Azərbaycanın bölgələrində həyata keçirilən iri infrastruktur layihələri davamlı inkişafdan xəbər verir

 

 Ölkə başçısının Siyəzən və Şabran rayonlarına səfərləri mühüm sosial obyektlərin açılışı ilə əlamətdar oldu

 

Azərbaycanda yeni dövrə uyğun iqtisadi siyasət prioritetlərinin müəyyənləşdirilməsi, bütün həyati əhəmiyyətli sahələrdə proqressiv islahatların aparılması ölkə vətəndaşlarının sosial rifah halının daha da yüksəlməsinə hesablanıb. Son 8 ildə ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində görülən ardıcıl işlər müsbət nəticələrə gətirib çıxarmışdır.

Ötən müddətdə mövcud potensialın səmərəli realizə edilməsi, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, başlıcası isə Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin reallaşdırılması respublikanın bölgələrinin uğurlu inkişafını şərtləndirmişdir. Cənab İlham Əliyevin yürütdüyü siyasətin mahiyyətindən irəli gələrək ötən 8 ildə qarşıya qoyulan başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılması, təhsil-səhiyyə müəssisələrinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, sahibkarların fəaliyyətinə mane olan süni əngəllərin aradan qaldırılmasıdır. Regionlarda həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkir.

İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair imzaladığı proqramlar aktuallığına, əhəmiyyətinə və miqyasına görə hər zaman xüsusi diqqət mərkəzində olmuşdur. Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər regionlarda sahibkarlığın inkişafını sürətləndirmiş, iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə,  yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır. Hökumət Dövlət Proqramı əsasında regionlarda kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərmiş, o cümlədən emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların fonunda çoxlu yeni yerinin açılmasını təmin etmişdir. Dövlət Proqramı regionların tarazlı inkişafına yönəlməklə yanaşı, həm də yerlərdə enerji infrastrukturunun, nəqliyyat-kommunikasiya sisteminin bərpası, habelə elmi-texniki tərəqqi, mədəni yüksəliş, müasir informasiya texnologiyalarının tətbiqi məsələlərinin həllini özündə ehtiva etmişdir.

Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın da əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. Xüsusi vurğulamaq lazımdır ki, dövlət başçısı İlham Əliyev ötən 8 ildə bölgələrə etdiyi səfərlər zamanı müxtəlif istehsal müəssisələrinin, yolların, körpülərin təməlqoyma və açılış mərasimlərində iştirak etmiş, uzun illərdən bəri yığılıb qalmış bəzi problemlərin qısa zaman içərisində  həlli ilə bağlı müvafiq tapşırıqlarını vermişdir. Bu səfərlərin hər biri bölgədə yaşayan insanların həyatında müsbət irəliləyişlərə səbəb olmuş, onların yaddaşında xoş izlər buraxmışdır.

Bu günlərdə Prezident İlham Əliyevin Siyəzən və Şabran rayonlarna səfəri də əlamətdar hadisələrlə yadda qalmışdır. Dövlət başçısı Siyəzən rayonunda Heydər Əliyev Mərkəzinin, eləcə də Uşaq İncəsənət Məktəbinin açılışında iştirak etmişdir. Məlumat üçün bildirək ki, son bir neçə ildə Siyəzən rayonunda çoxlu sayda sosial təyinatlı infrastruktur obyektləri tikilib istifadəyə verilmişdir. Həmin binalar şəhərin simasına yaraşıq verməklə yanaşı, əhalinin rahatlığına da xidmət edir. Dövlətimizin başçısı son illər ölkədə aparılan tikinti-quruculuq işləri ilə bağlı  bildirmişdi: "Bildiyiniz kimi, Azərbaycanda son illər ərzində geniş quruculq işləri aparılır. Bütün bölgələrdə canlanma, inkişaf vardır, konkret layihələr icra edilir. Mən istəyirəm ki, hər bir yerdə, hər bir rayonda işlər yüksək səviyyədə aparılsın. İlk növbədə, insanları narahat edən problemlər tezliklə aradan qaldırılsın və bu istiqamətdə konkret addımlar atılmışdır. Bunu Siyəzən rayonunun timsalında da görə bilərik, infrastruktur layihələri icra edilir, yollar salınır, magistral yol çəkilmişdir, Bakıya gediş-gəliş çox rahatdır. Eyni zamanda, kənd yollarının çəkilişi ilə bağlı əlavə konkret tədbirlər görülməlidir və görüləcəkdir".

