Azərbaycanın modern dövlət quruculuğunda turizmin yeri və rolu yüksəlir

 

Qloballaşan dünyada turizmin strateji əhəmiyyətli sahə kimi nəzərdən keçirilməsi onun təkcə mənfəətli iqtisadi fəaliyyət növü olması ilə şərtlənmir. Müasir dövrdə turizmin inkişafı həm də təbliğati-siyasi mahiyyət daşımaqla hər bir dövlətin beynəlxalq arenaya çıxışını sürətləndirmək, coğrafi resurslarını, mövcud imkanlarını, mədəniyyətini təbliğ etmək, tanıtmaq vasitəsinə çevrilmişdir.

 

Turizm və istirahət iqtisadiyyatının tarixi və bəzi nəzəri aspektləri

 

Müasir zamanda iqtisadiyyatın ən gəlirli sahəsinə çevrilmiş turizm qədim tarixi köklərə malikdir. Çünki insan övladı bütün zamanlarda səyahətlər etmişdir. Ona görə hər bir tarixi mərhələdə turizm kateqoriyasına aid edilə bilən insan fəaliyyəti elementlərinə rast gəlmək mümkündür. Orta əsrlərdə mövcud olmuş karvan yolları, karvansaralar hər biri özündə səyahət elementlərini birləşdirirdi. Böyük coğrafi kəşflər dövründə məcara həvəskarları, demək olar ki, dünyanın bütün limanlarından yelkənlərlə dənizə çıxırdılar. Bu gün dünyada elə bir xalq və mədəniyyət tapmaq mümkün deyil ki, onun tarixində səyahətlər əks olunmasın. Hər bir xalqın folklorunda bu və ya digər səyahətçilər barədə əfsanə və rəvayətlərə rast gəlmək mümkündür. Buna əsaslanaraq söyləmək olar ki, turizm həm qədim lokal sivilizasiyaları, eləcə də bütövlükdə dünya sivilizasiyasının təşəkkülü və inkişafında çox böyük rol oynamışdır. Bu mənada turizm və səyahətlərin tarixi mədəniyyət tarixinin bir hissəsidir.

Yerindən, məqsədindən, müddətindən asılı olaraq turizmin bir çox növləri var. Məsələn, rekreasiya turizmi istirahətlə həyata keçirilən səyahətdir. Turizmin bu növü bütün dünyada geniş yayılmışdır. Belə səfərlərin xarakterik xüsusiyyəti onun müddətinin böyük olmasıdır. Müalicə turizmi fərdi səyahət növüdür. Belə turların davamiyyət müddəti adətən digər turizm növlərindən çox olur (Sanatoriyalara gəliş turizmə şamil edilmir. Çünki sanatoriyalar xəstəxanaların bir növüdür). İstirahət etmək, əylənmək, idmanla məşğul olmaq məqsədilə istirahət günlərində hər hansı bir yerə hərəkət etmək "həftəsonu turizm" adlanır. Elmi və konqres turizmi müxtəlif simpoziumlarda, yığıncaqlarda iştirak etmək məqsədi daşıyan səyahətləri özündə birləşdirir. Turizmin bu növü müasir beynəlxalq turizmdə böyük yer tutur. Belə ki, beynəlxalq tədbirlərdə iştirak edənlər xarici turistlərin ümumi sayının 6-7 faizini təşkil edir. Burada adambaşına düşən gəlir göstəriciləri daha yüksəkdir. İşgüzar turizm isə işgüzar məqsədlə edilən səfərdir və müasir turist mübadiləsinin mühüm tərkib hissəsidir. Bu cür səyahətlər ən perspektivli turizm növlərindən biri hesab edilir. Etnik və ya nostalji turizmi beynəlxalq turizmdə əhəmiyyətli yer tutan, qohumlarla görüşmək və ya valideynlərin anadan olduqları ata-baba yurduna səyahət etməklə bağlı olan turizm növüdür. Macəra turizmi fiziki cəhətdən ağır, çox vaxt isə həyat üçün təhlükəli olan turizm növüdür. Belə turların təşkili zamanı "macəralar komplekti" çox vaxt öncədən xüsusi olaraq hazırlanmaqla yanaşı, eyni zamanda turistlərin təhlükəsizliyi üçün bütün mümkün vasitə və imkanlardan istifadə olunur. Kənd turizmi turistlərin kənd yerlərinə müvəqqəti səfəridir. Ekoturizm təbiət turizminin xüsusi forması kimi ətraf mühitə qayğı ilə bağlı turizmdir. Dini turizm hər hansı bir dini mərasimin, missiyanın, ibadətin yerinə yetirilməsi məqsədilə həyata keçirilən səyahətdir. Su turizmi çaylarda, kanallarda, dənizlərdə teploxod, yaxta və gəmilərlə edilən səyahətdir. Bütün bunlarla yanaşı, turizmin safari (ovçuluq və ya heyvanları müşahidə etmək), trofi (avtomobillə çətin keçilən ərazilərdə təşkil olunan tur), şop (bazarlıq), piyada velo və ya at (nəqliyyatdan istifadə etmədən) kimi növləri də var. Ümumiyyətlə, turizmin bütün növləri bir-biri ilə sıx əlaqəlidir və onların birini digərindən təcrid olunmuş halda təsəvvür etmək mümkün deyil.

