Hacıqabulda rabitə xidməti yaxşılaşır

 

Regionların sosial-iqtisadı inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən irimiqyaslı layihələr iqtisadiyyatın bütün sahələrində olduğu kimi, İKT və telekommunikasiya sektorunun inkişafında da uğurlu islahatlarla nəticələnmişdir.

Dövlət proqramına uyğun olaraq, müasir informasiya texnologiyalarının tətbiqi ilə idarəçilik mexanizminin inkişaf etdirilməsi, vətəndaşların elektron xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi üçün internetin, xüsusilə də genişzolaqlı internetin tətbiqi istiqamətində uğurlu islahatlar aparılmışdır. Bu islahatların davamı olaraq Hacıqabul TKQ-də də son illərdə əhalinin artan tələbatı nəzərə alınmaqla müasir informasiya texnologiyalarının tətbiqi istiqamətində müəyyən nailiyyətlər əldə olunmuş, əhaliyə, müəssisə və təşkilatlara keyfiyyətli, fasiləsiz və dayanıqlı rabitə xidmətlərinin göstərilməsi təmin olunmuşdur.

Rayon mərkəzi EATS-ın inzibati və texnoloji binası əsaslı təmir olunmuş, daxili xətt şəbəkəsində təmir-tikinti işləri aparılmış, mərkəzi EATS-da yeni müasir avadanlıqlar  quraşdırılmışdır. Mənəvi və fiziki cəhətdən köhnəlmiş böyük enerji tutumlu avadanlıqlar yenisi ilə əvəz olunmuşdur. Müəssisə və təşkilatlara elektron xidmətlərin göstərilməsi məqsədilə mərkəzi EATS-dan rayon icra hakimiyyətinin inzibati binasına, İxrac Neft Boru Kəmərlərinin Mühafizəsi İdarəsinə, Qaz İstismarı İdarəsinə, rayon Polis Şöbəsinin inzibati binasına ümumilikdə 11,6 kilometr uzunluğunda fiberoptik kabeli çəkilmiş və istismara verilmişdir.

İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədilə rayon mərkəzində müasir, yüksək sürətli, genişzolaqlı internet avadanlıqları quraşdırılmışdır. Bunun sayəsində internet istifadəçilərinin sayı son bir ildə təqribən iki dəfə artmışdır. Əhalinin artan tələbatını nəzərə alaraq bu istiqamətdə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yeni yaşayış məntəqələrinin salınmasını nəzərə alaraq təzə EATS binasının tikintisinə başlanmışdır. Rayonda pensiya və təqaüdlərin, əməkhaqlarının verilməsi, istifadə edilən elektrik enerjisinin, təbii qazın və digər kommunal xidmətlərin ödənişlərinin elektron variantda tətbiqi təmin olunmuşdur. Atbulaq, Qubalıbaloğlan, Talış, Muğan kəndlərinin hər birində 256 nömrə, Pirsaat, Padar, Tava kəndlərinin hər birində 32 nömrə, Ələtli kəndində 16 NN tutumlu yeni EATS-lar quraşdırılaraq istifadəyə verilmişdir. Rəncbər kəndində EATS-ın xətt şəbəkəsi genişləndirilmişdir. Qarasu kəndində yeni 256 NN tutumlu EATS quraşdırılmış və dövrəyə qoşulmuş, hazırda isə EATS-ın daxili xətt şəbəkəsinin tikintisinə başlanmışdır. Qeyd olunan kənd və qəsəbələrin telefonlaşdırılması məqsədilə 19,5 kilometr məsafədə birləşdirici fiberoptik (FO) kabelləri çəkilərək istifadəyə verilmişdir. Mərkəzi EATS-ın daxili xətt şəbəkəsində yeni kabel kanalizasiya quyuları tikilmiş, əhalinin tələbatını nəzərə alaraq əlavə magistral və paylayıcı kabellərin çəkilməsi təmin olunmuşdur. Meyniman və Navahı kəndlərinin hər birində 256, Kolanı kəndində 300, Rəncbər kəndində 512 NN  tutumlu EATS-ların daxili xətt şəbəkələrində genişləndirmə işləri aparılmış, əhalinin artan tələbatı nəzərə alınmaqla boş tutumların istifadəyə verilməsi təmin olunmuş, Rəncbər kəndində genişzolaqlı yüksək sürətli internet avadanlıqları quraşdırılaraq istismara  buraxılmışdır. Söhbət zamanı Hacıqabul Rayon Telekommunikasıya Qovşağının rəisi Asif Məmmədov qeyd etdi ki, digər kənd və qəsəbələrdə də gündən-günə artan tələbatı nəzərə alaraq yeni avadanlıqların quraşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Rayonun fiziki xətlərlə telefonlaşdırılması nisbətən əlverişsiz olan digər 12 kənd və qəsəbəsində ümumilikdə 60 NN tutum olmaqla hər kənddə 4 NN tutumdan ibarət peyk rabitə avadanlıqları quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir. Yuxarıda qeyd olunan görülmüş işlərin hesabına son 3 il ərzində qovşağın EATS-ın montaj tutumu 3 min NN tutumu artırılmışdır.

Son illərdə rabitə sahəsində həyata keçirilmiş layihələr Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və "Aztelekom" İstehsalat Birliyi rəhbərliyinin gündəlik qayğı və diqqətinin əyani təzahürüdür. Xüsusilə rayonun ən ucqar kənd və qəsəbələrinin telefonlaşması, yeni EATS avadanlıqlarının quraşdırılması, daxili xətt şəbəkəsinin tikintisi məhz bu qayğı və diqqətin nəticəsində təmin olunmuşdur. EATS-lar üçün bina və ya torpaq sahəsinin ayrılmasında rayon icra hakimiyyəti başçısının yaxından köməkliyini xüsusilə qeyd etməliyik. Son 3 il ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Telekommunikasiya Qovşağının 2 əməkdaşına "Rabitə ustası" adı verilmiş, "Aztelekom" İstehsalat Birliyi və rayon icra hakimiyyəti tərəfindən ayrı-ayrılıqda 3 əməkdaş fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur. Bütün bunlar rayon rabitəçilərini daha yaxşı işləməyə, əhaliyə nümunəvi xidmət göstərməyə ruhlandırır.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2011.- 27 avqust.- S. 4.