Baş Prokurorluqda "Elektron Sənəd Dövriyyəsi" Proqramının təqdimat mərasimi keçirilmişdir

 

Azərbaycan Respublikası Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, avqustun 9-da dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə "Elektron Sənəd Dövriyyəsi" Proqramının təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə çıxış edən baş prokurorun müavini Namiq Əsgərov prokurorluq orqanlarının həyatında mühüm əhəmiyyət kəsb edən bu əlamətdar hadisə münasibətilə mərasim iştirakçılarını təbrik etmişdir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar nəticəsində prokurorluğun fəaliyyətində aşkarlığın təmin olunduğunu, həyata keçirilən tədbirlərin obyektiv işıqlandırıldığını, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrin genişləndirildiyini diqqətə çatdırmışdır.

N.Əsgərov Baş Prokurorluqda ən müasir informasiya texnologiyalarını tətbiq edən Hüquqi Təminat və İnformasiya İdarəsinin yaradıldığını bildirmişdir.

Baş prokurorun müavini xüsusi vurğulamışdır ki, prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi sayəsində "Elektron Sənəd Dövriyyəsi" Proqramı hazırlanmışdır. Proqrama ilkin mərhələdə Baş Prokurorluğun idarə və şöbələri, ikinci mərhələdə Respublika Hərbi Prokurorluğu, Bakı Şəhər Prokurorluğu, Bakı şəhərinin rayon prokurorluqları, üçüncü mərhələdə isə rayon (şəhər) və ərazi hərbi prokurorluqları qoşulacaqlar.

Tədbirdə çıxış edən Hüquqi Təminat və İnformasiya İdarəsinin rəisi Natiq Hüseynov qeyd etmişdir ki, Baş Prokurorluqda və tabe prokurorluqlarda sənədlərin elektron mübadiləsini təmin edəcək mərkəzləşdirilmiş sistemin yaradılması üzrə zəruri işlər görülmüşdür. Mərkəzləşdirilmiş informasiya-kommunikasiya sistemində Baş Prokurorluğun hər bir idarə və şöbələri tərəfindən yerləşdiriləcək əsas məlumat bazası üçün zəruri olan texniki tələblərə dair məsələlər öyrənilmiş, sistemin təşkili və səmərəli fəaliyyəti üçün vacib olan tədbirlər müəyyənləşdirilmişdir.

Sistemdə sənədlərin elektron dövriyyəsi, idarədaxili mübadiləsi, elektron arxivlərin yaradılması kimi elementlər təşkil olunacaqdır. Bu məqsədlə müvafiq işlərin həcminin müəyyən edilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə rəsmi müraciət edilmişdir. Aparılmış araşdırmalar və hesablamalar nəticəsində prokurorluğun balansında olan bütün inzibati binalar arasında optik kabel vasitəsilə vahid şəbəkənin yaradılması, sistemin fəaliyyətini təmin edəcək müasir kompyuter avadanlığının alınması üçün tələb olunan resursların həcmi müəyyən edilmişdir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev çıxışında korrupsiya cinayətlərinin istintaqında informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətini qeyd etmişdir.

Tədbirdə "Elektron Sənəd Dövriyyəsi" Proqramının mahiyyəti, işləmə mexanizmi, üstün cəhətləri iştirakçıların diqqətinə çatdırılmış, onları maraqlandıran suallara ətraflı cavablar verilmişdir.

 

 

Azərbaycan.- 2011.- 10 avqust.- S.  2.