 

Ölkəmizdə turizm və istirahət iqtisadiyyatının yaranması və inkişafı

 

Azərbaycanın tarixi və mədəniyyəti qədər onun turizm və səyahətlər tarixi də qədim və zəngindir. Tədqiqatçılar bu tarixi bir neçə mərhələyə bölürlər.

I mərhələ. Qədim dövrlərdən XIX əsrin əvvəlinə qədər olan dövr.

Azərbaycan hələ qədim dövrlərdə Böyük İpək yolunun üzərində mühüm dayanacaq kimi tanınan bir ölkədir. İpək yolu üzərində yerləşən şəhərlər qədim zamanların beynəlxalq statusuna malik idilər. Əcnəbi tacirləri və karvanları qəbul edən və xidmət göstərən belə şəhərlər müvafiq infrastrukturlara malik olmalı idilər. Bu mənada Təbriz, Marağa, Ərdəbil, Gəncə, Naxçıvan, Ordubad, Şəki Azərbaycanın əsas iqtisadi və həm də mədəni mərkəzləri idi.

II mərhələ. Azərbaycanın çar Rusiyasının tərkibində olduğu dövr.

Rusiya imperiyası tərkibinə daxil olduqdan sonra Azərbaycanda turizm-ekskursiya işinin inkişafı Rusiya ilə bağlı olmuşdur. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan ərazisindən turizmin inkişafına elmi və həvəskarlar cəmiyyətləri (coğrafiya cəmiyyəti, təbiəti sevənlər cəmiyyəti, xalq universitetləri cəmiyyəti) diqqət yetirməyə başladılar. Azərbaycanda mütəşəkkil turizmin tarixini 1908-ci ilə aid etmək olar. Belə ki, həmin il Krım - Qafqaz dağ klubunun filiallarından biri Bakıda açılmışdı. Bakı bölməsi həm uzaq, həm yaxın ekskursiya səfərlərinin təşkili ilə məşğul olurdu.

III mərhələ. Azərbaycanın SSRİ-nin tərkibində olduğu dövr.

1917-ci ilin oktyabr çevrilişindən sonra mövcud olan bütün turizm klublarının fəaliyyəti dayandırıldı. 1922-ci ildən başlayaraq Rusiya Turizm Cəmiyyəti ölkədə turizm idarəçiliyinin mərkəzinə çevrildiyindən Bakıda da onun şöbəsi yaradıldı. 1922-ci ildə Bakıda ilk ekskursiya dərnəkləri yaradıldı. Yay aylarında Mərdəkan, Şüvəlan, Buzovna, Türkan, Zığ, Artyom adası və Şıx zolağına istirahət məqsədli eksursiyalar təşkil olunurdu.

