Əməksevər insanlar bərəkət ünvanlarının həsrətindədirlər

 

Qubadlınin işğalından 18 il ötür

 

"...O torpaqlar əməksevər insanların qeyrət, bərəkət ünvanı idi. Qubadlılar Qarabağa, Laçına, Kəlbəcərə Ermənistandan gələn yolun üstündə möhtəşəm qala kimi dayanmışdılar. Onun işğalından da bərk sarsıldım".

 

Heydər ƏLİYEV

 

İşğal tariximizin daha bir gününə gəlib çatdıq. Bu günün hədəfi Qubadlıdır. O Qubadlı ki, onu min illərdi məskən saldığı, ev-eşik qurduğu torpaqlardan heç kim ayıra bilməmişdi. Mərd, zəhmətsevər insanları ilə seçilən Qubadlı düşmən qarşısında da məğrur dayanıb, torpağını, elini-obasını qəhrəmanlıqla  müdafiə edə bilmişdi. Azərbaycanın, Qarabağın içərilərinə soxulmaq istəyən qüvvələr həmişə Qubadlıdan keçmək istəsələr də, niyyətləri gözündə qalıb.  Bunu Qubadlının yaxın, uzaq tarixi də sübut edir.

Qubadlı bir rayon kimi 1933-cü ildə təşkil olunub. Ərazisi 802 kvadratkilometr, əhalisi 33 800 nəfərdi. Ancaq onun bu statusda yaşaması çox çəkməyib - 1963-cü ildə ləğv edilərək,  Zəngilan rayonu ilə birləşdirilib. "Perspektivsiz" dağ kəndləri, ucqar yaşayış məskənləri zorla köçürülüb, başqa rayonlarla birləşdirildiyi sovet dövründə Qubadlı da belə bir taleyi, qısa da olsa, yaşamalı olmuşdu. Ancaq əhalinin narazılığı və verilən qərarın perspektivsizliyi özünü çox gözlətmədi və  1964-cü ildə Qubadlı yenidən müstəqil rayona çevrildi.

Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən isə elə bir vaxtlar Qubadlının da torpaqları hesabına zorla yaradılan Ermənistanla həmsərhəddir. Gözəl təbiətə və təbii sərvətlərə malik olan Qubadlının Bazarçay (Bərgüşad), Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar regionun əsas su mənbələri sayılırdı. Ancaq Qarabağın hər yerində olduğu kimi, bu rayonun da su kimi təmiz və rahat həyatı qəflətən alt-üst oldu, Qarabağ uğrunda savaşlar başladı.

 

Döyüşən Qubadlı

 

Yenidən Azərbaycana qarşı torpaq iddiasına başlayan erməni quldur dəstələri 1988-ci ilin noyabr ayında rayonun ərazisində yerləşən, Gorus-Qafan yolunun kənarındakı Eyvazlı kəndində yanğınlar və qətllər törətdilər. Bu qanlı hadisələr qubadlıları çıxılmaz vəziyyətə saldı. O zamankı respublika rəhbərliyinin köməyindən əlini üzən rayon camaatı özünümüdafiə dəstələri təşkil etməklə dədə-baba torpaqlarını təcavüzdən qorumağa çalışırdı. Onlar səngərlər quraraq düşmənin basqılarının qarşısını almağa çalışır, dinc əhalini gülləbaran olmaqdan qoruyurdular.

Lakin 1992-ci ilin mayında  Şuşa və Laçın rayonlarının işğalından sonra hər yerdə olduğu kimi, Qubadlıda da vəziyyət gərginləşdi. 1993-cü il  avqustun 23-də Cəbrayıl və Füzulinin işğalı isə Qubadlının və Zəngilanın Azərbaycanın əsas torpaqları ilə əlaqələrini tamamilə qırmış oldu. Qubadlı rayonu nə qədər mərdliklə vuruşsa da, düşmənə müqavimət göstərsə də, düşmənin hərb maşını qarşısında dayana bilmədi - 1993-cü il avqustun 31-də tamamilə işğal olundu.

Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhidlik zirvəsinə yüksəldi. Qarabağ müharibəsində isə Qubadlının ümumilikdə 241 övladı şəhid, 191-i əlil olub. Döyüşən Qubadlı haqqında bir də onun 8 Milli Qəhrəmanı, yaralı torpaqları şəhadət verə bilər.

 

Dağılan Qubadlı

 

Ermənilər Qubadlıda 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 40-dan artıq tarixi abidəni yandıraraq məhv ediblər.

İşğala qədər 33800 nəfər əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik və 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib. Bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb.

Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60  kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.

 

Yaddaşımızı vərəqləsək...

 

"Ermənilər işğal etdikləri torpaqları "viran qoymaq" taktikasına əl atmışdılar. Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər əlil olmuşdu. Qaçqın və köçkünlərin sayı milyonu keçmişdi. Rəsmi məlumata görə, erməni işğalçıları tərəfindən 4 861 nəfər azərbaycanlı, o cümlədən 314 qadın, 58 uşaq və 255 qoca əsir və girov götürülmüşdür. Erməni faşistləri əsir və girovların həqiqi sayını beynəlxalq humanitar təşkilatlardan gizlədir, onlarla qeyri-insani, amansız rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırdılar". (Qarabağ. Real tarix. Faktlar. Sənədlər. Bakı-2005).

 

Yaşayan Qubadlı

 

Hazırda respublikamızın müxtəlif şəhər və rayonlarında məskunlaşan qubadlılılar yaşamaq, qurub-yaratmaq, dədə-baba torpaqlarına qayıtmaq eşqini, həvəsini itirməyiblər. Yenə uşaqları məktəbə gedir, cavanları çalışır, qocaları isə doğma yurda qayıtmağı gözləyir. Axı gözləyə-gözləyə, istəyə-istəyə də həmin günü yaxın etmək olar. O günü - Qələbə gününü.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2011.- 28 avqust.- S. 8.