Düşünülmüş, sürətli və davamlı inkişaf

 

Milli Məclisin qərarları və Konstitusiya Məhkəməsinin rəyi əsasında referenduma çıxarılmış yeni əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin bu sənəddə daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının liberallığı, demokratik səciyyə daşıması ilə seçilmişdir.

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mühüm bir qismi Azərbaycan dövlətinin insan və şəxsiyyət amilini yüksək tutaraq yeritdiyi sosialyönümlü siyasət strategiyasının daha dolğun, hərtərəfli ifadəsinə, vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsinə, dövlətin sosial məsuliyyətinin artırılmasına xidmət etmişdir. Məsələn, referenduma qədər olan mətndə Konstitusiyanın 12-ci maddəsində qeyd olunurdu ki, "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir". Referendum Aktı layihəsində isə bu maddənin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir" formasında verilməsi nəzərdə tutulmuşdur.

Bazar iqtisadiyyatı yolu ilə inamla irəliləyən Azərbaycan dövlətinin yeritdiyi siyasətin ana xəttində sosialyönümlü məsələlərin prioritet təşkil etdiyi, "sosial dövlət" modelinə doğru inamlı addımların atıldığı Konstitusiyanın 15-ci maddəsinə təklif olunan dəyişiklik timsalında bir daha real təsdiqini tapmışdır. Belə ki, yeni mətndə həmin maddənin 2-ci hissəsində qeyd olunmuşdur ki, "Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir". Referendum Aktı layihəsində bu hissənin "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir" formasında verilməsi haqlı olaraq daha məqsədəuyğun hesab edilmişdir.

Konstitusiyanın 17-ci maddəsinə təklif olumuş əlavələr də özünün humanist mahiyyəti ilə diqqəti cəlb edir. Referenduma qədər mövcud mətndə dövlətin uşaqların gələcəyi və himayəsi ilə bağlı üzərinə düşən vəzifələr müəyyən mənada ümumi şəkildə əksini tapmış olsa da, yeni dövrün bir sıra reallıqları Konstitusiyanın yurisdiksiyasından kənarda qalmışdır. 17-ci maddəyə təklif olunan birinci mühüm əlavəyə görə, "Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsi altındadırlar". Bu əlavə müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olmuş uşaqların dövlətin hərtərəfli qayğısı ilə himayə olunmasına daha etibarlı, ciddi təminat yaratmış, dövlətin bu sahədə məsuliyyətini artırmışdır. İkinci əlavəyə görə, "Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır". Belə bir müddəanın Konstitusiyada konkret şəkildə təsbit olunması uşaq hüquqlarının dövlət tərəfindən daha etibarlı müdafiəsinə xidmət etməklə, bu sahədə beynəlxalq konvensiya və sazişlərin də tələblərinə tam cavab verir. Təklif olunan üçüncü mühüm əlavədə göstərilmişdir ki, "15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər". Uşaq əməyinin getdikcə geniş yayıldığı, uşaqların fiziki istismara məruz qaldığı hazırkı şəraitdə belə bir müddəanın Konstitusiyada birmənalı təsbit olunması son dərəcədə təqdirəlayiq hal kimi qiymətləndirilmişdir.

Konstitusiyaya əlavə və dəyişikliklərin digər qismi isə respublikamızın hazırkı inkişaf tempinə adekvat olaraq insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsinə xidmət etmişdir. 25-ci maddəyə təklif olunan əlavələr də hamının qanun qarşısında bərabərliyi prinsipinin daha dolğun, hərtərəfli ifadəsinə etibarlı hüquqi zəmanət yaratmışdır. Referenduma qədər olan mətnə görə, "Hamı qanun və məhkəmə qarşısında bərabərdir; Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır; Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır". Bu maddəyə təklif olunan birinci mütərəqqi əlavəyə görə, "Heç kəsə yuxarıda göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və imtiyazların verilməsindən imtina oluna bilməz". Eləcə də digər əlavədə göstərilmişdir ki, "Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir". Azərbaycan demokratik dəyərləri inkişafında prioritet kimi qəbul edən hüquqi və dünyəvi dövlət olduğundan hər iki əlavənin Konstitusiyada əksini tapması tamamilə məntiqidir.