İkinci dünya müharibəsi illərində bütün SSRİ-də olduğu kimi, respublikamızda da turizm-ekskursiya fəaliyyəti dayandırıldı. 1950-ci ilin sentyabr ayında Bakı turist bazası yaradıldı. Mingəçevirdə, Hacıkənddə, Zaqatalada, Şuşada və Göygöldə turist bazaları fəaliyyətə başladı. Bakı zəhmətkeşlərinin yay istirahətinin təşkili üçün 1962-ci ildən Nabranda Bakı turist bazasının filialı kimi 150 nəfərlik "Sputnik" turist çadır düşərgəsi yaradıldı. 1963-cü ildə Bakıda turist klubu, Nabranda "Xəzər" turist bazası, 1965-ci ildə Bakıda, iki ildən sonra Gəncədə, Sumqayıtda ekskursiya büroları yaradıldı.

Ulu öndər Heydər Əliyevin ölkəmizin rəhbəri seçiləndən sonra bu sahədə görülən işlərin miqyası daha da genişləndi. 1969-cu ildə Naftalanda və Bakının Mərdəkan qəsəbəsində ekskursiya büroları yaradıldı. 1970-ci ildə Zaqatalada və 1972-ci ildə Şuşada turist bazalarının yeni əsaslı binaları, 1975-ci ildə Qəbələdə "Qafqaz" və Xaçmaz rayonunun Nabran bölgəsində "Dostluq" turist bazası, elə həmin il Bakıda "Qarabağ" turist mehmanxanası istifadəyə verildi. Xankəndidə və Mingəçevirdə ekskursiya büroları açıldı. Naxçıvanda 1978-ci ildə ilk turizm təşkilatı yaradıldı. 1973-cü ildə Bakıda Azərbaycan Respublikasında ən böyük mehmanxana kompleksi olan 1942 yerli "Azərbaycan" mehmanxanası istifadəyə verildi. 1978-ci ildə "İnturist" Səhmdar Cəmiyyətinin tabeliyinə 200 yerlik komfortlu "Moskva" mehmanxanası da əlavə edildi. O illərdə komsomolun mərkəzi komitəsi xətti ilə uşaq, yenyetmə və gənclər geniş ekskursiya-turizm hərəkatına cəlb edildi.

1983-cü il Azərbaycanda turizmlə bağlı ən yaddaqalan dövr olmuşdur. Həmin il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyən Heydər Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə Xəzərin Azərbaycan sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə müvafiq qərar qəbul edildi. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Sovetinin 1984-cü il 2 oktyabr tarixli qərarına əsasən Azərbaycan Respublikasında 2000-ci ilə qədər turizmin inkişaf sxemi təsdiq olundu.

1987-ci ildə isə Azərbaycan turizmi ən yüksək inkişaf səviyyəsinə çatdı. Həmin il respublikamıza xarici ölkələrdən 50 min, SSRİ-nin müxtəlif bölgələrindən isə 250 minə yaxın turist gəlmişdi. O zaman respublikamıza turist axını gücləndiyindən Lənkəran və Mingəçevir şəhərlərində hərəsi 300, Şuşa şəhərində 200 yerlik yeni turist mehmanxanalarının tikintisinə, Bakı şəhərindəki Qarabağ turist mehmanxanasında isə yenidənqurma işlərinə başlanılmışdı.

1988-ci ildən Ermənistanın Azərbaycana hərbi təcavüzünün başlanması nəticəsində Azərbaycana turist axını xeyli azaldı. 1988-ci ildə Ermənistandan qovulmuş azərbaycanlıların bir hissəsi respublikanın turist bazalarında yerləşdirildi. 1990-cı ildə Azərbaycanda fəaliyyət göstərən Ümumittifaq və beynəlxalq turist marşrutları ləğv olundu. Müharibə və qeyri-sabit vəziyyət turizm sistemində başqa problemlərin yaranmasına da səbəb oldu. Məsələn, həmkarlar ittifaqları sistemində mövcud olan 10 turist bazasının ikisi işğal olunmuş ərazilərdə qalmış, qalan yerlərə isə, yuxarıda qeyd olunduğu kimi, qaçqın və məcburi köçkünlər yerləşdirilmişdi.

