Britaniya mətbuatının «Məkrli Albionu»

 

"Bakinski raboçi" qəzetinin baş redaktoru Rəhman Hacıyevin qəzetin 30 noyabr tarixli nömrəsində "Britaniya mətbuatının "Məkrli Albionu" sərlövhəli məqaləsi dərc edilmişdir. AzərTAc həmin məqaləni təqdim edir.  

 

"İngilis sizin fikirlərinizə hörmət edir, lakin sizin hisslərinizlə əsla maraqlanmır".

 

 

Uilfrid Lorye

 

Baş redaktorun işi xarici KİV-lərdə Azərbaycan haqqında dərc edilmiş yazıların gündəlik monitorinqini nəzərdə tutur. Sözün düzü, noyabrın son günləri Britaniya nəşrlərindən biri - "Guardian" qəzeti tərəfindən Azərbaycana göstərilən "diqqət" şəxsən mənə çox orijinal göründü.

Prinsip etibarilə son vaxtlar Qərbdə müəyyən siyasi qüvvələrin ruporu kimi tanınan KİV-lərdə dərc edilən yazılar şəxsən məni əsla təəccübləndirmir. Bu qəzet də istisna deyildir. Lakin bu nümunə əlamətdardır və yəqin həmin səbəbdən onu ayrıca nəzərdən keçirməyə dəyər.

Məlum olduğu kimi, müxtəlif məsələlər üzrə özlərinə sərfəli güzəştlər əldə etmək üçün KİV vasitəsilə bu və ya digər ölkələrə təzyiq göstərilməsi Qərb dövlətləri tərəfindən geniş istifadə edilən üsuldur. Bunun səbəbləri çoxdur. Lakin ən geniş yayılmış səbəb bəzi tərəfdaşlarla dil tapmağın mümkün olmaması, onların müstəqil və ən başlıcası, milli maraqlara cavab verən siyasət həyata keçirmək cəhdləridir.

Bu baxımdan, Azərbaycan rəhbərliyinin kifayət qədər qətiyyətli xarici siyasət xəttini də xatırlatmağa dəyər. Əgər hər hansı sazişlər ölkənin milli mənafelərinə ziddirsə, bu siyasi xətt həmin sazişləri qəbul etmir. Aşkardır ki, xarici siyasət vektorunun bu cür tarazlaşmış və bərabər məsafəli olması, üstəlik, xalq kütlələrinin dəstəklədiyi hakimiyyətin prinsipiallığı dünya nizamı barədə təsəvvürlərini tərəfdaşlara zorla qəbul etdirməyə çalışan və buna cəhd göstərən müəyyən güc mərkəzlərini qıcıqlandırmaya bilməz.

Bununla belə, ilk baxışda Bakı ilə hər hansı problemləri olmayan praqmatik London tərəfindən bu cür hərəkətlər bir qədər təəccüb doğurur. Əlbəttə, bu nəşrin müxalifətçi Leyboristlər Partiyası ilə əlaqələri haqqında informasiyanı nəzərə almamaq olmaz. Lakin mənə belə gəlir ki, əsas xarici siyasət və iqtisadiyyat tərəfdaşları ilə əməkdaşlıq və milli maraqlarla bağlı məsələlərdə daxili siyasi "çəkişmələr" ikinci planda qala bilər və qalmalıdır.

Qeyd etməliyəm ki, qəzet iki gün ərzində tamamilə müxtəlif yönümlü, bəzən bir-birinə zidd olan bir neçə məqalə dərc edirsə, bu, necə deyərlər, "redaksiya siyasətidir". Qərbin aparıcı KİV-lərinin siyasi rəhbərliklə əlaqələri heç kəs üçün sirr olmadığına görə, həmin məqalələrlə tanışlıq istər-istəməz Robespyer və Marat dövründə populyar olan "məkrli Albion" termini ilə assosiasiyaları yaddaşda təzələyir. Bu termin lord Palmerstonun təbirincə desək, əbədi dostları olmayan, yalnız öz mənafeləri olan, vaxtilə hər şeyə qadir Britaniya xarici siyasətinin əsas prinsipini uğurlu şəkildə səciyyələndirirdi.

Buna baxmayaraq, hər şeydən göründüyü kimi, bu gün Böyük Britaniyanın xarici siyasət doktrinası heç də özünün ən yaxşı dövrünü yaşamır, çünki "Dənizlərin Hökmdarı"nın maraqları (aydındır ki, dostluq haqqında danışmağa dəyməz) və möhtəşəm siyasi qüvvələrə yaxın KİV-lərdə dərc edilənlər arasında aşkar dissonans göz qabağındadır.

 

"Demokratiya himayədarları?"

 

Britaniya qəzetlərində dərc edilmiş materiallarda ölkəmizdə siyasi vəziyyət barədə faktlar ya hadisələrin təfərrüatını bilmədiklərindən, ya da qəsdən təhrif edilir. Azərbaycanda cinayət xarakterli hüquq pozuntularında ittiham edilmiş bu və ya digər şəxslərin saxlanması ilə bağlı ayrı-ayrı halların şişirdilməsini görəndə istər-istəməz məlum sual meydana çıxır - bəs hakimlər kimdir?

