Qəhrəmanın adına layiq məktəb binası

 

 Şəmkir rayonunun Qapanlı kəndindəyik. Bura Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ata yurdudur. Kənd məktəbi də qəhrəmanın adını daşıyır. Burada qəhrəmanın adına layiq ikimərtəbəli bina ucaldılıb.

Qapanlı böyük kənddir. Üç mindən çox adam yaşayır. Orta məktəb isə köhnə, uyğunlaşdırılmış binada yerləşirdi. Dövlət başçısı İlham Əliyevin regionların inkişafına göstərdiyi tükənməz qayğı və diqqətin bəhrəsi olaraq cəmi yeddi ay ərzində burada 480 yerlik bina inşa edilib.

Dərslərin başlanmasına hələ xeyli qalır. Qapanlı məktəbinin binası isə tam hazırdır. "Fərid" firmasının inşaatçıları hər işi vaxtında və yüksək keyfiyyətlə görüblər. Enli dəhlizləri gəzir, işıqlı, yaraşıqlı otaqlara baxırıq. Müasir avadanlıqla təchiz olunmuş iyirmi dörd sinif otağı, iki laboratoriya, kompyuter mərkəzi, kitabxana, tibb məntəqəsi, idman zalı, akt salonu hamısı bir-birindən gözəl, bir-birindən yaraşıqlı! Müasir üslublu istilik sistemi  də öz yerində. Qapanlı məktəbliləri yeni dərs ilini yaraşıqlı binada qarşılayacaq, isti, işıqlı otaqlarda təhsil alacaqlar.

Şəmkir rayonunda məktəblərin texniki bazasının möhkəmləndirilməsi üçün sistemli surətdə bir-birindən gərəkli işlər görülür. Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski deyir ki, son üç ildə Aşağı Seyfəli, Xanallar, Səməd Vurğun, İrmaşlı, Çinarlı və Zəyəm Cırdaxan kənd məktəbləri üçün müasir formalı binalar tikilib. Bununla yanaşı, yeni dərs ilinə hazırlıqla əlaqədar hər yerdə əsaslı təmir-bərpa işləri aparılır. Bu günə qədər Nizami adına şəhər, Günəşli, Qılıncbəyli, Qaralar, Qaraqoyunlu, Yeni Göyçə və Nərimanlı kənd məktəblərində yenidənqurma işləri başa çatıb. Dəllər Daşbulaq, Koltəhnəli və bir nömrəli İrmaşlı kənd orta məktəblərində isə təmir işləri davam edir. Ən fərəhli cəhət budur ki, yeni dərs ilinə hazırlıqla əlaqədar məktəblər müasir tədris ləvazimatı və dərsliklərlə təmin olunub. Bu yaxınlarda 20 ədəd kompyuter və printer, 15 ədəd proyektor, 1 ədəd ekran, 10 ədəd noutbuk və 2 ədəd kondisioner alınıb. Bundan əlavə, məktəblər iki mindən çox parta, xeyli kitab rəfi, yazı lövhəsi, müəllim stolu, habelə paltar şkafı və başqa avadanlıqla təmin edilib.  Dövlətin tükənməz qayğısından ruhlanan məktəblərin pedaqoji kollektivləri təhsilin səviyyəsini günü-gündən yüksəltməyə çalışır, hər il yeni-yeni uğurlar əldə edirlər. Cari ildə Şəmkir məktəblərinin məzunlarından 16 nəfəri altı yüzdən, 37 nəfəri beş yüzdən yuxarı bal toplamışdır. Bu sahədə Ə.Cavad adına şəhər, Füzuli adına qəsəbə, Düyərli, Muxtariyyə, Dəllər Daşbulaq kənd məktəbləri xüsusilə fərqlənir. Bir sözlə, Şəmkirin təhsil işçiləri deyir ki, indi bizim hər cür imkan və şəraitimiz var. Əsas məqsədimiz təhsildə yüksək keyfiyyətə nail olmaq, müstəqil ölkəmiz üçün bilikli, bacarıqlı gənc nəsil yetişdirməkdən ibarətdir.

 

 

Azərbaycan.- 2011.- 26 avqust.- S. 5.