Bölgələrə səfəri çərçivəsində dövlətimizin başçısı Şabranda Heydər Əliyev Mərkəzinin, Rayon Mərkəzi Xəstəxanasının, eləcə də Uşaq Yaradıcılıq Mərkəzinin də açılışlarında iştirak etmişdir. Ölkə başçısına məlumat verilmişdir ki, Şabran Rayon Mərkəzi Xəstəxanasında ən müasir tibbi avadanlıqlar quraşdırılmışdır. Xəstəxananın müasir avadanlıqla təmin edilməsi, ilk növbədə, burada tibbi müayinələrin və müalicə işinin ən yüksək səviyyədə təşkilinə və aparılmasına hərtərəfli imkan yaradır. Azərbaycan Prezidenti əsaslı təmir və yenidənqurmadan sonra Şabran Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət Sarayı ilə də tanış olmuşdur. Muzeydə Şabranın qədim tarixini əks etdirən daş eksponatlar, o cümlədən rayonda aparılan arxeoloji qazıntılar nəticəsində tapılan müxtəif növ əşyalar nümayiş etdirilir. Qeyd edək ki, Şabran rayonunda 150-dək tarixi abidə qeydiyyata alınmışdır. Son illər bu abidələrin həm mədəni irs nümunəsi, həm də turizm potensialı məkanı kimi təbliği yönündə müəyyən işlər görülür.

Prezident İlham Əliyev səfər zamanı Şabran rayonunda 10,7 kilometrlik birinci mərəhələsi istismara verilən Vəlvələçay-Taxtakörpü kanalı və Taxtakörpü Su Anbarının su elektrik stansiyası ilə birlikdə inşa edildiyi ərazidə olmuşdur. 4 mərhələdə həyata keçiriləcək Samur-Abşeron suvarma sisteminin yendənqurulması layihəsi çərçivəsində hazırda yüksək səviyyəli Taxtakörpü Su Anbarı, Vəlvələçay-Taxtakörpü kanalı və Taxtakörpü-Ceyranbatan kanalının tikintisi davam edir. Ən son elmi-texniki yeniliklərə əsaslanan bu cür hidrotexniki qurğular yalnız inkişaf etmiş ölkələrdə inşa edilir. Qeyd edək ki, Vəlvələçay-Taxtakörpü kanalı üzərindəki digər hidrotexniki qurğuların da tikintisi başa çatmaq üzrədir. Bu obyektdə tikinti işlərinin 2012-ci ildə yekunlaşması nəzərdə tutulub. Həmin layihənin həyata keçirilməsi nəticəsində, ümumilikdə 19 min hektardan çox sahədə əkin sahəsinin suvarma suyu ilə təchizatı yaxşılaşacaq, Şabran rayonunda 8866 hektar yeni suvarılan sahələr isifadəyə veriləcəkdir. Ölkə başçısı Vəlvələçay-Taxtakörpü kanalının birinci mərhələsinin istifadəyə verilməsini yüksək qiymətləndirərək bildirmişdi: "Taxtakörpü Su Anbarı və Samur-Abşeron kanalı layihəsi ölkəmizdə demək olar ki, həm əhəmiyyətinə, həm də buraya qoyulan maliyyə resurslarına görə ən böyük infrastruktur layihələrindən biridir, bəlkə də birincisidir. Çox şadam ki, bu layihə icra edilir. Budur Azərbaycan reallıqları. Su inkişaf gətirəcək, həyat verəcəkdir. Fermerlər ondan faydalanacaqlar. Təkcə bu rayonda beş min hektar, Qubada da min hektar əlavə torpaqlar suvarılacaqdır. Bütövlükdə isə yüz əlli min hektar torpaqlara su verilməsi daha da yaxşılaşacaqdır. Hazırda suvarılmayan doqquz min hektar yeni torpaqlara su, həyat verilir. Ulu öndərin Azərbaycanın inkişafı ilə bağlı olan bütün ideyaları, arzuları yüksək səviyyədə reallaşır".

Bölgələrdə həyata keçirilən böyük infrastruktur layihələri, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir. Həyata keçirilən bu tədbirlər isə insanların daha firavanrahat yaşamasına, ümumilikdə ölkə iqtisadiyyatının dinamik inkişafına xidmət edir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.- 24 avqust.- S. 1.