IV mərhələ. Azərbaycan dövlətinin müstəqilliyi dövrü.

Mənfur qonşularımızın yürütdüyü siyasət nəticəsində respublikamızın turizminə böyük ziyan dəyməsinə baxmayaraq, müstəqilliyimizin ilk illərindən başlayaraq Yevlaxda, Cəlilabadda, Ağcabədidə, Qaxda, Beyləqanda yeni səyahətlər və ekskursiyalar büroları açıldı.

Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu potensialı düzgün qiymətləndirərək kifayət qədər investisiya tələb edən turizmin tənəzzüldən çıxarılması və inkişafı üçün kompleks tədbirlər həyata keçirdi. Ulu öndərimizin möhkəm təməl üzərində əsasını qoyduğu sosial-iqtisadi siyasət strategiyası nəticəsində Azərbaycanın maliyyə imkanlarının ildən-ilə yaxşılaşması turizm sahəsində uğurlu islahatların aparılmasına imkan yaratdı. 1999-cu ildə "Turizm haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

 

Müstəqilliyimizin 20 ili: turizm və iqtisadiyyat bölməsi

 

Müstəqilliyimizin ilk 10 ilində respublikamızda əsasən getmə turizmi vüsət almışdı. Xaricə gedənlərin sayı ölkəyə gələn turistlərin sayından qat-qat çox idi. Ulu öndər Heydər Əliyevin 18 aprel 2001-ci il tarixli fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradılandan sonra bu istiqamətdə geniş işlərin görülməsinə başlandı. Nazirlik turizm sahəsində yaranmış vəziyyətdən çıxış yolu axtarmağa, respublikada turizmi beynəlxalq standartlar səviyyəsinə yüksəltmək üçün ciddi səylə çalışmağa başladı. Qısa müddətdə beynəlxalq turizm təşkilatları ilə əlaqələr yaradıldı, respublikamız bir sıra mötəbər görüşlərdə, eləcə də dünyanın ən böyük turizm sərgilərində təmsil olundu, turizmin maddi bazasının möhkəmləndirilməsi məqsədilə müvafiq addımlar atıldı. 2001-ci ilin sentyabrında Azərbaycan Ümumdünya Turizm Təşkilatına üzv qəbul olundu. "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün" Dövlət Proqramının uğurlu icrası ölkəmizdə turizmin inkişafına mühüm təkan verdi.

Ölkəmizdə turizmin inkişafı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strateji siyasi kursu yeni dövrün tələblərinə uyğun davam etdirən və yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Dövlətimizin başçısı Azərbaycanda bu sahənin inkişafını regionların tarazlı və davamlı sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin açılması, infrastrukturun yenilənməsi, bölgələrin investisiya cəlbediciliyinin artırılması baxımından son dərəcə vacib sayır. Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında turizmin inkişafına xidmət edən kompleks tədbirlərin nəzərdə tutulması da məhz bu zərurətdən irəli gəlir. Proqramlarda respublikamızın bölgələrinin turizm potensialı düzgün qiymətləndirilmiş, bu sahədə həyata keçiriləcək tədbirlər konkret şəkildə əksini tapmış, yeni turizm obyektlərinin inşası üçün hökumətin maliyyə imkanlarından geniş istifadə edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, proqramlarda infrastruktur məsələlərinə, yolların bərpasına və çəkilişinə xüsusi diqqət ayrılması respublikamızda turizmin inkişafına ciddi təkan verir.

Prezident İlham Əliyev turizmi milli mədəniyyətin tərkib hissəsi kimi dəyərləndirərək bu sahədə həyata keçirilən dövlət siyasətini təkmilləşdirmək məqsədilə 30 yanvar 2006-cı il tarixdə yeni dövlət qurumunun - Mədəniyyət və Turizm Nazirliyinin yaradılması barədə fərman imzalamışdır. Eyni zamanda, dövlət başçısının fərmanı ilə mehmanxana və mehmanxana tipli obyektlərə lisenziya verilməsi yeni yaradılmış bu nazirliyə həvalə olunmuşdur.

