Bakıda "Həmkarlar ittifaqlarının kampaniyaları və onlara səmərəli informasiya dəstəyi" mövzusunda regional konfrans keçirilir

 

Avqustun 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının (BHİK) Pan Avropa Regional Şurasının təşkilatçılığı ilə həmkarlar ittifaqları gənclərinin ikigünlük regional konfransı öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, "Həmkarlar ittifaqlarının kampaniyaları və onlara səmərəli informasiya dəstəyi" mövzusunda keçirilən konfransda Azərbaycan ilə yanaşı, Rusiya, Gürcüstan, Ukrayna, Moldova, Belarus həmkarlar ittifaqlarının gənc liderləri də iştirak edirlər.

Konfransın əhəmiyyətini vurğulayan AHİK sədrinin müavini Aqil Dadaşov bildirmişdir ki, tədbirin məqsədi həmkarlar ittifaqlarında çalışan gənclərin təcrübələrini, onların milli həmkarlar ittifaqlarının mərkəzlərində həmkarlar ittifaqlarının kampaniyalarının həyata keçirilməsi ilə bağlı səriştəliklərini artırmaqdır.

AHİK-in fəaliyyəti barədə də konfrans iştirakçılarına ətraflı məlumat verən A.Dadaşov konfederasiyanın işində gənclərin rolunu xüsusi vurğulamışdır.

Ölkəmizdə gənclərə olan dövlət qayğısından da danışan AHİK sədrinin müavini Azərbaycan Prezidenti İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların dövlət idarəçilik sistemində iştirakının gerçəkləşdirilməsi məqsədi ilə bir çox sərəncamlar imzaladığını diqqətə çatdırmışdır. A.Dadaşov bildirmişdir ki, gənclərin sosial hüquqlarının qorunması, onların həmkarlar ittifaqı hərəkatında rolunun və yerinin müəyyənləşdirilməsi AHİK-in və sahə həmkarlar ittifaqlarının diqqət mərkəzindədir.

BHİK-in nümayəndələri Anton Lepik, Anna Salnikova və başqaları təmsil etdikləri konfederasiyanın fəaliyyəti, məqsədləri, əmək hüququnun müdafiəsində beynəlxalq təşkilatların rolu və s. barədə iştirakçılara məlumat vermişlər.

Dünyada qəbul olunmuş demokratik standartlara uyğun olaraq həmkarlar ittifaqlarının fəaliyyətinin gücləndirilməsi və inkişaf etdirilməsindən danışan iştirakçılar, gənclərin iş təcrübələri, onların fəaliyyət günlərinin səmərəli keçirilməsi, qruplarla iş sistemi və s. məsələlərlə bağlı öz fikirlərini bölüşmüşlər.

Regional konfransda mövzu ilə əlaqədar təqdimatlar olmuşdur.

Konfrans işini avqustun 12-də davam etdirəcəkdir.

 

 

Azərbaycan.- 2011.- 12 avqust.- S. 5.