Qarabağ ağrılı yaddaşlarda

 

Qarabağ tariximizin yaddaşıdır. Yadellilər zaman-zaman onu odlara qalasalar, qəddini əysələr də, sındıra bilməyiblər. Qarabağa diş qıcayan daşnaklar və XX əsrdə Azərbaycan torpaqlarında yaradılmış və şovinizmin qidalandırdığı, terrorçuluğun yuvası olan Ermənistanın iki əsr ərzində dəfələrlə türklərə, o cümlədən azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasəti nəticəsində soydaşlarımız qətlə yetirilmiş, xalqımız qaçqınçılıq və məcburi köçkünçülük həyatı yaşamışdır. Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlıların əzəli ata-baba yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmaları barədə dəfələrlə söz açılsa da belə, beynəlxalq birliyin bu faktlara laqeyd münasibəti, göz yumması sonrakı dövrlərdə dəhşətli işgəncə və qətliamlara rəvac verib. Ermənilərin türklərə qarşı belə qeyri-insani münasibətlərin kökündə, təbii ki, işğalçılıq siyasəti, "Böyük Ermənistan" dövlətinin yaradılması ideologiyası dayanır. Lakin o da artıq məlumdur ki, bu deportasiya və soyqırımlarına digər səbəblər də istisna deyildir ki, onlardan bəziləri üzərində dayanmağa dəyər.

Əlbəttə, məqsəd dəfələrlə azəri türklərinə qarşı törədilmiş vandalizm aktı barədə son illər bir-birini təsdiq edən təkzibolunmaz faktların şərhlərindən ibarət xeyli nəşrlər vardır. Belə nəşrlərdən biri də "Sağlam İnkişaf və Maarifləndirmə" ictimai birliyi tərəfindən, "İşğal olunmuş torpaqlarımızı unutmayaq" layihəsi çərçivəsində respublika Gənclər və İdman Nazirliyinin dəstəyi ilə çapdan buraxılmış "Qarabağ: yaddaş"ı, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən toplanaraq tərtib edilmiş "Erməni cinayətləri" (sənədlər əsasında), həmçinin K.K.Şükürovun "Azərbaycan əhalisi: öyrənilməsi, tarixi və qaynaqları", A.Paşayevin, "Qarabağ bölgəsində erməni vəhşilikləri", Y.MahmudovK.Şükürovun müəllifi olduğu "Qarabağ: real tarix, faktlar, sənədlər" və başqa nəşrlər göstərir ki, arandağ Qarabağın tarixi, coğrafiyası, həmçinin etnoqrafiyası, nəhayət, işğala məruz qalması nəticəsində maddi-mədəniyyət (mənəviyyat), dini abidə və inanc yerlərinin erməni vandalları tərəfindən məhv olması barədə müfəssəl məlumat verilir. Bu materiallardan bir daha aydın dərk edilir ki, etnik təmizləmə siyasətində eyni zamanda Qafqazı daim qaynar qazan həddində saxlayan imperiyaların barmağının olması danılmazdır. Bir sıra "sənədlər" (həmin işğalları, daha dəqiq desək, ərazilərimizin ilhaqını reallaşdıran "sülh müqavilələri") də təsdiq edir ki, imperiyaların caynağı daim torpaqlarımızın təkinə uzanıb və təkcə təbii sərvətlərimizə deyil, soykökümüzə də qənim kəsiliblər.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" ictimai birliyinin sədri Bayram Səfərovun "Ön söz"ü ilə açılan "Qarabağ: yaddaş" kitabı isə bu qəbildən olan digər nəşrlərdən fərqlənir. Ən əsası isə burada Ermənistanın işğalçılıq siyasətinin məhz öz mənbələrinə əsaslanaraq verilməsidir: "Qafqaz Ermənistanı" anlayışı XX əsrdə meydana çıxmışdır ki, bu da Azərbaycan xanlıqlarına məxsus - Naxçıvan və İrəvan torpaqlarında ikinci yüzilliyin əvvəllərində qurulan erməni dövləti idi.