Ölkəmizdə turizmin daha sürətli inkişaf etdirilməsi məqsədilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, atılan addımlar dünyanın dörd bir yanından Azərbaycana ötən illərlə müqayisədə daha böyük turist axınını şərtləndirir. Bu mənada Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi proqram xarakterli çıxışında Prezident İlham Əliyevin 2011-ci ili ölkəmizdə "Turizm ili" elan etməsi də tamamilə təbii xarakter daşıyır.

2011-ci ilin "Turizm ili" elan olunması bu sahənin inkişafına, ölkənin turizm sənayesinin potensialının gücləndirilməsinə yeni perspektivlər açır. Prezident İlham Əliyev bu barədə deyib: "Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin "Turizm ili" elan olunması ədalətlidir. Elə etməliyik ki, bu sahədə böyük və gözəl nəticələr görək. 2011-ci il başlayıb, mən gələcəyə çox böyük nikbinliklə baxıram. Tam əminəm ki, 2011-ci il də ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu il olacaq".

Prezident İlham Əliyevin 20 iyul 2011-ci il tarixli sərəncamı ilə 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında ölkəmizdə turizmin inkişafı ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər konkretləşdirilib. Bu tədbirlərin həyata keçirilməsi ölkəmizdə turizmin inkişafında mühüm nəticələrin əldə olunmasına böyük töhfələr verəcək.

 

Potensiallar və perspektivlər

 

Dəyərli mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara və inkişaf perspektivlərinə malikdir. Bu, hər şeydən əvvəl, çox əlverişli coğrafi mövqedir. Belə ki, Azərbaycan iki dünya sivilizasiyasının qovuşuğunda, Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir ki, bütün infrastrukturlar - Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdrən hava və dəniz daşımaları, magistral avtomobil və dəmir yolları burada cəmlənmişdir. Odur ki, turizmin inkişafı ölkəmizdə dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi nəzərdən keçirilir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən əlverişli coğrafi məkanda yerləşməsi, fərqli mədəniyyətləri və dünyagörüşlərini bir araya gətirən tolerant dövlət kimi tanınması, 800 kilometrdən artıq məsafədə dənizsahili zonaya, 11 iqlim qurşağından 9-na malik olması, habelə füsunkar təbiəti, qədim tarixi mədəniyyət abidələri, zəngin folklor nümunələri respublikamızın böyük turizm potensialından xəbər verir.

Dünyada mövcud olan iqlim qurşaqlarının böyük əksəriyyəti Azərbaycanda var. Azərbaycanın bir tərəfində subtropikdir, o biri tərəfində tamam başqa bir iqlim şəraitidir. Yəni, Lənkəranın iqlimi ilə Şəkinin, Zaqatalanın iqlimi ilə Naxçıvanın, Azərbaycanın Mərkəzi Aran hissəsi ilə dağlıq hissəsinin iqlimi və təbiəti bir-birindən fərqlənir. Azərbaycanın bir tərəfində meşə zolaqlarıdırsa, o birisi tərəfində düzənliklərdirsə, onun öz gözəlliyi var, bunun öz gözəlliyi. Ölkəmizin landşaftı, təbii zənginliyi turizm üçün geniş meydan açır. O cümlədən, Azərbaycanın Bakıdan, Abşerondan başlamış Xaçmaza, Nabran ətraflarına qədər uzun bir ərazidə dəniz sahili var ki, bu da böyük bir potensialdır. Bu, həmçinin dənizsahili turizmin qurulması üçün çox böyük meydandır, perspektivlər vəd edir.

Eyni zamanda, bu ərazi, bu coğrafi məkan da çox böyük deyil. Bu əraziyə gələn bir turist qısa bir zaman - bir həftənin, on günün içərisində Azərbaycanın ən müxtəlif bölgələrini gəzmək, görmək imkanına malikdir.

