Azərbaycan-NATO əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir

 

 Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrilmək, eyni zamanda hərbi-siyasi təhlükəsizliyinə təminatı gücləndirmək üçün bir sıra aparıcı beynəlxalq təşkilatlarla yanaşı, NATO ilə əməkdaşlığa da xüsusi önəm verdi. 1994-cü ildən təşkilatın "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulan Azərbaycan bunun sayəsində NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrlar hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları qazanmışdır. Bu əməkdaşlıq strateji məzmun kəsb etməklə regionun mühüm enerji layihələrinin təhlükəsiz gerçəkləşdirilməsinə də əsaslı təminat yaratmışdır. Antiterror koalisiyasının üzvü olan Azərbaycanın hərbi bölmələri NATO qoşunlarının tərkibində Əfqanıstanda və İraqda həyata keçirilən sülhyaratma missiyasında yaxından iştirak etmişlər. Bu o deməkdir ki, təşkilat münaqişə ocaqlarının söndürülməsində, mübahisələrin çözülməsində, bir sözlə, qlobal planda sülhsabitliyin təminatında Azərbaycanın potensialını yüksək qiymətləndirir.

Xarici siyasətdə Avratlantik məkana inteqrasiya kursunu əsas götürən Azərbaycanın NATO ilə uğurlu əməkdaşlığı hərbi quruculuq məsələlərində də az əhəmiyyət daşımır. Azərbaycan ordusunda həyata keçirilən islahatlarda, hərbi hissələrin komplektləşdirilməsində NATO standartları əsas götürülür. Ölkəmizə səfər edən NATO rəsmiləri də keçirdikləri görüşlərdə Azərbaycan ordusunda aparılan islahatlardan razılıqlarını dəfələrlə bəyan ediblər. Bu, həm də Azərbaycan-NATO əməkdaşlığının perspektivləri barədə daha nikbin düşünməyə əsas verir.

NATO Azərbaycanın ərazi bütövlüyünün bərpasında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez həll olunmasında da maraqlıdır. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi məsələsi NATO-nun 2006, 2008-ci illərdə keçirilən zirvə toplantılarında bir daha ifadə olunmuşdur. Ölkəmizin ərazi bütövlüyü məsələsi NATO-nun 2009-cu ildə keçirilən zirvə sammitinin yekun bəyanatının 58-ci maddəsində də öz əksini tapmışdır. Bəyanatda qeyd olunub ki, alyans Azərbaycan, Gürcüstan, Ermənistan və Moldovanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməkdə davam edir, eyni zamanda regional münaqişələrin sülh yolu ilə həllini dəstəkləməkdə də davam edəcək. Bunu Lissabon sammitinin yekunlarına dair qəbul etdiyi bəyanatı ilə Şimal Alyansı bir daha diqqətə çatdırmış oldu. Ermənistan tərəfi Strasburq-Kehl sammitində təşkilata üzv ölkələrin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməməsi üçün uğursuz cəhdlər etsə də, bunun əbəs olduğu NATO-nun son zirvə toplantısında bir daha təsdiqləndi. Təşkilatın yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyüsuverenliyi növbəti dəfə dəstəklənmişdir.

Azərbaycan-NATO münasibətləri son illərdə qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir. Rəsmi Bakı alyansla münasibətlərini regionun geosiyasi özəlliklərini nəzərə almaqla inkişaf etdirmək, sülh və təhlükəsizliyin qorunması üçün hərbi-siyasi sahədə birgə proqramlar həyata keçirmək niyyətini açıq bildirir. "SNT" proqramı və "Fərdi Əməkdaşlıq üzrə Fəaliyyət Proqramı" çərçivəsində əməkdaşlıq ölkəmizə NATO-nun hərbi strukturları ilə ələqələrini möhkəmlətmək, birgə təlimlər keçirmək, hərbi kadrların hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları yaratmışdır. Bu əməkdaşlıq strateji məzmun kəsb etməklə regionun mühüm enerji layihələrinin təhlükəsiz gerçəkləşdirilməsinə də əsaslı təminat yaradır.

