Geostrategiya" jurnalının yeni nömrəsi çapdan çıxmışdır

 

Azərbaycanda nəşr edilən aylıq ictimai-siyasi, elmi-populyar "Geostrategiya" jurnalının iyul nömrəsi çapdan çıxmışdır. Təsisçisi "Kaspi" Geosiyasi Araşdırmalar Mərkəzi olan jurnalın baş redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur.

Nəşrə başladığı qısa müddət ərzində "Geostrategiya" jurnalı geniş populyarlıq qazanmışdır. Buna səbəb jurnalın Azərbaycanın hazırkı və perspektiv geostrateji mövqeyi, ölkəmizin regional təhlükəsizliyin təminatındakı rolunun elmi tədqiqinə böyük diqqət ayırmasıdır. Nəşrin hər nömrəsində respublikamızın strateji maraqlarının, tarixinin, mədəniyyətinin, incəsənətinin təhlilinə geniş yer ayrılır. Jurnalın yenicə çapdan çıxan nömrəsində də bu məsələlər diqqətdə saxlanmışdır.

"Geostrategiya"nın yeni nömrəsində tarix elmləri doktoru, professor Əli Həsənovun "Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinə konseptual yanaşma" məqaləsində qlobal, regional və milli təhlükəsizlik məsələləri geniş təhlil edilmişdir. Professor qeyd edir ki, SSRİ-nin süqutundan sonra Azərbaycan ilk növbədə öz milli inkişaf və təhlükəsizlik strategiyasının yaradılmasını qarşısına əsas vəzifə kimi qoymuşdur. Lakin, eyni zamanda, o da bildirilir ki, müstəqilliyin ilk illərində buna nail olmaq üçün dövlətdə və cəmiyyətdə əsaslandırılmış yanaşmalar və təsəvvürlər yox idi. Yalnız 1993-cü ildən başlayaraq ölkənin milli inkişaf və təhlükəsizliyinin nəzəri və praktiki məsələləri geniş ictimai-siyasi və elmi müzakirəyə çıxarıldı, onun konseptual əsasları müəyyən edildi. Professor xüsusi olaraq qeyd edir ki, Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinin təminatında vahid milli ideya - azərbaycançılığın formalaşması və dövlət siyasəti səviyyəsinə qaldırılması mühüm rol oynamışdır.

Məqalədə, həmçinin qlobal təhlükəsizlik sistemi ilə bağlı hazırkı vəziyyətin təhlilinə də diqqət ayrılır. Ə.Həsənov bildirir ki, müasir beynəlxalq təhlükəsizlik sistemi əvvəlki kimi sosializm və kapitalizm düşərgələrinin ideoloji qarşıdurmasını deyil, milli, regional və qlobal təhlükəsizliyi özündə əks etdirir. Bu baxımdan professor hesab edir ki, Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinin beynəlxalq, regional və milli səviyyələrinin əsas hədəflərini, hər səviyyə üzrə vəzifə və istiqamətlərini müəyyənləşdirmək və tədqiq etmək müasir dövrdə xüsusi önəm daşıyır.

Müəllif bildirir ki, Azərbaycan beynəlxalq nüfuzunu artırmaqla, iqtisadi və siyasi cəhətdən güclənməklə təhlükəsizliyinin təminatında irəliləyişlər əldə etmişdir. Azərbaycan bu irəliləyişə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında qurulan yeni milli təhlükəsizlik konsepsiyası sayəsində nail olmuşdur. Hazırda bu konsepsiya müxtəlif inkişaf mərhələlərini keçərək təkmilləşmişdir.

Jurnalda, həmçinin tarix üzrə fəlsəfə doktoru İbrahim Əliyevin milli ideologiya və azərbaycançılıq məfkurəsinin tədqiqinə, Vüsalə Kərimovanın Dünya Azərbaycanlılarının III Qurultayının yekunlarına dair, tarix üzrə fəlsəfə doktoru Elman Nəsirovun beynəlxalq terrorizmlə bağlı araşdırmaları yer almışdır. Bundan əlavə, oxucular "Geostrategiya"nın yeni nömrəsində Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov ilə müsahibə, Azərbaycanın tarixi abidələrindən, turizm imkanlarından bəhs edən maraqlı yazılarla tanış ola bilərlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 16 avqust.- S. 5.