Digər tərəfdən, turizm üçün ən önəmli cəhətlərdən biri yalnız təbiətin gözəlliyi, havası, suyu deyil, onun baxmalı, görməli, tarixi-mədəni abidələridir. Bu nöqteyi-nəzərdən də Azərbaycanın hansı tərəfinə üz tutursansa, orada zəngin tarixi-mədəni irs mövcuddur. Naxçıvana gedəcəksən, orada orta əsrlərin yadigarı olan abidələri var, Qəbələyə gedəcəksən, erkən orta əsrlərdən, eradan əvvəl tutmuş XIX yüzilə qədər ən müxtəlif dövrün tarixi-mədəni abidələrini görəcəksən. Şəkisi, Şirvanı, digər bölgələri də elə. Bu cəhətdən Azərbaycanın ərazisi mədəni-ədəbi-tarixi sərvətlər nöqteyi-nəzərindən də turizm üçün geniş meydan açır.

Başqa bir amil də ondan ibarətdir ki, turizmlə əlaqədar infrastruktur yaranmalıdır ki, Azərbaycanda da bu istiqamətdə çox böyük işlər görülür. İndi Azərbaycanın ən müxtəlif guşələrində, bölgələrində beynəlxalq aeroportlar fəaliyyət göstərir, gözəl yollar, magistrallar salınır, mehmanxanalar, istirahət mərkəzləri yaradılır. Ötən il Azərbaycanın daxili turizm bazarında 15 faiz artım olub. Bunun səbəbi sözügedən istiqamətdə yol infrastrukturunun yenilənməsi, məsafənin az olması, həmin bölgələrdə əvvəlki illərə nisbətən turizm xidməti infrastrukturunun yaxşılaşması və genişlənməsi, eyni zamanda turizm obyektlərində göstərilən xidmətin müxtəlifliyi və çeşidliliyidir.

Odur ki, ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman və s.) inkişafı üçün geniş imkanlar mövcuddur.

Turizmin inkişafından və perspektivlərindən danışarkən bu sahədə yüksək səviyyəli xidmətin təşkili məsələsinə də toxunmalıyıq. Müasir turist rahatlıq və komfort, yüksək xidmət barədə daha çox düşünür. Ona görə turizm obyektinin sahibkarı daima öz üzərində çalışmalı, işçilərin peşə hazırlığı səviyyəsinin artırılmasına, savadlı, qonaqpərvər, xidmətin yüksək səviyyədə göstərilməsinə müvəffəq olmalıdır. Bu baxımdan Turizm İnstitutunun yaradılması son dərəcə təqdirəlayiqdir.

 

Hüquqi baza əsas şərtlərdən biridir

 

Digər sahələrdə olduğu kimi, turizm sahəsi də dəqiq hüquqi reqlament və idarəetmə tələb edir. Respublikamızda turizm fəaliyyətini tənzimləyən əsas hüquqi akt 1999-cu ildə qəbul olunmuş "Turizm haqqında" qanundur. Bundan əlavə, turizm fəaliyyəti ilə məşğul olanlar "İstehlakçıların hüquqlarının qorunması haqqında", "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında" və başqa qanunların tələblərinə əməl etməlidirlər. Beynəlxalq hüquqda isə turizm fəaliyyətini tənzimləyən əsas normativ akt Ümumdünya Turizm Təşkilatı tərəfindən 1985-ci ildə qəbul olunmuş "Turizm xartiyası"dır.

Azərbaycanın mövcud qanunvericiliyi də turizmi yüksək səviyyədə qurmaq üçün imkanlar yaradır. Lakin ölkəmizin turizm sənayesinin inkişafının indiki mərhələsində yeni "Turizm haqqında" qanunun təkmilləşdirilməsinə ciddi ehtiyac yaranıb. 1999-cu ildən indiyədək Azərbaycan böyük inkişaf yolu keçib, bu müddətdə ölkəmizin turizm potensialı əhəmiyyətli dərəcədə hərəkətə gətirilib. Hər bir qanun isə dövrün tələb və çağırışlarına cavab verməlidir. Bu mənada bu sahəni tənzimləyən qanunun təkmilləşdirilməsi vacibdir.