Tərtibçi-müəllif Anar Xəlilov istinad etdiyi və əsaslandırdığı faktlarda göstərir ki, 1988-ci ildə Ermənistan ərazisində azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti qəddarlıq və vəhşiliklə həyata keçirildi. Nəticədə 250 min nəfər soydaşımız yenidən öz ata-baba torpaqlarından qovularaq qaçqına çevrildilər. Qeyd etməliyik ki, hələ 1828-1830-cu illərdə çar Rusiyasının köməyi ilə Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər dəfələrlə Dağlıq Qarabağı qoparmağa çalışmışdılar. 1988-ci ildə öz havadarlarına - daşnaklara, xarici ölkələrdə terrorçuluqla məşğul olan lobbilərinə, nəhayət, vassallıq etdiyi Rusiyaya arxalanan Ermənistan silahlı qüvvələri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa genişmiqyaslı hücumlara başladı. 1988-92-ci illər ərzində Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının daha 20 faizi - Dağlıq Qarabağ və eləcə də onun ətrafında olan 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) əraziləri işğal edildi. Bu işğallar nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi.

Bütün münaqişə və müharibələr təkcə məhvedici dağıntılar, ərazi ilhaqları ilə nəticələnmir. Burada söhbət bəşəriyyətin ən ülvi varlığı olan insan övladının düçar olduğu qəddarlıq və dəhşətlərdən gedir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin düşmüş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil və şikəst olmuşdur. Bu təcavüz, eyni zamanda, Azərbaycan üçün 17 min kvadratkilometr (əsasən məhsuldar və təbii sərvətlərlə zəngin) torpaqların işğalı, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil, 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin dağılması, bütünlüklə məhv edilməsi deməkdir.

Respublikamızın ərazilərinin işğalı zamanı və ümumiyyətlə, ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasəti əvvəllər pərdəarxası (gizli şəkildə) həyata keçirilmişdirsə, ötən əsrin 90-cı illərindən bu özünü açıq-aşkar göstərmişdir.

Ermənistanın Azərbaycana qarşı apardığı soyqırımı siyasətini ifşa etmək bütünlüklə geniş ictimaiyyətin borcuna çevrilsə də, bu təbliğatda Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi önəm daşımışdır. Çünki haqq-ədalətin dünya xalqlarına olduğu kimi çatdırılması fondun fəaliyyətinin prioritetlərindən birinə çevrilmişdir. Qarabağın aranlı-dağlı bütün ərazilərinin xalqımıza məxsus olması barədə əsaslandırılmış faktlarla Avropa ictimaiyyətini doğru-düzgün məlumatlandıran Heydər Əliyev Fondu bununla ulu öndərin missiyasını sədaqətlə davam etdirir.

Ermənilər bir əsr ərzində milyon yarımdan artıq azərbaycanlını qətlə yetirmişlər. Bu gün erməni təbliğat maşını bütün dünyada qondarma erməni soyqırımı adı altında yalan-iftira yaymaqla məşğuldur. Tarixçilərimiz bu böhtan və yalanları ifşa etmək üçün konkret faktlar ortaya qoyur. Tarixçilərin araşdırmalarına görə, bu hadisədə milyon yarımdan artıq azərbaycanlı qətlə yetirilmişdir.

1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Lenin Stepan Şaumyanı Qafqazın fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdir. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrindən istifadə edərək martın 31-də Bakıda azərbaycanlıların kütləvi qırğınını törətmişlər. Soyqırımı yalnız Bakı ilə məhdudlaşmamış, qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qarsda da ermənilər tərəifndən törədilmişdir.

Kitabda Qarabağ müharibəsi zamanı ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımına, terror və qətliamlara aydınlıq gətirmək üçün 1991-1993-cü illərdə rayonları işğal etdikləri zaman əsir götürdükləri, girov apardıqları insanlara verdikləri zülm və zillətlərdən bəhs edən faktlar kifayət qədərdir.

Haqqında söz açılan kitabda işğal altında qalan ərazilər barədə, sadəcə, məlumat verilmir. Hər bir rayonun tarixi, yaranması, inkişafı və nəhayət, işğala məruz qalması nəticəsində dəymiş maddi-mənəvi ziyan, məhv edilmiş maddi-mədəniyyət abidələri, əlil və itkinləri, şəhid və milli qəhrəmanları haqqında yetərincə məlumat almaq mümkündür.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.- 5 avqust.- S. 5.