Referendumda məhkəmə hakimiyyətinin daha səmərəli həyata keçirilməsinə xidmət edən bir sıra mühüm müddəalar da əksini tapmışdır. 125-ci maddəyə təklif edilən əlavəyə görə, "Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir". 129-cu maddəyə təklif olunan əlavələrə görə isə, "Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur; Məhkəmə qərarı əsaslandırılmalı və sübuta yetirilmiş olmalıdır".

Konstitusiyanın icra hakimiyyəti ilə bağlı hissəsinə təklif olunan əlavə və dəyişikliklər isə Azərbaycan dövlətinin hazırkı inkişafı, habelə iqtisadi və demokratik islahatlar mərhələsində xalqın yüksək təfəkkürü və formalaşmış müasir siyasi mədəniyyəti fonunda tamamilə aktual xarakter daşımışdır. Konstitusiyanın 101-ci maddəsinə təklif edilən əlavə və dəyişikliklər hər bir vətəndaşın seçki hüququnun daha etibarlı təminatına xidmət edilməsinə imkan vermişdir. Söhbət bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasından gedir. Ümumiyyətlə, prezidentlik müddətinin konkret müddəa ilə Konstitusiyada əksini tapması müasir dövrdə demokratik dəyər və ideallar, habelə insanların azad seçim hüququ baxımından o qədər də aktual səslənmir. Deputatlara və bələdiyyə üzvlərinə belə məhdudiyyət qoyulmadığı halda, xalqın daha böyük qisminin öz taleyini etibar etdiyi Prezident üçün bunun tətbiqi demokratik dəyərlərlə bir araya sığmır.

101-ci maddənin V hissəsinə təklif edilən əlavədə müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan üçün bu, son dərəcə mühüm və aktual xarakter daşımışdır. Həmin maddənin V hissəsinin bu redaksiyada ifadə edilməsi təklif olunmuşdur: "Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir".

Bütün bunlar bir daha təsdiq etmişdir ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər mütərəqqi xarakter daşımaqla, ölkədə qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına xidmət etmişdir.

18 mart referendumuna çıxarılan məsələlərin xalq tərəfindən dəstəklənməsi isə onu göstərir ki, ötən 7 ilin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi inanılmaz nəticələrlə qürur duyan orta statistik azərbaycanlı daha təminatlı gələcəyə, yüksək maddi-sosial rifaha, davamlı demokratikləşməyə aparan mövcud siyasi kursa qətiyyən alternativ görmür. Tamamilə azad, demokratik və şəffaf şəraitdə keçərək xalqın azad siyasi iradəsini ifadə edən ümumxalq referendumunun nəticələri həm də təsdiqləmişdir ki, Azərbaycan seçicisi Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişikliyin həm şəxsən özünün, həm də respublikanın gələcək taleyi baxımından əhəmiyyətini düzgün dəyərləndirir.

Bu gün həm dövlət orqanları, həm də ictimaiyyət qarşısında duran əsas vəzifə ölkə həyatını Konstitusiyanın tələblərinə uyğun qurmaq və onun tətbiqini, xüsusilə də ölkə ərazisində ali və birbaşa hüquqi qüvvəsini təmin etməkdən ibarətdir. Məhz Konstitusiya dəyərləri əsasında göstərilən fəaliyyət, ümumi mənafelərin həyata keçirilməsi üçün şəxsiyyət, cəmiyyət və dövlət arasında Konstitusiyanın müəyyən etdiyi çərçivələrdə birgə əməkdaşlıq Əsas Qanunun qarşıya qoyduğu məqsədlərin tam reallaşdırılmasına imkan verəcəkdir.

