Almaniyanın nüfuzlu qəzetlərində Dağlıq Qarabağ həqiqətlərinə dair məqalələr dərc olunmuşdur

 

Almaniyanın nüfuzlu "Die Welt" və "Frankfurter Rundschau" qəzetlərində isveçrəli jurnalist Andre Vidmerin Dağlıq Qarabağ həqiqətlərinə dair geniş məqalələri dərc edilmişdir.

Məqalələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi obyektiv şəkildə şərh olunmuşdur. Münaqişənin həqiqətlərini Avropa oxucularına çatdıran müəllif vurğulamışdır ki, Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağ 1991-ci ildə qanunsuz olaraq erməni hərbçiləri tərəfindən işğal edilmişdir. Bunun nəticəsində bir milyondan çox azərbaycanlı öz yurd-yuvalarından didərgin düşmüşdür. İşğal olunmuş torpaqlarda tarixi, dini abidələr, mədəniyyət evləri dağıdılaraq məhv olunmuşdur. Beynəlxalq hüquq normalarına zidd olaraq minlərlə azərbaycanlı əsir və girov götürülmüşdür. Hazırda işğal edilmiş torpaqlarda hakimiyyətdə olan hərbi rejim qətllər və etnik təmizləmə ilə məşğuldur. Hətta Ermənistan hökuməti bu rejimi müstəqil dövlət kimi tanımadığını etiraf edir.

Yazılarda şahid ifadələrinə də xüsusi yer ayrılmışdır.

İsveçrəli jurnalist bildirmişdir ki, BMT və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu faktını bütün müstəqil dövlətlər, o cümlədən Avropa ölkələri dəstəkləyir.

A.Vidmer artıq ona qarşı ermənilər tərəfindən təzyiqlərin də başladığını qeyd etmişdir.

 

 

Azərbaycan.- 2011.-5  avqust.- S.  3.