Ölkə turizminin Şahdağ zirvəsi

 

Malik olduğu füsunkar təbiət, əlverişli coğrafi mövqeyi ilə Azərbaycan hələ qədimdən dünyanın diqqətini özünə cəlb edib. Bunun nəticəsidir ki, adını tarixə həkk etdirmiş dünyanın ən məşhur səyyahlarının gündəliklərində Azərbaycanın adına rast gəlinir, ölkəmizin nadir təbiət gözəlliklərindən, maddi mədəniyyət abidələrindən, təbii sərvətlərindən geniş söz açılır. Böyük İpək yolunun keçdiyi əsas ölkələrdən olduğu üçün də Azərbaycana tarixən diqqət kifayət qədər yüksək olub. Bu isə daha çox sayda əcnəbilərin ölkəmizə gəlişini stimullaşdırıb.

Əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan dünyanın diqqətini həm də böyük turizm potensialı olan bir ölkə kimi  cəlb edir. Xalqımızın tarixən qonaqpərvər xüsusiyyəti ilə seçilməsi, son illər ərzində turizm sahəsində uğurla həyata keçirilən dövlət siyasəti, infrastruktur layihələrin gerçəkləşdirilməsi bu müstəvidə Azərbaycana olan marağın daha da  yüksəlməsinə gətirib çıxarıb. Bu gün turizmin müxtəlif növlərinin sürətlə inkişaf etdiyi Azərbaycanda xeyli işlər görülür, istirahətə və səyahətə gələnlər üçün lazımi şərait yaradılır.

Beynəlxalq miqyasda da açıq etiraf edilir ki, Azərbaycan neft-qaz ölkəsi olmaqla yanaşı, burada qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin və turizmin inkişafı üçün geniş imkanlar var. O da xüsusi olaraq vurğulanır ki, çox böyük turizm potensialına malik Azərbaycan bu sahədə böyük nailiyyətlərin müəllifi kimi çıxış edir. Ölkəmizdə turizmin daha sürətli inkişaf etdirilməsi məqsədilə həyata keçirilən dövlət siyasəti, atılan addımlar öz səmərəsini verir, dünyanın dörd bir yanından Azərbaycana ötən illərlə müqayisədə daha böyük turist axınını şərtləndirir. 2011-ci ilin ölkəmizdə "Turizm ili" elan edilməsi isə bu sahədə görülən işlərin miqyasını daha da genişləndirib.

Turizmin inkişafında regionların xüsusi çəkisinin davamlı surətdə artması isə bölgələrdə əhalinin maddi rifah halının yüksəlməsinə təsirsiz ötüşmür, rayonların ümumi iqtisadi inkişafı prosesində oynadıqları rolu daha da yüksəldir. Əsrarəngiz təbiətə, gözəl florafaunaya malik olan Azərbaycanın şimal rayonları, o cümlədən də Qusar hər zaman turistlərin maraq göstərdiyi ən sevimli məkanlar sırasında yer alıb. Bu yerlər təkcə təbii gözəllikləri ilə yox, həm də  qədim tarix-mədəniyyət abidələri, sənətkarlıq nümunələri ilə də məşhurdur. İnsanı valeh edən meşələrlə örtülü dağların qoynunda yerləşən, şəlaləli çayları, soyuq bulaqları, güzgü kimi bərq vuran gölləri olan Qusar rayonu səyahət həvəskarlarının, təbiət vurğunlarının, turistlərin ən çox xoşladıqları məkanlardan biridir. Şahdağın ətəklərində qərar tutmuş bu rayon, nəinki Azərbaycanın, eləcə də bütün Qafqazın çox gözəl guşələrindən biridir. İlin bütün fəsillərində burada səyahətə çıxan minlərlə təbiət həvəskarına rast gəlmək mümkündür. İsti aylarda gözəlliyi ilə göz oxşayan meşələri, qışda pambıq kimi ağappaq qara bürünmüş dağ və dərələri buraya yolu düşənləri ovsunlayır, onları təkrar-təkrar bu füsunkar diyara qayıtmağa məcbur edir.

Dövlət tərəfindən də bu rayonda turizmin potensialının gücləndirilməsinə böyük diqqət göstərilir. Prezident İlham Əliyevin sərəncamına əsasən inşa edilən və 2008-ci ildə istifadəyə verilən Qusar Olimpiya İdman Kompleksini buna misal gətirmək olar. Yenə də Azərbaycan Prezidentinin tapşırığı ilə Qusar şəhərindən 30 kilometr şimalda, dəniz səviyyəsindən 1.300-3.200 metr hündürlükdə, Şahdağ Milli Parkının ərazisində inşa edilən "Şahdağ" Qış-Yay Turizm Kompleksi Qusarın turizm potensialına böyük diqqətin konkret təzahürüdür.