Ötən dövrdə Azərbaycanda genişmiqyaslı məhkəmə-hüquq islahatları həyata keçirilmiş, hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Bu proseslərin davamı olaraq, yeni qanunvericiliyə müvafiq və nüfuzlu beynəlxalq təşkilatların iştirakı ilə hakim seçkiləri keçirilmiş, hakim korpusunun genişləndirilməsi və yeniləşdirilməsi prosesi uğurla davam etdirilməkdədir.

Konstitusiyanın hüquqi dövlət quruculuğu tendensiyalarının tələblərindən irəli gələrək ötən dövr ərzində bir sıra yeni institutlar, o cümlədən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmış və fəaliyyətə başlamışdır. Məlum olduğu kimi, konstitusiya nəzarəti orqanları ayrı-ayrı dövlətlərin hüquq sistemində xüsusi mövqeyə, spesifik təyinata və funksiyalara malikdirlər. Təsadüfi deyil ki, konstitusiya nəzarəti orqanlarını obrazlı olaraq "hüquqi dövlətdə hakimiyyət qolları arasında arbitr" adlandırırlar. Xüsusilə ayrı-ayrı dövlət hakimiyyəti orqanları arasında yaranmış müxtəlif mübahisələri həll edərkən konstitusiya nəzarəti orqanları barışdırıcı orqan, konstitusiya quruluşunun qoruyucusu qismində çıxış edir.

Qanunvericilikdə Konstitusiya Məhkəməsinin əsas məqsədləri Konstitusiyanın aliliyinin təmin edilməsi və hər kəsin hüquq və azadlıqlarının müdafiəsi kimi müəyyənləşdirilmişdir. Məhkəmə müstəsna olaraq Konstitusiyanın və qanunların ona verdiyi səlahiyyətlər çərçivəsində qəbul etdiyi qərarlarla bu məqsədləri həyata keçirir və milli hüquq sisteminə töhfəsini verir.

1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk dövrdən üzərinə düşən bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmışdır. Konstitusiya Məhkəməsinin beynəlxalq hüquqa və xarici məhkəmə praktikasına böyük diqqət yetirdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının qoşulduğu beynəlxaq sazişlər, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Avropa konstitusiya nəzarəti orqanlarının qərarları mütəmadi olaraq öyrənilir və Konstitusiya Məhkəməsinin qərarlarında onlara istinad edilir.

Hər hansı hüquqi məsələyə operativ olaraq aydınlıq gətirilməsinə və xarici təcrübənin öyrənilməsinə ehtiyac yarandıqda, Konstitusiya Məhkəməsi Avropa Şurasının Venesiya Komissiyasının Avropa konstitusiya məhkəmələri üçün yaratdığı operativ əlaqə vasitəsilə qısa müddət ərzində konkret hüquqi məsələlərlə bağlı digər ölkələrin konstitusiya nəzarəti orqanlarının rəylərini əldə edə bilir.

Məhkəmə-hüquq islahatları istiqamətində aparılan kompleks tədbirlər sırasında Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 1998-ci il tarixli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" fərmanının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Həmin dövrdən ardıcıl surətdə aparılan məhkəmə islahatlarının başlıca məqsədi Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər məsələlərin konseptual həlli olmuşdur.

"Məhkəmələr və hakimlər haqqında" qanunda hakim vəzifəsinə seçkilərin test üsulu ilə, şəffaf və obyektiv prosedur əsasında aparılması zəruri tələb kimi qarşıya qoyulmuşdur. Qanuna müvafiq olaraq hakimlərin test üsulu ilə seçilməsi üçün ölkə Konstitusiyası ilə təsbit olunmuş hər üç hakimiyyət qolu ilə qarşılıqlı fəaliyyət göstərən yeni qurum - Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Şura hakim vəzifəsində çalışmaq üçün qanuni meyarlara cavab verən müstəqil namizədlərin test üsulu ilə - tamamilə obyektiv və ədalətli əsaslarla seçilməsi, peşəkar hakim korpusunun formalaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirmiş, bu sahədə mövcud beynəlxalq təcrübə öyrənilmişdir.

