Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür

 

Avqustun 25-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent Qrenadin, Seyşel adaları, Syerra-Leone, Şri-Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələri ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, E.Məmmədyarov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi yol barədə diplomatlara ətraflı məlumat vermişdir. Nazir bu il müstəqilliyinin bərpasının 20-ci ildönümünün qeyd edildiyini vurğulamışdır.

E.Məmmədyarov ölkənin enerji siyasəti, dünya bazarının Azərbaycanın hidrokarbon ehtiyatları ilə təchiz edilməsi, qədim İpək Yolu üzərində qurulmuş nəqliyyat layihələrində Azərbaycanın iştirakı, Şərqi və Qərbi birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və digər regional və beynəlxalq əhəmiyyətli layihələr haqqında qonaqları ətraflı məlumatlandırmışdır.

Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi barədə də diplomatlara ətraflı məlumat verən nazir vurğulamışdır ki, artıq beynəlxalq ictimaiyyət status-kvonun saxlanılmasını qəbulolunmaz hesab edir. Münaqişənin nizamlanması da yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.

E.Məmmədyarov BMT yanında daimi nümayəndələri  Azərbaycan Respublikasının 2012-2013-cü illərdə BMT  Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü üçün irəli sürdüyü namizədliyinin dəstəklənməsinə çağırmışdır.

Görüşdə Azərbaycanda və regionda cərəyan edən proseslərlə bağlı fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 26 avqust.- S .4.