Nəqliyyat Nazirliyində ilin birinci yarısının yekunları müzakirə edilmişdir

 

Avqustun 9-da Nəqliyyat Nazirliyində Azərbaycan Respublikasının yol-nəqliyyat kompleksinə daxil olan sahələr üzrə ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir.

Nazirliyin mətbuat katibliyindən AzərTAc-a bildirmişlər ki, iclasda ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla həyata keçirilməsi nəticəsində son illər ölkə iqtisadiyyatının hərtərəfli və sürətli inkişafı qeyd olunmuş, respublikamızın bütün sahələrdə böyük nailiyyətlərə nail olduğu, iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlər sırasına çıxdığı diqqətə çatdırılmışdır.

İlin 6 ayında nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışan nəqliyyat nazirinin müavini Musa Pənahov Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti, gərgin əməyi nətisəsində ölkə iqtisadiyyatının, eləcə də yol-nəqliyyat kompleksinin yüksək inkişaf səviyyəsinə çatdığını, nəqliyyat sektorunda regional əhəmiyyətli infrastruktur layihələrin uğurla həyata keçirildiyini vurğulamış, yarımillik yekunlarla bağlı geniş və ətraflı məlumat vermişdir.

Kollegiya iclasında "Azərbaysan Dəmir Yolları" QSC-in sədri Arif Əsgərovun, "Azəryolservis" ASC-in sədri Cavid Qurbanovun, "Avtonəqliyyatservis" Departamentinin rəisi Çingiz Baxışevin hesabatları dinlənilmişdir.

Sonda bəzi qurumların fəaliyyəti istisna edilməklə, ümumilikdə yol-nəqliyyat kompleksi üzrə ilin birinci yarısının yekunları qənaətbəxş hesab edilmişdir. Qurumların fəaliyyətində irəliləyişlərin olmasına baxmayaraq, müəyyən qüsurların olduğu, avtomobil və dəmir yolları sahəsində sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyi vurğulanmış və şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddətdə sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verilmişdir.

Kollegiya iclasında müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul olunmuşdur.

 

 

Azərbaycan.- 2011.-10  avqust.- S.  2.