Türkiyə Cümhuriyyətinin təməl günü

 

1914-cü ildə Birinci Dünya müharibəsinə qoşulan Türkiyə bir-birinin ardınca ağır məğlubiyyətlərə düçar oldu. Savaş 30 oktyabr 1918-ci ildə mənhus Mudros barışığı ilə başa çatdı və türk xalqına böyük müsibətlər gətirdi. Bundan sonra qalib dövlətlər "xəstə adam" adlandırdıqları Osmanlı dövlətinin torpaqlarını öz aralarında bölüşdürmək barədə razılığa gəldilər. Mudros planına görə, türk milləti bir siyasi varlıq kimi tamamilə məhv edilməli, ordusu tərk-silah olunmalı, yalnız kiçik bir bölgədə saxlanılmaqla altı yüz illik Osmanlı imperiyası darmadağın edilməli idi.

Razılaşmadan dərhal sonra Türkiyənin əraziləri ayrı-ayrı dövlətlər tərəfindən işğal olunmağa başladı. Yunanıstan İzmirə, Fransa Adana və Mersinə, İngiltərə Antepə, İtaliya isə Antalyaya qoşun çıxardı. Əsas məqsədlərdən biri də Türkiyənin şərqində Ermənistan dövləti yaratmaq idi.

1919-cu il mayın 15-dən başlayaraq yunan ordusu İzmiri işğal edib İstanbula doğru irəlilədi. İyulun 22-də "Böyük Yunanıstan" xəyalı ilə alışıb yanan rumlar Qərb cəbhəsi boyu hücuma keçərək Bursa və Uşak şəhərlərini, Çivril və Pazarcığı, Biləcik və Bozüyükü ələ keçirib, Anadolunun içərilərinə doğru hərəkət etdilər.  

Çox ağır və vahiməli günlər idi. Osmanlı ordusunun istedadlı, məşhur generalı Mustafa Kamal paşa milli hakimiyyətə əsaslanan yeni bir türk dövlətinin qurulmasından başqa nicat yolunun olmadığı qənaətinə gəldi. Odur ki, Anadoluda milli-azadlıq hərəkatına başlamaq üçün 9-cu ordu müfəttişi kimi 1919-cu il mayın 16-da "Bandırma" gəmisi ilə İstanbuldan yola çıxdı və üç günə Samsuna çatdı. Bölgədəki vəziyyəti yaxından tədqiq edən təcrübəli hərbçi mayın 21-də İstanbula, Baş Qərargaha göndərdiyi teleqramda yazırdı: "Yunanlar bu bölgədə Pontus dövləti qurmaq kimi bir səfsəfə ətrafında toplaşmış və yunan quldur çətələri bütünlüklə siyasi təşkilata çevrilmişlər. Vətənin bütünlüyü və millətin istiqlalı təhlükədədir. Millətin istiqlalını yalnız millətin əzm və qərarı qurtaracaqdır".

Türkiyə Cümhuriyyətinin qurtuluş tarixində ən mühüm yer tutan "1922-ci il 30 Avqust Zəfər Günü" həmin günlərdə baş verən qanlı savaşlardan başlayır. 1922-ci il avqustun 26-da Baş Komandan Mustafa Kamal paşa, Qərb cəbhəsi komandanı və İnönü savaşları qəhrəmanı İsmət paşa və Baş Qərargah rəisi Fevzi Çakmak paşa ilə düşmən üzərinə gizli hücum planı hazırlayır. Onlar hücumu idarə etmək üçün 26-sı səhər tezdən Kocatəpədə hazır olurlar. Dan yeri söküləndə türk topçu birlikləri Afyonun güneyindən düşmən sipərlərini vurur. Ardınca da piyadalar hücuma keçir. Dumlupınarda açıq-aşkar meydan müharibəsi başlayır. Türk qüvvələrinə Mustafa Kamal paşa şəxsən özü rəhbərlik edir. Avqustun 30-u günü 200 minlik yunan ordusu mühasirəyə alınır və böyük hissəsi məhv edilir. Kutahya və işğal olunmuş bir çox ərazilər düşməndən azad edilir.

