan sahibkarların sayı və kreditlərin məbləği 1,5 dəfə, yeni iş yerlərinin sayı isə 1,6 dəfə artmışdır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsinin nəticəsi olaraq hesabat dövründə "bir pəncərə" sistemi ilə qeydiyyata alınan sahibkarların 52,7 faizi regionların payına düşür. Ölkəmizin başçısının "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli fərmanının icrası ilə əlaqədar olaraq biznes mühitinin yaxşılaşdırılması məqsədilə cari il iyul ayının 1-dən etibarən yeni elektron xidmətin göstərilməsinə başlanılıb. Belə ki, artıq sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirmək istəyən fiziki şəxslər vergi orqanlarına getmədən internet Vergi İdarəsi vasitəsilə birbaşa on-line rejimində qeydiyyata alınırlar ki, bu, qeydiyyat sahəsində mühüm bir mərhələ sayıla bilər.

Sahibkarlığın inkişafına böyük diqqətin göstərilməsi, iş adamlarımızın beynəlxalq bazarlara çıxması üçün əlverişli imkanların yaradılması aparılan siyasətin məqsədyönlülüyündən xəbər verir. Qlobal böhranın tam aradan qalxmadığı bir şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiə edilməsi qarşıya qoyulan bütün məsələlərin həllinə imkan yaradacaqdır. Prezident İlham Əliyev Azərbaycan-Polşa biznes forumunda bildirmişdi: "Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılmışdır. İqtisadi sahədə liberallaşma siyasəti aparılır, Azərbaycanda biznes strukturları güclənir. Həm böyük şirkətlər, həm də kiçik və ortahəcmli şirkətlər öz fəaliyyətlərini gücləndirir. Özəl sektorun Azərbaycanın ümumi daxili məhsulundakı payı 80 faizə çatıbdır. Nəzərə alsaq ki, cəmi iyirmi il bundan əvvəl Azərbaycanda özəl sektor faktiki olaraq mövcud deyildi, hesab edirəm, bu çox gözəl göstəricidir. Yəni, qısa müddət ərzində həm siyasi və eyni zamanda, iqtisadi islahatlar nəticəsində Azərbaycanda liberal iqtisadiyyat tam formalaşıb, bazar iqtisadiyyatı prinsipləri tam qüvvəyə minibdir. Bu bizə öz iqtisadi imkanlarımızı əhəmiyyətli dərəcədə artırmağa imkan verdi".

Ölkədə həyata keçirilən liberal iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi əldə edilən müsbət nəticələrdir. Respublikamızın uğurları dünyanın ən nəhəng reytinq təşkilatlarının və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Azərbaycanın adı son illərdə beynəlxalq maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir. Bütün bunlar ölkədə aparılan iqtisadi siyasət strategiyasının düzgünlüyünü bir daha təsdiqləyir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.- 4 avqust.- S.  1.