Burada Britaniya mətbuatının obyektivliyi barədə bir sıra suallar yaranır. İlk növbədə, məsələn, öz problemlərinin yetərincə intensiv müzakirə edilmədiyinə görə.

Məsələn, "Guardian" Azərbaycanı siyasi pressinqdə təqsirləndirir, lakin müxalifət nəşrlərinin səhifələrində onlarca azərbaycanlı "siyasi şərhçi"nin öz fikirlərini hər gün sərbəst ifadə etməsinə məhəl qoyulmur. Üstəlik, ayrıca götürülmüş hər hansı hadisəni müzakirə edərkən nədənsə nəzərə alınmır ki, qanunsuz aksiyalar zamanı polis tərəfindən saxlanılmış vətəndaşların əksəriyyəti elə həmin Böyük Britaniyada olduğu kimi, müxtəlif müddətlərə azadlıqdan məhkum edilməmiş evə buraxılmışlar.

Bu ilin yayında Birləşmiş Krallığın ərazisini bürümüş iğtişaşlar hamının yaxşı yadındadır. Nəticədə on minlərlə insan barəsində axtarış elan edilmiş, üç mindən çox adam həbs edilmişdir. Polisin sözlərinə görə, həbs "marafonu" bununla başa çatmamışdır.

O vaxt etirazçıların polis qüvvələri tərəfindən döyülməsini əks etdirən fotoşəkillər bütün dünyaya yayılmışdı. İlk toqquşmaların səbəbləri haqqında yayılan informasiya isə cavabdan daha çox sual doğurmuşdur.

Xatırladaq ki, iğtişaşlar üçün bilavasitə bəhanə cümə axşamı, avqustun 4-də baş vermiş insident olmuşdur. Polis yerli sakin, 29 yaşlı Mark Daqqanı həbs etməyə cəhd göstərərkən sonuncu güllələnmişdi. Atışma zamanı polislərdən də biri yaralanmışdı. Atəş gündüz vaxtı, şahidlərin çoxunun gözü qabağında açılmışdı. Polisdən şikayətlər üzrə müstəqil ictimai komissiya (...) 9 avqust tarixli rəsmi məlumatında M.Daqqanın polisə birinci olaraq atəş açmasına şübhələndiyini bildirmişdi. Daqqanın qohumları və dostları etiraz nümayişinə çıxmış, sonradan bu nümayiş genişlənərək iğtişaşlara çevrilmişdi.

Polis etirazçılarla münasibətləri "araşdırarkən" o qədər də nəzakətli olmamışdır: yetkinlik yaşına çatmayanlar, hətta qadınlar da dəyənək zərbələri və təpiklərlə üzləşmişlər.

Yeri gəlmişkən, bu işlər üzrə qərar çıxaran məhkəmələr də o qədər də rəhmli olmamışlar.

Məsələn, 20 yaşlı londonlu gənc bir şüşə mineral su oğurladığına görə yarım il, iki uşaq anası U.Nevin ticarət mərkəzindən bir qısa tuman oğurladığına görə 5 ay həbs cəzası almışlar. Halbuki bu cür ittihamların əksəriyyəti üzrə qanunda cərimə sanksiyaları şəklində cəza imkanı nəzərdə tutulmuşdur.

Burada onu da xatırlatmaq yerinə düşər ki, məhz Böyük Britaniya hakim dairələri Facebook və Twitter kimi sosial şəbəkələrə, BBM adı ilə daha çox tanınmış Blackberry (Blackberry Messenger) smartfonların ani məlumat xidmətlərindən istifadə imkanlarının məhdudlaşdırılması barədə ciddi düşünmüş və hətta bu məsələni müzakirə etmişlər, guya "xuliqanlar" həmin vasitələrdən istifadə etməklə öz hərəkətlərini əlaqələndirirlər. Hərçənd yaxın vaxtlarda Misirdə baş verən hadisələr zamanı elə həmin Facebook və onun kimi şəbəkələr ədalətsiz diktator rejimlərinə qarşı mübarizə işində işıqlı gələcəyə doğru dəyişikliklərin katalizatorları adlandırılmışdır. Bu şəbəkələrdə qrup yaradanlara fəxri adlar verilir, onların kitabları bestsellerlərə çevrilir və ən xoş rəylərə layiq görülürdü. Lakin elə ki, "dəyişikliklər küləyi" Qərbə tərəf əsməyə başladı, əvvəlki heyranlığın izi-tozu da qalmadı.

