On üç yaşlı azərbaycanlı qızın erməni terrorunun qurbanı olması məsələsi BMT-də qaldırılmışdır

 

AzərTAc BMT-nin mətbuat mərkəzinə istinadla xəbər verir ki, Azərbaycanın Ermənistan ilə həmsərhəd rayonu olan Tovuzun Əlibəyli kəndində 13 yaşlı Aygün Şahmalıyevanın erməni təxribatı nəticəsində həlak olması məsələsi BMT-də qaldırılmışdır.

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin təşkilatın baş katibinə göndərdiyi məktubun surəti BMT-nin üzvlərinə paylanmışdır. Məktubda qeyd olunmuşdur ki, cari il iyulun 14-də oyuncağa yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində 13 yaşlı azərbaycanlı qız Aygün Şahmalıyeva həlak olmuşdur. Onun 32 yaşlı anası Elnarə Şahmalıyeva isə ağır yaralanmışdır. Hadisənin qurbanı içərisində partlayıcı qurğu yerləşdirilmiş oyuncağı Tovuz çayından tapmışdır. Mənbəyi Ermənistan ərazisində yerləşən çay Əlibəyli kəndindən keçir. Partlayıcı-tələ rolunu oynayan oyuncaq Ermənistanda hazırlanmış və məqsədli şəkildə çaya atılmışdır. Partlayıcının hədəfi qonşuluqda yerləşən Azərbaycan kəndlərinin uşaqları olmuşdur.

Məktubda vurğulanmışdır ki, formal atəşkəs rejiminin olmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə qarşı qərəzli hücumları son aylarda daha da intensivləşmişdir. Beynəlxalq hüququn normalarına zidd olan bu hərəkətlər nəticəsində cəbhə xətti boyunca yaşayan dinc sakinlər həlak olur və şikəst qalırlar. Ermənistanın Azərbaycana qarşı müharibəsinin səbəblərinin və faciəvi nəticələrinin qiymətləndirilməsi onu göstərir ki, dinc azərbaycanlılara qarşı son hücumlar, o cümlədən uşaqların öldürülməsi təsadüfi əməllər deyil. Bu, Ermənistanın geniş və ardıcıl siyasətinin, vəhşilik təcrübəsinin əsas nümunəsidir. Azərbaycan BMT-nin üzvü olan dövlətləri Ermənistanın insan ləyaqəti, hüquq və azadlıqlarına hörmətsizlik siyasətinə, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində törətdiyi cinayətlərə görə cəzasızlığa son qoymağa çağırır. Azərbaycan Respublikası Ermənistanın tərəflər arasında etimadın yaradılması və münaqişənin həllinin tapılmasına heç bir töhfə verməyəcək təxribatçı əməllərini qətiyyətlə pisləyir. Azərbaycan vətəndaşlarının qəsdən öldürülməsi bir daha Ermənistanın hamı tərəfindən qəbul olunmuş mənəvi və etik prinsiplərə, BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn normalarına əməl etmək istəmədiyini göstərir.

 

 

Azərbaycan.- 2011.- 5 avqust.- S. 3.