Məhkəmələrin işinin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə hələ 2004-cü ilin dekabrında "Məhkəmə-Hüquq Şurası haqqında" qanun qəbul olunmuş, "Məhkəmələr və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmişdir.

19 yanvar 2006-cı il tarixdə Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bu məqsədlə "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunun tətbiq edilməsi barədə fərman imzalayan Prezident İlham Əliyev məhkəmə hakimiyyətinin cəmiyyətdə nüfuzlu təsisat kimi təşəkkül tapmasında maraqlı olduğunu bir daha nümayiş etdirmişdir. Bu fərman məhkəmələrin fəaliyyəti ilə bağlı narahatlıq doğuran bəzi məqamların aradan qaldırılması baxımından əlahiddə əhəmiyyətli sənəd olmaqla, həm də regionların hazırkı sosial-iqtisadi inkişaf tempi ilə şərtlənmişdir. Burada məhkəmələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, onların yeni bina və zəruri inventar, habelə informasiya texnologiyaları ilə təminatı məsələləri də geniş əksini tapmışdır.

Fərmanın 6-cı bəndində Azərbaycan Respublikasının Ali Məhkəməsinə, o cümlədən, apelyasiya məhkəməsinə Avropa presedent hüququnu öyrənmək və təcrübədə tətbiq etmək tövsiyə edilmişdir.

Bu fərmanla məhkəmə sisteminin müasirləşdirilməsinin növbəti mərhələsində əhalinin hüquq islahatlarına və hüquqi yardıma olan tələbatının ödənilməsi üçün yeni məhkəmələrin yaradılması, vətəndaşların narazılığına səbəb olan sui-istifadə, süründürməçilik və digər nöqsanların aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatının strukturunun və işinin daha optimal şəkildə qurulması, habelə digər mühüm məsələlər öz həllini tapmışdır.

Burada ən ümdə cəhətlərdən biri Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki şəhərlərində yeni apelyasiya məhkəmələri, Naxçıvan şəhərində Ağır Cinayətlərə Dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi, eyni zamanda, 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi, Sumqayıt Yerli İqtisad Məhkəməsi və Şəki Yerli İqtisad Məhkəməsi yaradılması idi. Fərmanın 3-cü bəndində Məhkəmə-Hüquq Şurasına tövsiyə edilirdi ki, apelyasiya məhkəmələri, yerli iqtisad məhkəmələri və müvafiq hərbi məhkəmələrin yurisdiksiyasının müəyyən edilməsi haqqında təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsinlər. Bütün bunlar isə ondan xəbər verirdi ki, məhkəmə-hüquq islahatları sahəsində qazanılmış uğurlar paytaxt və regionlar arasında tarazlı xarakter daşıyır, bütün respublika miqyasında özünü göstərirdi.

Dövlət başçısının 17 avqust 2006-cı il tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərmanı da mühüm önəm daşımış, hakimlərin sayı 153 ştat vahidi artırılmış, məhkəmələrin ərazi yurisdiksiyaları müəyyən olunmuşdur. Beləliklə də məhkəmələrə daxil olan işlərin qanunda nəzərdə tutulmuş vaxtda və keyfiyyətlə baxılması istiqamətində önəmli nailiyyətlər əldə edilmişdir. Məhkəmələrin fəaliyyətinin daha da yaxşılaşdırılması məqsədilə onların maddi-texniki bazasının müasir standartlara müvafiq olaraq hazırlanması, yeni inzibati binalarla, zəruri informasiya texnologiyaları ilə təmin olunması, digər bu qəbildən olan məsələlər də xüsusi diqqət mərkəzindədir.

