Vətəndaşların sosial müdafiəsi daim diqqət mərkəzindədir

 

2011-ci il Azərbaycanda iqtisadiyyatın inkişafı, dövlət proqramlarının icrasının uğurla davam etdirilməsi ilə yanaşı, əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edən çoxsaylı tədbirlərin həyata keçirilməsi ilə əlamətdardır. Həyata keçirilən düşünülmüş sosial siyasət əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, xüsusən, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, xüsusən, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Elə buna görə də artıq neçə illərdir geniş miqyasda həyata keçirilən sosial müdafiə tədbirləri hətta dünya iqtisadiyyatının böhranlı günlərində də uğurla davam etdirildi.

Aztəminatlı əhaliyə ünvanları sosial yardımların verilməsindən başlamış əlillərin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına qədər bütün sosial müdafiə tədbirləri müvəffəqiyyətlə həyata keçirilir. Rəqəmlər də bunu təsdiqləyir. Belə ki, bu ilin iyul ayına olan məlumata əsasən, ölkə üzrə 302.4 min nəfərə 12 milyon manat məbləğində aylıq sosial müavinət təyin olunub. Sözügedən kontekstdə ilin əvvəlindən aztəminatlı ailələrin yaşayışında mühüm rol oynayan ünvanlı dövlət sosial yardımı proqramının icrası uğurla davam etdirilib. Cari ilin yarısınadək ünvanlı yardım alan ailələrin sayı 125 472, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği isə 103.95 manat təşkil edib. Konkret desək, ölkədə 563.5 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. Bir nəfərə düşən əlavə məbləğ 23.14 manat təşkil edib. Ünvanlı yardımın hesablanması üçün götürülən ehtiyac meyarının həddi bu ilin əvvəlindən 75 manata qaldırılıb ki, bu da 2006-cı ildəki müvafiq göstərici ilə müqayisədə 2.5 dəfə artım deməkdir.

Ünvanlı sosial yardımların verilməsi aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasına böyük töhfələr verir. Bu yardımın təyinatı zamanı ünvanlılıq, şəffaflıq, bərabərlik və ədalətlilik prinsipləri ön planda yer alır. Ona görə də  ünvanlı sosial yardım proqramının şəffaf şəkildə icra olunması, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbuletmə prosesində subyektiv amillərin aradan qaldırılması üçün ünvanlı sosial yardımla bağlı alternativ müraciət mexanizmləri (poçtla və elektron) hazırlanıb. İlkin olaraq Cəlilabad rayonunda sınaqdan keçirilməsinə başlanılan bu sistemin avqustun 12-də Balakən rayonunda tətbiqinə start verilib. Yeni müraciət mexanizmlərinin əsas cəhəti ünvanlı sosial yardım üçün ərizə-anket formalarının həm online rejimdə, həm də poçt idarələri vasitəsi ilə qəbul edilməsindən ibarətdir.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə dövlət qayğısını əks etdirən göstəricilərdən söz açarkən qeyd edilməlidir ki, sosial müdafiəyə ehtiyacı olan şəxslərin maddi durumunun yaxşılaşdırılmasına yönəldilən tədbirlərlə yanaşı, onların digər tələbatlarının ödənilməsi üçün də dövlət büdcəsindən ayrılan vəsaitlərin miqdarı artırılıb. O cümlədən, müharibə əlilləri və şəhid ailələri üçün yaşayış evlərinin tikintisi sürətlənib, əlillərin sanatoriya-kurort müalicəsinin təşkili daha yüksək səviyyədə təmin olunub. Xatırladaq ki, əlil və şəhid ailələri üçün 2007-ci illə müqayisədə 2008-ci ildə 2.3 dəfə çox, yəni, 396 mənzil istifadəyə verilmişdirsə, 2009-cu il ərzində bundan təxminən iki dəfə artıq - 707 mənzilin tikintisi başa çatdırılıb. Mənzillərin inşasında bu həcmin saxlanılması və nəticədə növbədə olan insanların yeni müasir mənzillərlə təminatının yaxın bir neçə ildə tam başa çatdırılması ilə əlaqədar 2010-cu ildə 715 mənzil inşa edilib.

2011-ci ildə də bu sahədə fəaliyyət yüksək templə davam etdirilir. Belə ki, ilin əvvəlindən bir sıra rayonlarda yeni fərdi və çoxmənzilli yaşayış binaları istifadəyə verilib və mənzillə təmin olunan şəhid və əlil ailələrinin sayı 4000-i ötüb. Bu ilin sentyabr ayınadək Ağcabədi, Göygöl, Samux, Qəbələ, Yevlax və Quba rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış binaları istifadəyə veriləcək. Hazırda Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində isə 12 mərtəbəli 112 mənzilli yaşayış binalarının inşası işləri aparılır. Yaxın günlərdə Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli, eyni zamanda, müxtəlif bölgələrdə 10 ədəd fərdi evin tikintisinə başlanacaq. Dövlət başçısının ötən ilin dekabrında Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində əlil və şəhid ailələri üçün hər biri 81 mənzilli 3 ədəd binadan ibarət yaşayış kompleksinin təməlini qoyması əlil və şəhid ailələrində böyük ruh yüksəkliyi yaradıb.

Ölkəmizdə, əlillərin minik avtomobilləri ilə təminatı da davam etdirilir. Bu vaxtadək 3000-dən çox Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə minik avtomobilləri verilib.

Respublikamızda aparılan iqtisadi-sosial siyasətin başlıca məqsədi vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etmələridir. Statistikaya görə 2011-ci ilin ilk yarısında respublikada  43790 yeni, o cümlədən 32461 daimi iş yerləri açılıb. Bununla yanaşı, ilin ilk 6 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən 11.916 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunmuş, 1.658 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilmişdir.

Ölkəmizin sosial inkişaf strategiyasına əsasən, pensiyaların baza hissəsinin mütəmadi olaraq artırılması qarşıya qoyulan əsas vəzifələrdir. Sosial siyasətin əsas tərəflərindən biri məhz budur. Bu il pensiya təyinatında tətbiq olunan yeni qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiyalar yenidən hesablanaraq, təxminən 845 min nəfər əmək pensiyaçısının pensiyası əsaslı şəkildə, təqribən 40 faiz artırılıb. Elmi dərəcəsi olan əmək pensiyaçılarının da sosial müdafiəsi möhkəmləndirilib. İyulun 1-dən elmi dərəcəsi olan işləməyən və azı 25 il elmi-pedaqoji fəaliyyəti olan əmək pensiyaçılarının pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanıb.

Respublikamızda sosial problemlərin yoluna qoyulması, o cümlədən insanların rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanın iqtisadi inkişafı isə belə bir fikri söyləməyə əsas  verir ki, dövlətimizin maliyyə imkanları artdıqca vətəndaşların sosial rifahı daha da yaxşılaşacaq.

 

 

 R.İSLAMOĞLU

 

Azərbaycan.- 2011.- 28 avqust.-S. 3.