Azərbaycanın AFR-dəki səfirliyi Almaniyanın Ştutqart şəhərində Ermənistanın növbəti fitnəkarlığının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görür

 

Ermənistan tərəfindən "Ermənistan mədəniyyət günləri Ştutqart-2011" çərçivəsində təşkil edilən tədbirlər arasında bu il sentyabrın 19-da Ştutqart şəhərində qondarma "Dağlıq Qarabağ Respublikasının/Artsaxın 20 illiyi" adlı tədbirin keçirilməsi planlaşdırılır. Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Ermənistanın bu növbəti fitnəkarlığının qarşısının alınması istiqamətində AFR-in dövlət təşkilatları ilə, habelə federal torpaq səviyyəsində çoxşaxəli iş aparılmaqdadır.

Səfirlik tərəfindən AFR Xarici İşlər Nazirliyinə artıq müvafiq etiraz notası təqdim edilmiş, məsələ ilə bağlı Azərbaycan Respublikasının mövqeyi bir daha bildirilmiş, alman ictimaiyyətinin aldadılmasına yönəlmiş və işğal altındakı Azərbaycan torpaqlarında mövcud olan işğalçı rejimin siyasi təbliğatının həyata keçirilməsi məqsədini güdən Ermənistanın bu fitnəkarlığının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi nazirlikdən xahiş edilmişdir. AFR Xarici İşlər Nazirliyi cavabında məsələ ilə bağlı mövqeyində hər hansı dəyişikliyin olmadığını, AFR Federal Hökuməti tərəfindən Dağlıq Qarabağda mövcud rejimin və onun hər hansı nümayəndəsinin tanınmadığını bildirmişdir.

Eyni zamanda, Baden-Vürttemberq federal torpağında, Ştutqart şəhərində yerləşən Azərbaycanın fəxri konsulluğu vasitəsilə də tədbirin qarşısının alınması istiqamətində müvafiq addımlar atılmaqdadır. Belə ki, Ştutqart şəhərinin baş meri Volfqanq Şusterin və birinci meri Mixail Fölün ünvanına Ştutqartdakı fəxri konsulluq vasitəsilə müvafiq etiraz və izahedici məktublar göndərilmiş, göstərilən fitnəkarlığın yolverilməz və qəbuledilməz olduğu bildirilmişdir.

Bundan əlavə, Azərbaycanın Ştutqart şəhərindəki fəxri konsulu Ştutqart şəhərinin birinci meri ilə müvafiq görüş keçirmişdir. Görüşdə Ermənistan tərəfindən "Ermənistan mədəniyyət günləri Ştutqart-2011" tədbirindən sui-istifadə edərək, işğal altındakı Azərbaycan ərazilərində mövcud olan separatçı rejimin siyasi təbliğatının həyata keçirilməsinə yönəlmiş həmin tədbirin keçirilməsinin qarşısının alınması tələb edilmişdir.

Ermənilərin növbəti fitnəkarlığının qarşısının alınması istiqamətində səfirlik tərəfindən müvafiq addımların atılması davam etdirilir.

Bununla yanaşı, Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və orada yaşayan həmvətənlərimiz tərəfindən də tədbirin qarşısının alınması üçün müvafiq etiraz aksiyaları həyata keçirilməkdədir.

 

 

Vüqar Seyidov,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2011.- 28 avqust.- S. 11.