Qəfil hücumdan sarsılan düşmən geriləyir və başıpozuq halda bir neçə hissəyə parçalanır. Döyüşlər nəticəsində yunan baş komandanı general Tikopıs başda olmaqla xeyli düşmən əsgəri əsir götürülür. Şanlı türk ordusu düşmən güclərini İzmirədək qovub çıxarır. Canını qurtara bilən düşmən əsgərləri gəmilərə doluşaraq qaçır. Qədifə qalası üzərində şanlı türk bayrağı dalğalanır, Sakarya müharibəsi də düşmənin ağır məğlubiyyəti ilə başa çatır. 30 avqust 1922-ci il tarixi türk ulusunun onu əsir etməyə çalışan imperialistlərə qarşı qadını ilə, uşağı ilə, ordusu ilə savaşaraq zəfər dastanının yazdığı gündür. Bu savaşlarda hər bir türk insanı Anadolu torpaqlarının bu xalqa mənsub olduğunu bir daha isbatladı. 

General Mustafa Kamal xalqının apardığı milli-azadlıq mübarizəsinin beynəlxalq əhəmiyyətindən bəhs edərkən deyirdi: "Türkiyənin bugünkü mübarizəsi yalnız özünün azadlığı naminə və öz payına olsaydı, bəlkə də daha qısa, daha az qanlı olar və tez qurtarardı. Türkiyə qəti və ciddi səylər sərf edir. Çünki apardığı mübarizə məzlum millətlərin, bütün Şərqin mübarizəsidir".  

30 avqust zəfərindən bir neçə gün sonra - sentyabrın 12-də Mustafa Kamal Paşa Atatürk Türkiyə Böyük Millət Məclisinin (TBMM) başkanı kimi etdiyi çıxışında deyirdi: "Böyük Türk Milləti! Ordularımız İzmirimizi, Bursamızı zəfərlə qurtardılar. Akdəniz əsgərlərimizin zəfər təranələriylə dalğalanır. Böyük Türk Milləti! Ordularımızın qabiliyyət və qüdrəti düşmənlərimizə dəhşət, dostlarımıza əmniyyət verəcək şəkildə özünü göstərdi. Atatürk dahi bir gedişlə millətinə zəfər, qələbə və firavan həyat gətirmişdi. O, "Azadlıq türkün həyatıdır", - dedi və bu həyat üçün sonadək savaşdı.

Böyük öndər Mustafa Kamalın işləri və ideyaları Türkiyə tarixində o qədər dərin və silinməz izlər qoymuşdur ki, Türkiyə xalqı 1934-cü ildə Böyük Millət Məclisində öz nümayəndələri vasitəsilə ona "türklərin atası - ATATÜRK" adını vermişdir. Bu, böyük türk millətinin xilaskarı general Mustafa Kamal Paşa Atatürkə sevgisinin və dərin minnətdarlığının ifadəsi idi.

Həmin gün ölkənin hər yerində Zəfər bayramı keçirildi. Türk tarixinin şanlı səhifəsinə "30 avqust 1922-ci il - Millətin bütövləşdiyi" gün kimi yazıldı. Bir neçə ay öncə Türkiyəni parçalamağa gələn ölkələr bu dəfə Atatürkü məcburən də olsa, təbrik etməyə gəlir, dostluq müqaviləsi bağlayırdılar. Oktyabrın 13-də Qafqaz respublikaları ilə "Qars müqaviləsi", 20-də isə Fransa ilə "Ankara müqaviləsi" imzalandı. 1923-cü il aprelin 23-də İsveçrənin Lozanna şəhərində İngiltərə, Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Rumıniya, SSRİ, Bolqarıstan və Türkiyənin iştirakı ilə aparılan uzun danışıqlardan sonra daha bir anlaşma imzalandı. Bu saziş də ondan ibarət idi ki, Türkiyənin milli qurtuluş savaşı rəsmən başa çatdı, yadellilər bu ölkəni işğal etmək düşüncəsinə birdəfəlik son verdilər. Türkiyə Cümhuriyyəti beynəlxalq aləmdə tanınmış oldu. Avqustun 13-də Mustafa Kamal Paşa yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilir, Ankara paytaxt elan edilir. 1924-cü il aprelin 20-də TBMM cümhuriyyətin ilk Konstitusiyasını qəbul edir. Atatürk müasir mədəniyyətlər səviyyəsində hədəfinə çatmaq üçün dirəniş göstərir, dövlətin dindən ayrılması, qadınların kişilərlə bərabər hüquqlara malik olması, qadınlara seçib-seçilmə haqqının verilməsi prinsipləri qanunlara daxil edilir. Savadsızlığın ləğv edilməsi məqsədilə yeni məktəblər açılması üçün əmrlər imzalanır. Böyük öndərin həyata keçirdiyi mühüm tədbirlərdən biri Osmanlı Türkiyəsindən miras qalmış feodal-dini təhsil sistemini ləğv etmək və onun əvəzində vahid milli-dünyəvi dövlət təhsil sistemini yaratmaq idi. Bu sahədə ilk addım 1924-cü il martın 3-də atıldı. Bu tarixdə TBMM Atatürkün təşəbbüsü ilə "Tədris haqqında" qanun qəbul etdi. Qanun təkcə təhsilin və mədəniyyətin inkişafı üçün deyil, milli dövlətçiliyin inkişafı üçün təkan olmuşdu. Türkiyə Müsəlman Şərq ölkələri içərisində milli-dünyəvi təhsil sisteminə keçmiş ilk ölkə oldu. Böyük öndər çıxışlarının birində deyirdi: "Dünyanın hər tərəfində müəllimlər cəmiyyətin  - bəşəriyyətin ən fədakar və möhtərəm insanlarıdır. Müəllimdən məhrum millət - millət deyil".