Hüquqi islahatların uğurla həyata keçirilməsində, məhkəmə-hüquq islahatlarının aparılmasında, müstəqil məhkəmə hakimiyyətinin formalaşmasında Azərbaycan ədliyyəsi böyük rol oynayır. Bu amili nəzərə alan cənab İlham Əliyev 18 aprel 2006-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında" əsasnaməni təsdiq etmişdir. Yeni əsasnaməyə uyğun olaraq nazirlik müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını həyata keçirir, məhkəmə qərarlarının icrasını təmin edir, penitensiar müəssisələrin fəaliyyətini təşkil edir və nəzarəti həyata keçirir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir, qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqı aparır, hüquq sahələrinə dair elmi- tədqiqat işləri aparır və məhkəmə ekspertizalarının keçirilməsini təşkil edir. Lakin burada ən vacib məqam ondan ibarətdir ki, yeni əsasnamə ilə sözügedən nazirlik ədliyyə sahəsində vahid dövlət siyasətini və tənzimlənməsini həyata keçirən hüquq-mühafizə orqanı statusunu almış və onun fəaliyyət istiqamətləri genişlənmiş, konkret hüquq və vəzifələri müəyyən edilmişdir.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 26 may 2006-cı ildə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanun qəbul edilmiş, daha sonra dövlət başçısı 17 avqust 2006-cı il tarixdə "Ədliyyə orqanlarının inkişafı haqqında" fərman imzalamışdır.

Bu fərmanla Ədliyyə Nazirliyində edilən struktur dəyişiklikləri, ədliyyə orqanlarının fəaliyyətinin səmərəli olması üçün yaradılan yeni qurumlar islahatların keyfiyyətlə aparılmasına xidmət etmişdir. Fərmanda əsas məqsəd kimi vətəndaşların ədliyyə orqanlarına müraciət etmə imkanlarının asanlaşdırılması, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, notariat və müvafiq sahələrdə göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin, qanunyaradıcı fəaliyyətin təkmilləşdirilməsi, məhkəmə ekspertizalarının keyfiyyətinin artırılması, hüquqi maarifləndirmənin və yeni texnologiyalar tətbiq edilməklə informasiya təminatının yaxşılaşdırılması, yüksək peşəkar mütəxəssislərin hazırlanması və digər istiqamətlər üzrə ədliyyə orqanlarının inkişafını təmin etmək qarşıya qoyulmuşdur.

Dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsi, hüquqi təsisatların möhkəmləndirilməsi, beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi ədliyyə və məhkəmə orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsini, onun maddi-texniki bazasının modernləşdirilməsini şərtləndirməsi fonunda Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" ədliyyə sahəsində daha sürətli inkişafı təmin etmək üçün əsas vəzifələri, istiqamətləri və yerinə yetirilməli olan tədbirləri müəyyən etmişdir.

Dövlət proqramının məqsədi Azərbaycan Respublikasında ədliyyə sahəsində dövlət siyasətinin daha uğurla həyata keçirilməsini, ölkədə aparılan məhkəmə-hüquq islahatlarının davam etdirilməsini, ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafını təmin etməkdən ibarətdir.

Proqramın giriş hissəsində qeyd edilmişdir ki, ölkədə hüquq sisteminin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatlarının davam etdirilməsi ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin son dövrün tələbləri səviyyəsində qurulmasını, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasını, vətəndaşların məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasını, regionlarda hüquq infrastrukturunun genişləndirilməsini, yeni nəsil hüquqşünaslarının formalaşdırılmasını, cəza-icra siyasətinin humanistləşdirilməsini zəruri edir. Dövlət proqramının imzalanması da ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının, ədliyyə orqanlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədini daşıyır.

Prezident İlham Əliyev məhkəmə sisteminin müasirləşdirilməsi işinin davamlı proses olduğunu da diqqətə çatdırmışdır: "Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi işi sürətlə gedir. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra ölkədə məhkəmə-hüquq islahatları aparılmağa başlanmışdır. Bu işlər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır və bu gün uğurla davam etdirilir. Çünki məhkəmə-hüquq sisteminin təkmilləşməsi hər bir ölkənin inkişafında çox böyük əhəmiyyət kəsb edir. Hətta inkişaf etmiş ölkələrdə də bu proses daim gedir. Yəni bu prosesin əvvəli var, amma sonu yoxdur. Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə-hüquq sisteminin islahatları ilə bərabər aparılmalıdır. Çünki bu amillər bir-birindən çox asılıdır".