Orduya diqqət və qayğının ən bariz təcəssümü özünü büdcə xərclərinin dinamik artımında da göstərir. 2003-cü ildə cəmi 150 milyon büdcəsi olan Silahlı Qüvvələrə 2011-ci ildə dövlət büdcəsindən ayrılan vəsaitlər 3 milyard ABŞ dollarından çoxdur. Hələ 2003-cü ildə "Azərbaycan ordusunun hərbi xərcləri işğalçı Ermənistanın dövlət büdcəsindən çox olmalıdır" deyən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu vədini də əməli surətdə gerçəkləşdirmişdir. Hərbi xərclərin artması ordu quruculuğu prosesini daha da sürətləndirmiş və bunu Azərbaycan ordusunun bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür. İldən-ilə dövlət büdcəsindən orduya ayrılan vəsaitin artımı hərbi qulluqçuların - generalların, başkiçik zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin, matrosların, müddətdən artıq hərbi qulluqçuların sosial təminatının gücləndirilməsinə, mənzil şəraitlərinin daha da yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət edir. Bütün bunlar Azərbaycan hakimiyyətinin ordunun möhkəmləndirilməsinə olan diqqətinin və ölkəmizin təhlükəsizliyi, xarici təhdidlərin aradan qaldırılması kimi məsələlərdə nümayiş etdirdiyi həssaslığın təzahürüdür.

Azərbaycanın qüdrətli Silahlı Qüvvələrə malik olmasını işğalçı tərəf, eləcə də dünya ictimaiyyəti  2008-ci ildə və bu ilin iyun ayında keçirilən möhtəşəm hərbi paradda bir daha gördü, buna növbəti dəfə əmin oldu. Bakının bayram libası geymiş "Azadlıq" meydanında keçirilən parad ölkəmizin müzəffər silahlı birləşmələrə malik olduğunu bir daha nümayiş etdirdi. Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin şəxsi heyətinin, modernləşdirilmiş hərbi texnikanın, döyüş vertolyotlarının, təyyarələrin, gəmilərin və qayıqların iştirak etdiyi hərbi parad hər bir azərbaycanlıda qürur hissi doğurdu. Bu, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən, onun yenilməzliyindən, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən an zəfər yürüşünə hazır olmasından xəbər verən möhtəşəm tədbir idi.

Ulu öndərin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 8 ildə bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Nizami ordu müstəqilliyinin bərpasının 20 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilməklə ona dünya miqyasında maraq və mənafeyini, milli təhlükəsizliyini lazımi səviyyədə qorumaq, müstəqil siyasət yeritmək imkanı yaradır. İyunun 26-da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda bildirmişdi: "Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır. Biz çalışırıq ki, məsələ tezliklə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Bunun üçün biz diplomatik səylərimizi davam etdirəcəyik. Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik. Heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur, baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Bu, həmişə belə olub, bu gün də belədir. Sadəcə, müvəqqəti olaraq işğal altına düşübdür. Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa ediləcəkdir. Bunu etmək üçün biz daha da güclü olmalıyıq. Azərbaycanda bütün sahələrdə aparılan islahatlar, ölkəmizin inkişafı, bölgədəki mövqelərinin möhkəmləndirilməsi nəticəsində istəyimizə nail ola biləcəyik".

Ölkəmiz işğalçı Ermənistanla müharibə vəziyyətindədir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Belə bir vəziyyət isə müdafiə məsələlərinə diqqətin artırılmasını tələb edir. Cənab Prezidentin dediyi kimi, bu siyasət davam etdiriləcək və ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca bunun miqyası da genişlənəcəkdir.

Azərbaycanda, eyni zamanda ordumuz üçün lazım olan avadanlığın, silah-sursatın istehsalı üçün böyük işlər görülür. Ölkəmizə səfər edən NATO rəsmiləri də keçirdikləri görüşlərdə Azərbaycan ordusunda aparılan islahatlardan razılıqlarını dəfələrlə bəyan edirlər. Bu, həm də Azərbaycan-NATO əməkdaşlığının perspektivləri barədə daha nikbin düşünməyə əsas verir.

NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın bir müddət əvvəl ölkəmizə səfəri də Azərbaycanla adıçəkilən mötəbər qurumun əməkdaşlığının uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. NATO təmsilçisi ölkə başçısı və digər rəsmi şəxslərlə keçirdiyi görüş zamanı əlaqələrimizin hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fkir mübadiləsi apardı. C.Appaturay bir daha bəyan etdi ki, NATO Azərbaycana strateji baxımdan xüsusi önəm verir və Azərbaycan sülhməramlılarının Əfqanıstanda sülhyaratma tədbirlərində fəal iştirakı münasibətlərimizə yaxşı nümunə ola bilər.

Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması ən qısa müddətdə qarşıya qoyulmuş bütün məsələlərin həllinə imkan yaradacaqdır.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.-21 avqust.- S. 3.