Soçi görüşü Azərbaycan və Rusiya əlaqələrinin sürətli inkişafına yeni təkan verir

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli baxımından da görüş yüksək qiymətləndirilir

 

Əldə etdiyi nailiyyətlərlə artıq kifayət qədər qüdrətli dövlət kimi qəbul edilən Azərbaycan mövcud olduğu regionda lider statusunu daha da möhkəmləndirməkdədir. Bu gün Cənubi Qafqazın siyasi-iqtisadi mənzərəsinin müəyyən olunmasında həlledici söz sahiblərindən biri kimi məhz Azərbaycan çıxış edir. Ölkəmizin iştirakı və razılığı olmadan regionda hər hansı transmilli layihənin reallaşması, ümumi ictimai-siyasi həyata təsir edə biləcək addımların atılması mümkün deyil. Artıq dünya birliyibu reallığı qəbul edir, geosiyasigeoiqtisadi müstəvidə regiona maraq göstərən dövlətlər ilk növbədə Azərbaycanla işbirliyi qurmağaonu dərinləşdirməyə çalışırlar. Milli maraqların tam təmin olunmasını gözləməklə Azərbaycan da beynəlxalq birliklə, xarici dövlət və təşkilatlarla əməkdaşlığını davamlı olaraq genişləndirir.

Hazırda regionun lideri kimi Azərbaycanın xüsusi maraq dairəsində olan əsas məsələlərdən biri Cənubi Qafqazda möhkəm və davamlı sülhün bərqərar olması, sabit şəraitdə tərəqqi prosesinin yaşanmasıdır. Azərbaycan öz ərazi bütövlüyününilk növbədə sülh yolu ilə bərpa olunmasında maraqlıdır. Düzdür, ehtiyac yaranacağı təqdirdə Azərbaycan ordusu çox qısa zaman kəsiyində zəbt olunmuş ərazilərimizi işğaldan tam azad etməyə hazırdır. Bunu bütün dünya, o cümlədən işğalçı Ermənistan da yaxşı bilir. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla çözümünə ümidlər tükənmədiyindən Azərbaycan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə sadiqdir.

Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər öz həllini tapmaması və belə bir müharibə ocağının hələ də mövcudluğunun təkcə Azərbaycan və Cənubi Qafqaz yox, daha geniş coğrafi məkan, o cümlədən Avropa üçün ciddi təhlükə mənbəyi olması dünya ictimaiyyəti tərəfindən də qəbul edilir. Elə bu səbəbdən münaqişənin sülh yolu ilə həllinə vasitəçilik edən dövlətlər problem ətrafında yaranan status-kvonun dəyişməsinin vacibliyini indi xüsusi olaraq vurğulayırlar. Bu, ilk dəfə olaraq ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentləri tərəfindən verilən Dovil bəyanatında da öz əksini aydın tapıb. Status-kvonun dəyişməsi üçün ATƏT-in Minsk qrupu tərəfindən hazırlanan həll variantına uyğun olaraq Ermənistan mərhələli şəkildə Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmağa başlamalı və problemin həlli üçün digər müvafiq addımlar atmalıdır.

Xatırlatmaq yerinə düşər ki, Helsinki Yekun Aktının müddəalarına istinad edilən Dovil bəyanatı Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan status-kvonun dəyişdirilməsinin zəruriliyini özündə ehtiva edir. Azərbaycan da dəfələrlə bəyan edib ki, status-kvonun dəyişdirilməsi mühüm şərtdir və Ermənistan buna xidmət edən addımlar atmalıdır. İndi ölkəmizin bu mövqeyi danışıqlar prosesinə vasitəçilik edən dövlətlər tərəfindən də birmənalı şəkildə dəstəklənir.

Hazırda ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi xüsusi fəallıq qeyd edilənlər fonunda yüksək qiymətləndirilir. Rusiya dövlət başçısının təşəbbüs və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli formatda keçirdikləri görüşlər də bunun real təzahürüdür. Belə görüşlər problemin dinc yolla çözülməsi istiqamətində tərəflərin mövqeyini xeyli yaxınlaşdırır. Elə bu səbəbdən Azərbaycan Rusiya Prezidenti Dmitri Medvedevin sözügedən istiqamətdə göstərdiyi səyləri yüksək qiymətləndirir. Avqustun 9-da Rusiya Federasiyasına işgüzar səfəri zamanı Soçidə rusiyalı həmkarı ilə görüşən Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Biz Azərbaycanda Sizin şəxsən bu prosesə qoşulmağınızı çox yüksək qiymətləndiririk. Üçtərəfli formatda keçirilən danışıqların mərhələləri, heç şübhəsiz, tərəflərin mövqelərini xeyli yaxınlaşdırmışdır. Bu, regional təhlükəsizliyin əsas problemidirbütün köçkünlərin öz yaşayış yerlərinə qayıtması, regionda sülhün, əmin-amanlığın, əməkdaşlığın bərqərar olması üçün münaqişənin tezliklə həllində Azərbaycan, əlbəttə, başqasından bəlkə də daha çox maraqlıdır. Əlbəttə, nizamlamanın nəzərdə tutulan prinsipləri beynəlxalq hüquq normalarını, sağlam düşüncəni əks etdirir. Odur ki, münaqişənin tezliklə həll olunması bütün ölkələrin mənafeyinə uyğundur".