Hüquqi islahatlar çərçivəsində Prezident İlham Əliyev Respublika Prokurorluğunun fəaliyyətinin daha səmərəli şəkildə təşkil olunması, müasir standartlara və müvafiq beynəlxalq konvensiyaların tələblərinə cavab verməsi məqsədilə də mühüm qərarlar qəbul etmişdir. Bununla bağlı cənab İlham Əliyevin tarixi əhəmiyyət daşıyan fərmanlarından biri - 2004-cü ilin 28 oktyabrında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsini təsdiq etməsi olmuşdur. Sözügedən idarənin yaradılması Milli Məclisin 13 yanvar 2004-cü ildə qəbul edilmiş "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun tələblərindən irəli gələn halların, eləcə də dövlət başçısının "Korrupsiyaya qarşı mübarizə üzrə (2004-2006-cı illər) Dövlət Proqramı"nın icrasında mühüm rol oynamışdır. Məhz bu idarənin fəaliyyəti nəticəsində korrupsiyaya qarşı mübarizə sahəsində ciddi nəticələr əldə edilmiş, ölkəmizdə bu problemin həlli istiqamətində mühüm nailiyyətlərə imza atılmışdır.

Qısa müddətdə strukturlaşaraq fəaliyyətə başlayan bu qurum korrupsiyaya qarşı mübarizə sahəsində ciddi nəticələr əldə etmişdir. Bu idarənin yaradılması ilk növbədə prokurorluğun strukturunun keyfiyyətcə təkmilləşdirilməsinə yönəlmiş addım olmaqla yanaşı, dövlət başçısının prokurorluq orqanlarına yüksək inam və etimadını təcəssüm etdirmişdir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi korrupsiya ilə bağlı cinayətlərin aşkarlanması, qarşısının alınması, nəticələrinin aradan qaldırılması, habelə vəzifəli şəxslərin fəaliyyətində qanuniliyin, şəffaflığın və səmərəliliyin təmin edilməsində bu gün də mühüm rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyevin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" 28 iyul 2007-ci il tarixli Fərmanı respublikamızda şəffaflığın təmin olunduğunu və korrupsiyaya qarşı mübarizə tədbirlərinin ardıcıl xarakter daşıdığını təsdiqləyir. Sənəddə məhkəmələrlə yanaşı, Azərbaycan Respublikası Prokurorluğu qarşısında da mühüm vəzifələr müəyyənləşdirilmişdir.

Zamanın axarına uyğun olaraq dövlət quruculuğu sahəsində davam etdirilən islahatlar və ölkəmizin cinayət hüquq sisteminin inkişafı demokratik cəmiyyətdə prokurorluğun rolunun artırılmasını və müasir dövrün tələblərinə uyğun işinin keyfiyyətcə yeni səviyyədə qurulmasını zəruri edir. Prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorlarının formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə Prezident İlham Əliyev 27 sentyabr 2008-ci il tarixdə Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramını təsdiq etmişdir.

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində atılan ilk prinsipial addımlardan biri də 1993-cü ildən ölüm cəzasının tətbiqi üzərində moratoriumun qoyulması, 1998-ci ilin fevralında isə bu cəzanın tamamilə ləğv edilməsi olmuşdur. Şərqdə bu sahədə ilk addımı atan dövlət kimi xarakterizə olunan Azərbaycan Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı Protokolunda ölüm hökmünün yolverilməzliyinə tərəfdar çıxdığını nümayiş etdirmişdir. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasında ölüm hökmü cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə müstəsna cəza tədbiri kimi göstərilmiş və daimi cəza növü kimi nəzərdə tutulmamışdır. 1996-cı ilin mayında parlament Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən yuxarı olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul etmiş, eyni zamanda, ölüm cəzasının tətbiqini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirilmişdir.