"Şahdağ" Qış-Yay Turizm Kompleksinin tikintisinə 2009-cu ildə başlanıb. Müasir dünya standartlarına uyğun, dəniz səviyyəsindən 1300 metrlə 3200 metr arasındakı hündürlükdə yerləşən bu kompleks 2000 hektardan artıq bir sahəni əhatə edir. Qusar rayon mədəniyyət və turizm şöbəsinin müdiri David İbrahimxəlilovla söhbətimizdə o dedi ki, ümumilikdə kompleks daxilində işlərin dörd mərhələdə aparılması nəzərdə tutulub.Yaşadığımız il birinci mərhənin sonudur. İkinciüçüncü mərhələlərdə qaldırıcılar şəbəkəsinin və mədəni idman qurğularının, kotteclərin, yeni xizək yollarının salınması və digər işlər daxildir. Ümumiyyətlə, hazırda kompleks ərazisində layihələr əsasında görülən işlər davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyev vaxtaşırı Qusara səfərlər edir, beynəlxalq əhəmiyyətli kompleksdə görülən işlərlə maraqlanır. Dövlət başçısının tapşırıq və tövsiyələri rayonda icra orqanlarının fəaliyyət proqramına çevrilib. Bütün rayonu əhatə edən geniş abadlıq, quruculuq və yaşıllaşdırma işləri məhz bu istiqamətdə qurulub.

"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nda bu yerlərdə görülməsi vacib olan çox mühüm məsələlər əksini tapıb.

Qusarın coğrafi mövqeyi, təbii şəraiti elədir ki, hamının diqqətini cəlb edir. Bu yerlərdə turizmin daha geniş miqyas alması, inkişafı üçün hər şərait var. Bizim əsas vəzifəmiz bu səfalı guşələrdə, əsrarəngiz təbiətin qoynunda istirahətin və xidmətin təşkilinin müasir tələblər səviyyəsində qurulmasına nail olmaqdan ibarətdir.

Turist təkcə pul xərcləyən deyil, həm də informasiya daşıyıcısıdır. O səfər etdiyi yerlərin təbiəti, yol-irizi, səfalı bulaqları barədə öz ölkəsinə daşıdığı məlumatı yaymaqla məşğul ola bilər. Əgər istirahət zamanı onun qarşılaşdığı qeyri-adivarsa, bunları yaddaşında saxlayan turist özündən sonra həmin yerlərə yeni axının təşkilatçısına çevrilir.

Milli adət-ənənəmizə, mətbəxdə, süfrədə səliqə-sahmana, nəzakətli davranışa xüsusi fikir verilməlidir. Turizm sezonunun əvvəllərində şöbəmizin xüsusi komissiyası "Suvar", "Alpinə", "Yarssel", "Ümüd", "Star Qusar", "Qayıbulaq" istirahət mərkəzlərində olaraq, müasir tələblərin yerinə yetirilmə qaydalarını yoxlamışdır. Nəticələr ürəkaçandır, çünki  hələ keçən ildən başlayaraq yaradılan kurslarda təcrübə toplayan gənclərin bir qismi xidmət qaydalarına yiyələnmişdir. Buna görə də Qusarda getdikcə turizm problemləri aradan qaldırılır.

D.İbrahimxəlilov dedi ki, mədəniyyət və turizm şöbəsi iyun ayından başlayaraq hər həftənin çərşənbə və şənbə günləri rayonun mərkəzində xüsusi konsert proqramları təşkil edir. Öncə dövlət rəmzləri, tariximiz barədə məlumat səsləndirilir. Tədbirlərdə Azərbaycanın tanınmış şairlərinin şeirlərindən parçalar oxunur, yazıçıların əsərlərindən səhnələr göstərilir. Axşamlar xüsusi viktorinalar keçirilir. İyul ayının əvvəllərindən isə əməkdaşlar kəndlərdə çıxışlar edirlər. Konsert proqramlarında yerli musiqiçilərlə yanaşı, respublikanın tanınmış müğəniləri də çıxışlar edirlər.

Qusarın görməli yerlərinə ekskursiyalar təşkil edirik, müsahibim əlavə edir. Biz çalışırıq ki, turistlər  rayonumuzun kəndləri, adət-ənənələri, florası ilə yaxından tanış olsunlar. Ayağı həmişə mərmər üstə olanların torpağa ehtiyacı olur. Bəzən onların çoxu çadırlarda qalmağa üstünlük verirlər.

Piyada gəzintilər turistlərin ən çox üstünlük verdikləri hərəkət vasitəsidir. Yaşıl meşələr, sıx ormanlar buraya gələnləri, sözün həqiqi mənasında, valeh edir. Onu da qeyd edək ki, respublikamızın iqtisadi yüksəlişi ölkəmizə təşrif buyuran turistlərin sayının artmasına səbəb olub. Təkcə ötən il  Qusara  gələn turistlərin sayı əvvəlki onillikdəkindən qat-qat çoxdur.

Bu gün Qusarın elə bir kəndini, elə bir yaşayış ərazisini tapmazsan ki, orada xarici ölkələrdən gəlmiş turistlərlə rastlaşmayasan. Dəstə-dəstə, kürəklərində səfər çantaları olan bu adamlar respublikamızın dilbər guşəsi olan Qusarda istirahət etməkdən zövq alırlar. Ölkə turizminin zirvəsi olan Qusar bütün təşrif buyuranlara gəl-gəl deyir.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2011.- 24 avqust.- S.  4.