Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin görüşü

 

 Avqustun 9-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin görüşü olmuşdur.

 

Azərbaycan dövlətinin başçısını salamlayan Rusiya Prezidenti Dmitri MEDVEDEV dedi:

- Hörmətli İlham Heydər oğlu! Sizi Soçidə ürəkdən salamlayıram.

Bura ikitərəfli münasibətlərdə cari vəziyyəti, regional gündəliyi müzakirə etmək, bizi darıxmağa qoymayan beynəlxalq işlərə nəzər salmaq üçün yaxşı yerdir. Qlobal maliyyə sistemlərində müəyyən iqtisadi problemlər yaranmışdır ki, bu da asan mövzu deyildir.

Əlbəttə, ilk növbədə diqqətimi ölkələrimiz arasında ikitərəfli dialoqun inkişafı üzərində cəmləmək istərdim. Zənnimcə, bu dialoq son dərəcə yaxşı gedir. Bu baxımdan son vaxtlar çox görülmüşdür. Həm yaxın illər üçün əməkdaşlığın mahiyyətini müəyyənləşdirən fundamental sazişlərin imzalanmasını, həm ikitərəfli əmtəə dövriyyəsinin artmasını, eləcə də bir sıra iri layihələri nəzərdə tuturam. Amma əlbəttə, elə məsələlər vardır ki, məsləhətləşmək və ya tərəfdaşın mövqeyini aydınlaşdırmaq lazımdır.

Əlbəttə, ən əsas mövzulardan biri Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasıdır. Mən, həmçinin bundan sonra nə etmək, Kazanda üçlükdə keçirilmiş son görüşümüzübu formatda əvvəlki görüşləri nəzərə almaqla hadisələrin necə inkişaf edə biləcəyi barədə Sizinlə son dərəcə açıq söhbət aparmaq istəyirəm.

Regional problemlərin həlli bizim üçün həqiqətən çox əhəmiyyətlidir, çünki biz yaxın ölkələrik, qonşuyuq, çox yaxın dostlar və tərəfdaşlarıq. Əslində, bütün regionun, ölkələrimizin, xalqlarımızın əhvalı regionumuzda hadisələrin necə inkişaf etməyindən asılıdır. Odur ki, bu məsələlərlə bağlı da məsləhətləşmək istəyirəm.

Sizi bir daha salamlamaqdan məmnunam. Hava da ürəkaçandır. Əgər diqqət yetirmisinizsə, Soçidə həmişə hava rütubətlidir. Bu gün isə rütubətli deyil, sadəcə istidir.

 

Minnətdarlığını bildirən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Çox sağ olun, Dmitri Anatolyeviç.

Dəvətə görə sağ olun. Soçidə, bu dəfə yayda Sizinlə yenidən görüşməyimə çox şadam. Buradakı görüşlərimiz bir qayda olaraq qış vaxtında keçirilir. Odur ki, birinci dəfə yay vaxtı burada olmaq, ən başlıcası isə Sizinlə görüşüb, dediyiniz məsələləri müzakirə etmək imkanına malik olmaq mənim üçün çox maraqlıdır.

Həqiqətən, gündəliyimiz çox genişdir. İkitərəfli formatda bütün məsələlər, demək olar, həll edilmişdir. Haqqında danışdığınız müqavilələr son illər görülmüş işlərin zirvəsidir dost, mehriban qonşuluq tərəfdaşlıq münasibətlərimizin həm formasını, həm ruhunu, həm xarakterini əks etdirir.

Əgər ikitərəfli əlaqələrin gündəliyinə nəzər salsaq, bütün istiqamətlər üzrə müsbət yaxşı dinamika görürük. Siyasi məsləhətləşmələr, o cümlədən yüksək səviyyədə məsləhətləşmələr müntəzəm aparılır. Qarşılıqlı siyasi fəaliyyət regional əməkdaşlığın inkişafına kömək edir.

Sizin qeyd etdiyiniz kimi, iqtisadi sahədə əmtəə dövriyyəsinin artması, strukturun yaxşılaşması, əmtəə dövriyyəsinin bundan sonra da genişlənməsi perspektivləri vardır.

Humanitar əməkdaşlıqda, enerji təhlükəsizliyi məsələlərində, eləcə bir çox digər sahələrdə müsbət prosesləri qeyd edə bilərəm. Bu gün biz məmnuniyyətlə qeyd edirik ki, münasibətlər çox müsbət, dinamik inkişaf edir.

Biz qonşuyuq, iki Xəzər ölkəsi, iki Qafqaz ölkəsiyik əlbəttə, regiondakı proseslər çox cəhətdən qarşılıqlı fəaliyyətimizdən asılıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərinizə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Biz Azərbaycanda Sizin şəxsən bu prosesə qoşulmağınızı çox yüksək qiymətləndiririk. Üçtərəfli formatda keçirilən danışıqların mərhələləri, heç şübhəsiz, tərəflərin mövqelərini xeyli yaxınlaşdırmışdır.

Bu, regional təhlükəsizliyin əsas problemidir bütün köçkünlərin öz yaşayış yerlərinə qayıtması, regionda sülhün, əmin-amanlığın, əməkdaşlığın bərqərar olması üçün münaqişənin tezliklə həllində Azərbaycan, əlbəttə, başqasından bəlkə daha çox maraqlıdır.

Əlbəttə, nizamlamanın nəzərdə tutulan prinsipləri beynəlxalq hüquq normalarını, sağlam düşüncəni əks etdirir. Odur ki, münaqişənin tezliklə həll olunması bütün ölkələrin mənafeyinə uyğundur.

Göstərdiyiniz səylərə, habelə son illər ölkələrimizi yaxınlaşdıran gördüyümüz bütün müsbət işlərə, havaların yaxşı keçdiyi gözəl Soçi şəhərinə dəvət etdiyinizə görə bir daha şəxsən Sizə minnətdarlığımı bildirmək istəyirəm.

 

* * *

 

Prezidentlər İlham Əliyev və Dmitri Medvedev elektromobildə şəhəri gəzmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 10 avqust.- S.  1.