Türk millətinin qəhrəmanlıqlarla dolu şanlı keçmişinin dərindən öyrənilməsi üçün 1931-ci il aprelin 12-də Türk Tarix Qurumunun, 1932-ci il iyunun 12-də isə Türk Dil Qurumunun yaradılması barədə xüsusi fərman imzalanır. Türkiyədə çağdaş ali təhsil sisteminin yaradılması məqsədilə İstanbul Darülfünunun bağlanması və yeni İstanbul Universitetinin qurulması haqqında qanun qəbul edilir, 1933-cü il noyabrın 18-də universitetin təntənəli açılışı olur. Bir sıra yeni qanunvericilik aktları qəbul edilir.

Tarixin ən gərgin, ən ekstremal dönəmlərində xalqların çox müdrik və uzaqgörən siyasətçiləri yetişib. Sanki Böyük Yaradan onları mənsub olduqları millətə xilaskar kimi göndərir. Böyük Atatürk də məhz türk dünyasının xilaskarı kimi dünya siyasətçilərinin birinci onluğunda yer almış, dahiyanə gedişlərilə dünyanı heyrətə salmışdı.

Hər bir tarixi dönəmdə yaşadıqları çətinliklərə baxmayaraq, Türkiyə və Azərbaycan  hər zaman bir-birinin yanında olmuşdur. Bir neçə il öncə Türkiyədə İğdır Akud Dərnəyinin üzvləri Ağrı dağının 5137 metrlik zirvəsinə qalxaraq türk dünyasının ulu öndərləri Atatürk və Heydər Əliyevin şəkillərini və bayraqlarımızı dağın zirvəsinə sancmışdılar.

Dəfələrlə Türkiyədə rəsmi və işgüzar səfərdə olan, Türkiyə Böyük Millət Məclisinin kürsüsündən çıxış edən ulu öndər Heydər Əliyev demişdir: "Türkiyənin Böyük Millət Məclisi böyük öndər Mustafa Kamal Atatürkün, onun silahdaşlarının, həmkarlarının səyləri nəticəsində, o dövrdə Türkiyədə xalqı daha da irəli aparmaq, mədəniyyətə, demokratiyaya qovuşdurmaq istəyən mütəfəkkir adamların səyləri nəticəsində yaranmışdır..."                

İki qardaş ölkə arasında əlaqələrin hər gün daha çox inkişaf etdirilməsində xalqlarımızın taleyüklü maraqları var. Çünki Azərbaycan geosiyasi mövqeyinə görə Rusiya, İran, Ermənistan kimi mürəkkəb qonşularla həmsərhəddir. Deməli, Türkiyə və Azərbaycan sonsuzadək bir-birinin yanında olmalı, bir-birinə arxa durmalıdır.

 

 

 Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.- 28 avqust.- S. 8.