Azərbaycan ilə Böyük Britaniya arasında hərbi sahədə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Avqustun 23-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı müdafiə qərargahı rəisinin maddi-texniki təchizat əməliyyatları üzrə müavini, aviasiya vitse-marşalı Qraham Hovard ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, S.Əbiyev Cənubi Qafqazda hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı barədə qonağı məlumatlandıraraq qeyd etmişdir ki, artıq 20 ildir ki, bu təcavüz davam edir. Nazir ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqların heç bir nəticə vermədiyini, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin indiyədək icra olunmadığını vurğulamışdır. Müdafiə naziri belə xoşagəlməz vəziyyətin hökm sürməsini dünyada ikili standartların mövcud olması ilə əlaqələndirmişdir.

Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsinə də diqqət yetirilmişdir. Qonaq hərbi sahədə inkişafa nail olmaq üçün Böyük Britaniyanın fəaliyyətini artıracağını bildirərək demişdir ki, artıq ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlıq barədə sazişin imzalanmasının vaxtı çatmışdır.

Təklif razılıqla qarşılanmışdır.

 

 

Azərbaycan.- 2011.- 24 avqust.- S.  3.