Qəbələ III Beynəlxalq Musiqi Festivalı "Euronews" telekanalında

 

V.Spindler: Qəbələ Yer kürəsinin ən gözəl guşələrindən biridir

 

"Euronews" telekanalında Qəbələdə keçirilən III Beynəlxalq Musiqi Festivalı haqqında reportaj yayımlanmışdır.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ənənəvi olaraq Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalında "Euronews" kanalının çəkiliş qrupu da iştirak etmişdir. İki gün ərzində festivalda çəkiliş aparan heyətin hazırladığı reportajda Yuri Başmet, Rauf Abdullayev, Boris Berezovski, Denis Maçuyev, Sergey Krılov, Anna Samuil, Sergey Leyferkus, Oksana Yablonskaya, Dmitri Yablonski, Rusiyanın tanınmış "Terem kvartet"i və digər usta musiqiçilərin çıxışları öz əksini tapmışdır.

Telekanalın müxbiri Volfqanq Spindlerin qənaətinə görə, Qəbələ Yer kürəsinin ən gözəl guşələrindən biridir.

Çəkiliş qrupu festival haqqında reportajla kifayətlənməyərək, materialda Qəbələnin - qədim Albaniyanın paytaxtının tarixi varisi olan şəhərin qeyri-adi gözəlliyini də işıqlandırmışdır. Yerli İsveçrə adlandırılan Qəbələ rayonunun qeyri-adi təbiəti, festivalda qonaqlar və turistlər üçün yaradılan möhtəşəm şərait "Euronews" komandasında böyük təəssüratlar doğurmuşdur.

Bu festivalın dünyanın aparıcı telekanallarından biri olan "Euronews"da işıqlandırılması Azərbaycanın mədəniyyəti, ənənələri və xüsusən də musiqisinə artan böyük maraqdan xəbər verir.

 

 

Azərbaycan.- 2011.- 6 avqust.- S. 5.