Azərbaycanın və Rusiyanın dövlət başçılarının Soçi görüşünün gündəliyi təkcə Dağlıq Qarabağ münaqişəsi məhdudlaşmayaraq daha geniş olub. Burada ikitərəfli münasibətlərdə cari vəziyyət, regional gündəliyə daxil olan məsələlər, qlobal maliyyə sistemlərində yaranan müəyyən iqtisadi problemlər, beynəlxalq məsələlər də əsas müzakirə predmetini təşkil edib. Ölkələrimiz arasında real vəziyyətin təhlili göstərir ki, qarşılıqlı münasibətlər yüksək səviyyədədir və burada iki ölkənin dövlət başçılarının siyasi iradəsi mühüm rol oynayır. Elə bunun nəticəsidir ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı əməkdaşlığın mahiyyətini müəyyənləşdirən fundamental sazişlər ərsəyə gəlib, ikitərəfli əmtəə dövriyyəsinin artması, eləcə də bir sıra iri layihələrin müştərək şəkildə reallaşması istiqamətində böyük nailiyyətlər əldə olunub. Yüksək səviyyədə tərəflərin siyasi məsləhətləşmələr də, müntəzəm qaydada davam etdirilir. O da faktdır ki, belə məsləhətləşmələr də, qarşılıqlı siyasi fəaliyyət də regional əməkdaşlığın inkişafına böyük töhfələr verir.

Bununla yanaşı, humanitar əməkdaşlıqda, enerji təhlükəsizliyi məsələlərində, eləcə də bir çox digər sahələrdə qarşılıqlı əlaqələr yüksələn xətt üzrə inkişaf edir. İndi regionda hadisələrin inkişaf istiqaməti bir çox hallarda məhz Azərbaycan və Rusiyanın mövqeyindən asılıdır. Soçidə bu məqama toxunan Prezident İlham Əliyev qeyd etmişdir: "Biz qonşuyuq, iki Xəzər ölkəsi, iki Qafqaz ölkəsiyik və əlbəttə, regiondakı proseslər də çox cəhətdən qarşılıqlı fəaliyyətimizdən asılıdır".

Özünün ən böyük qonşusu olan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində göstərdiyi fəallığı Azərbaycan yüksək dəyərləndirir. Soçi görüşündə də diqqət yetirilən əsas mövzulardan birinin məhz sözügedən münaqişə ilə əlaqədar olması bir daha Rusiya rəhbərliyinin bu problemin çözümündə maraqlı tərəflərdən biri kimi çıxış etməsinin real göstəricisidir. Digər tərəfdən o da vacib faktdır ki, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan görüşlərdə münaqişə tərəflərinin mövqeləri yaxınlaşır və Azərbaycanın ərazi bütövlüyünün sülh şəraitində bərpa edilməsi şanslarının daha da artmasına gətirib çıxarır. Elə bu səbəbdən Azərbaycan danışıqlar prosesinin davam etdirilməsinin zəruri olduğunu bəyan edir. Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirdikləri görüşün yekunlarından bəhs edərkən demişdir: "Bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparan dövlət başçıları sonra Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bu istiqamətdə gedən danışıqlar prosesini müzakirə ediblər. Prezidentlərin mövqeyini belə ifadə etmək olar ki, son vaxtlar Prezident Dmitri Medvedevin təşəbbüsü və iştirakı ilə keçirilən görüşlərdə və danışıqlarda Madrid baza prinsiplərinə uyğun olaraq bir sıra məsələlərdə tərəflərin mövqelərinin yaxınlaşması mümkün olub. Buna görə də danışıqları bundan sonra da davam etdirmək lazımdır".

Bütün bunlar Soçi görüşünün nəticələrinin müsbət olduğunu, həmçinin Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həll ehtimalının yüksək olduğunu göstərir. Əks halda Azərbaycan digər vasitələrlə, o cümlədən beynəlxalq hüquq normalarına uyğun olaraq hərbi yolla işğal edilmiş ərazilərini azad etməyə məcburdur və buna hazırdır.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.- 12 avqust.- S.  2.