Ölüm hökmü tam ləğv olunmazdan əvvəl cəmiyyətdə geniş ictimai müzakirəyə çıxarılmış, Avropa Şurası ilə geniş məsləhətləşmələr aparılmışdır. Ulu öndər 1998-ci il fevralın 3-də Milli Məclisə ölüm hökmünün ləğvi ilə bağlı müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Milli Məclis ölüm hökmünün ləğvi ilə bağlı ölkə Prezidentinin təklifini dəstəkləmiş, 10 fevral 1998-ci ildə belə bir tarixi qərar qəbul etmişdir. Yüksək bəşəri dəyərlərə, humanizm və insanpərvərlik prinsiplərinə əsaslanan bu qərar eyni zamanda Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olmaq, sivil dəyərləri əxz etmək niyyətindən irəli gəlmişdir. Həmin vaxt hətta Avropa Şurasının üzvü olan bəzi dövlətlər belə bu addımı atmamışdılar. Bəzi iddiaların əksi olaraq ölüm hökmü cəzasının ləğvi tərbiyəvi məzmun kəsb edərək ağır və xüsusilə ağır cinayətlərin sayının azalmasına gətirib çıxarmışdır.

Prezident İlham Əliyevin başladığı hüquqi islahatlardan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi kənarda qalmamış, bu dövlət təsisatının fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülmüşdür. Cənab İlham Əliyevin 30 iyun 2004-cü il tarixli "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında", eləcə də "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturunda dəyişikliklər edilməsi haqqında" fərmanları buna əyani misal ola bilər. Sözügedən dövlət proqramında daxili işlər orqanları əməkdaşlarının sosial təminatının gücləndirilməsi, onların yaşayış və iş şəraitinin yaxşılaşdırılması, polisin fəaliyyəti və rolu haqqında bilgilərin ictimaiyyətə təlqin olunması, daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və daim müasirləşdirilməsi kimi vacib məsələlər öz əksini tapmış, onların icrası uğurla həyata keçirilmişdir.

Həyata keçirilən tədbirlər əsasında Daxili İşlər Nazirliyinin strukturunda yeni idarələr də yaradılmışdır. Onlara misal olaraq Daxili təhlükəsizlik, İnsan alverinə qarşı mübarizə, Miqrasiya, Korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış tədbirləri idarələrini göstərmək mümkündür. Eləcə də nazirliyin maddi-texniki bazasının yenilənməsi, xüsusi texniki avadanlıqlarla təchiz olunması, avtomobil parkının genişləndirilməsi və müasirləşdirilməsi, daxili qoşunlar üçün xüsusi texniki vasitələrin alınması istiqamətində mühüm işlər görülmüşdür.

Aparılan hüquqi islahatlar, eləcə də insan hüquq və azadlıqlarının təmini istiqamətində Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamı müstəsna əhəmiyyət kəsb etmişdir. Sərəncamda bir daha vurğulanmışdır ki, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Sərəncamın mühüm müddəalarından biri də milli qanunvericiliyin beynəlxalq hüquqi aktlara uyğun daha da təkmilləşdirilməsidir. Bu istiqamətdə islahatlara milli qanunvericiliyin əsası olan Konstitusiyadan başlanılması isə tamamilə məntiqəuyğun xarakter daşımışdır.

Beləliklə, hüquqi dövlət və vətəndaş cəmiyyətinin quruculuğu istiqamətlərində də mühüm nailiyyətlərin əldə olunduğu Azərbaycanda siyasi-hüquqi sistemin əsaslı şəkildə demokratikləşməsi həyata keçirilmiş, qeyd edilən sahələr üzrə Avropa tələblərinə uyğun mükəmməl baza yaradılmışdır.

 

 

(ardı var)

 

 

Azərbaycan.- 2011.- 14 avqust.- S.  3.