Həmçinin turizm məhsullarının standartlaşdırılmasının və sertifikatlaşdırılmasının normativ bazasının yaradılması ilə əlaqədar bir sıra sənədlər hazırlanaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən dövlət standartı kimi qeydiyyata alınıb. Bunlara misal olaraq "Mehmanxanaların təsnifatı", "Çimərliklərin təsnifatı", "Mehmanxana və mehmanxana tipli obyektlərdə ictimai-iaşə müəssisələrinin təsnifatı", "Yerləşdirmə vasitələri. Ümumi tələblər", "Turist marşrutlarına tələblər", "Termin və təyinatlar" adlı sənədləri göstərmək olar.

Azərbaycanda turizm sahəsində milli standartların yaradılması və turistlərin təhlükəsizliyini təmin edən standartların təkmilləşdirilməsi məqsədi ilə Turizm üzrə Texniki Komitənin yaradılması da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müsbət qarşılanıb və bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə adıçəkilən qurumun birgə əmrinə əsasən Turizm üzrə Texniki Komitə yaradılıb.

Məlumdur ki, son illər Azərbaycanın sürətli iqtisadi inkişafı miqrasiya proseslərinə də öz təsirini göstərmişdir. Miqrasiya axınlarının böyük bir hissəsi əmək miqrasiyası ilə, yəni biznes mühitinin inkişaf etməsi ilə bağlıdır. Eyni zamanda, son illər turizm miqrasiyası da artmağa başlamışdır. Bununla, eyni zamanda 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə əlaqədar olaraq Milli Məclisin bu il aprelin 8-də keçirilən iclasında ölkəmizə gələn turistlərə viza rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsi məqsədi ilə "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. Dəyişikliklərdən biri turist vizasının qanunvericiliyimizə daxil edilməsidir. Məlum olduğu kimi, bir çox ölkələrin qanunvericiliyində müxtəlif - turist, qonaq və əməkçi viza formaları var. Hələlik bizim qanunvericilikdə yenilik xüsusi bir növ kimi turist vizasının qəbul edilməsidir. Bu dəyişikliyə görə, turistlərə birdəfəlik giriş-çıxış üçün vizalar verilir.

Digər dəyişikliyə görə, turizm şirkətləri turistlərə viza almaq üçün elektron qaydada müraciət edə bilərlər. Yəni vizalar həm poçt vasitəsilə, həm də elektron qaydada alına bilər. Bu, həm şəffaflıq, həm də vizanın sürətlə əldə olunması baxımından yenilikdir.

Bütövlükdə turistlərə vizaların verilməsinin sadələşdirilməsi, eyni zamanda, turizm ilinin elan olunması ilə bağlı turist vizaları rejiminin yaradılması çox mütərəqqi haldır. Bütün bunlar Azərbaycanın turizm sahəsində əldə etdiyi növbəti uğurların siyahısına yazıla bilər. Əlbəttə, biz dünyaya inteqrasiya edirik. Bu addım Azərbaycan iqtisadiyyatında da özünün xüsusi yerini göstərəcək.

Hazırda ölkəmizdə turizmin inkişafı üzrə "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" uğurla icra olunur. Fundamental mahiyyət kəsb edən bu proqram çərçivəsində Azərbaycanda turizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər daha geniş və sistemli xarakter alıb.

 

Turizm mədəniyyətinin formalaşma yolları və kütləvi informasiya vasitələri

 

Turizmin inkişafı ilə bağlı mühüm amillərdən biri də öz sərvətlərimizi, öz qabiliyyətimizi dünyaya gözəl şəkildə göstərmək və insanları buraya cəlb etməkdir. Süfrəmizdən, təbiətimizdən tutmuş tariximizə qədər Azərbaycanda turizmin inkişafı üçün çox böyük üfüqlər var və Azərbaycan gələcəkdə yalnız bölgədə deyil, dünyada ən aparıcı turizm ölkələrindən birinə çevrilə bilər. Zəruri normativ-hüquqi aktlar yaradılması, əlverişli infrastrukturun formalaşdırılması ilə yanaşı ölkəmizin turizm potensialının dünyaya tanıtdırılması istiqamətində də xeyli iş görülüb.

Respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi bir sıra tədbirlər həyata keçirir. Respublikamızın turizm potensialını əks etdirən reklam xarakterli səhifə İngiltərənin "ABTA" soraq kitabçasında hər il yerləşdirilir. Avropada ölkəmizin turizm potensialını təbliğ etmək məqsədilə populyar "Travel İQ" və "Faints and Projects" jurnallarında Azərbaycanın görməli yerlərini əks etdirən məqalələr dərc edilib.

Azərbaycanın turizm potensialını dünyada tanıtmaq məqsədi ilə www.azerbaijan.tourism.az saytı işlənib hazırlanıb. Qeyd olunan saytın adı beynəlxalq telekanallarda nümayiş olunan, Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxlarında, beynəlxalq turizm sərgilərinin rəsmi kataloqlarında, eləcə də digər rəsmi xarici mənbələrdə göstərilir və sayt mütəmadi olaraq yeniləşdirilir.

Ölkəmizə səfər edən xarici ölkə vətəndaşları üçün Azərbaycanın turizm imkanları haqqında məlumatın artırılması məqsədilə "Austrian Airlines", "British Airways", "AZAL" aviaşirkətlərinə məxsus təyyarələrin bort jurnallarında reklam səhifələri, məlumatlar və ekranlarda reklam çarxları yerləşdirilib.

2006-cı ildən etibarən Azərbaycanın imic reklam çarxları hazırlanmağa başlanıb. Bu məqsədlə Rusiyanın NTV kanalının "Şan dizayn", yerli "MaxMedia", "Salnamə" şirkətləri tərəfindən çəkilişlər aparılıb. 2006-2010-cu illər ərzində CNN, "Euronews" "National Geographic", "Travel Channel", BBC və CNBC kimi xarici televiziya kanallarında respublikamızın turizm potensialını təbliğ edən reklam çarxları yerləşdirilib. Həmçinin "Rostropoviç", "Jazz" festivalları və "Bakı İslam Mədəniyyətinin Paytaxtı" ili ilə əlaqədar CNN və "Euronews" kanalında müvafiq reklam çarxları yer alıb.

Hər il "AİTF" Beynəlxalq turizm sərgisi Bakı şəhərində keçirilir. Bu sərgidə iştirak edən xarici ölkələrin cografiyası genişlənir və turizm şirkətlərinin sayı ildənilə artır. 2010-cu ildə ölkələrin sayı 32-yə, şirkətlərin sayı isə 120-yə çatıb. Rusiyada dərc olunan "Exo planetı" jurnalının əməkdaşları 2010-cu ildə jurnalda məqalələr üçün tələb olunan materialların toplanılması məqsədilə Bakıya gəliblər. "Exo planetı" jurnalında mütəmadi olaraq ayda 2 dəfə Azərbaycanın mədəni tədbirləri, mədəniyyəti, tarixi, tarixi abidələri və turizm haqqında məqalələr dərc olunub. Ötən il Avstriyanın "World Travel Guide" bələdçisində Azərbaycanın reklam səhifəsi yerləşdirilib. Digər belə çoxsaylı tədbirlər Mədəniyyət və Turizm Nazirliyinin ölkəmizdə turizmin inkişafı üçün reklam və təbliğatdan geniş istifadə etməsinin bariz göstəricisidir.

Nadir təbiət gözəlliklərinə, zəngin tarixi keçmişə, bunu əks etdirən maddi mədəniyyət abidələrinə, əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan bu gün dünyanın diqqətini həm də böyük turizm potensialına malik bir ölkə kimi cəlb edir. Xalqımızın tarixən qonaqpərvər xüsusiyyəti ilə seçilməsi, son illər ərzində turizm sahəsində uğurla həyata keçirilən dövlət siyasəti, reallaşdırılan müvafiq layihələr bu müstəvidə Azərbaycana marağın daha da yüksəlməsinə gətirib çıxarıb. Təbii ki, bütün bunlar ölkəmizin tezliklə dünyanın turizm mərkəzlərinin birinə çevrilməsinə öz töhfəsini verəcək.

 

 

Hadi RƏCƏBLİ,

Milli Məclisin Sosial siyasət

komitəsinin sədri, professor

 

Azərbaycan.- 2011.- 10 avqust.- S. 4.