Bununla əlaqədar Qərb, o cümlədən Britaniya KİV-lərinin və hakim dairələrinin reaksiyası bu məsələyə dair hər hansı mövqe ifadə etməkdən daha çox faktları sadalamaqdan ibarət idi. Bu mövzuda sayı çox olmayan mətbu materiallarla kifayətlənənlərin bəziləri məsuliyyəti miqrantların və "multikulturalizm" siyasətinin uğursuzluğunun üzərinə yıxmış, digərləri isə, ümumiyyətlə, bütün bu hadisələri bayağı cinayət əməlləri hesab etmişlər. Lakin sonradan Atlantik okeanının qərb sahilindən Avropaya keçmiş yeni etiraz dalğaları, indi artıq "Uoll-striti ələ keçirməli" hərəkatı ona dəlalət edir ki, xalq kütlələrinin narazılığı miqrasiya siyasətində uğursuzluqlardan və kriminal elementlərin özbaşınalığından daha ciddi səbəblərlə bağlıdır.

Bu gün Londonun işgüzar mərkəzi Sitini zəbt etmiş tələbələr fəhlələri də mübarizəyə çağırır və dövlətin rifah səviyyəsinin aşağı olması, avrozonada iqtisadi böhran və ictimai problemlər barədə danışır, onların fikrincə, bu problemlərin təqsirinin hökumətdə olmasını bildirərək ümumi tətilin zəruri olduğunu bəyan edirlər. Məlum olduğu kimi, bu cür düşünənlər təkcə London sakinləri deyil, Qərbdə hər yerdə buna oxşar "işğal" aksiyaları keçirilir.

Əgər Nyu-Yorkda polis sosial ədalətsizliyə qarşı etiraz edənləri artıq dəyənək gücünə qovmağa başlamışdırsa, London polisi plastik güllələrlə silahlandığını bildirir və xəbərdarlıq edir ki, lazım gələrsə, bu güllələrdən istifadə ediləcəkdir. Xatırladaq ki, hətta yuxarıda adı çəkilən avqust etiraz nümayişlərinin dağıdılmasında da bu cür xüsusi vasitələrdən istifadə edilməmiş, o vaxt polis yalnız rezin dəyənəklər və təpiklərlə "kifayətlənmişdir".

Bütün bunlar Britaniya və dünya ictimaiyyətinin ciddi narazılığına səbəb olmuş, lakin KİV tərəfindən yenə də hər hansı ciddi tənqidi münasibət bildirilməmişdir.

Bəs mətbuatın bu cür ayrı-seçkiliyini obyektivliyin olmaması və bədnam ikili standartlardan başqa nə ilə izah etmək olar?

 

"Özününküləri vur ki..."

 

Bu nəşrin qeyri-obyektivliyi uzaqgörməzlik, irrasionalizm, bəzən isə məhdud korporativ maraqlara xidmət etmək həddinə çatır. Hərçənd, məsələyə bu cür yanaşma çox vaxt Birləşmiş Krallığın mənafelərinə zidd olur.

Məsələn, hələ aprel ayında "Guardian" qəzetində dərc edilmiş bir tənqidi məqalədə rəsmi London faktiki olaraq Qərbin Yaxın Şərqdəki əsas müttəfiqi olan Bəhreyni bombalamağa çağırırdı. Qəzet faktları kobud şəkildə təhrif edərək, saxtalaşdıraraq, müxtəlif çalarları qarışdıraraq öz oxucusunda nəinki bu ölkədə baş verən hadisələr, həm də onun Yaxın Şərqdə təhlükəsizliyin bütün arxitekturasında rolu barədə tamamilə yalan və uydurma təsəvvür yaradırdı. Hərçənd, məlumdur ki, məhz Bəhreyn ABŞ-ın Beşinci donanmasının əsas dislokasiya bazasıdır və Birləşmiş Ştatların ən iri aviasiya bazalarından biri məhz burada yerləşir. Praktiki olaraq Fars körfəzinin lap mərkəzində yerləşən bu kiçik ölkə neftlə çox zəngin olan bu regionda sabitliyin təmin edilməsində çox mühüm rol oynayır.

Sirr deyildir ki, Misirdə, Liviya və Bəhreyndə iğtişaşların səbəbləri müxtəlifdir. ÜDM səviyyəsi Avropanın bir sıra ölkələrində, hətta neft hasil edən ərəb ölkələrində müvafiq göstəricidən yüksək olan bu kiçik krallığın sakinlərinin rifah səviyyəsi çətin ki, kimdəsə şübhə doğursun. Lakin bu ölkənin konfessional tərkibinin xüsusiyyətlərinə diqqət yetirsək, aşkar görünür ki, əhalinin əksəriyyətini təşkil edən şiə məzhəbli müsəlmanlar nüfuzlu regional qüvvələr tərəfindən hakim sünnü rejiminə qarşı vaxtaşırı istifadə edilə bilər. Qeyd etmək yerinə düşər ki, sözün hərfi mənasında, bu yaxınlarda Bəhreyn prokurorluğu İranı bu ərəb dövlətinin ərazisində terror aktları hazırlayan bir qrup krallıq təbəəsinə yardım göstərməkdə ittiham etmişdir. Bu barədə məlumatı Bəhreynin BNA informasiya agentliyi yaymışdır.

Bəhreynin 5 sakininə cinayət qrupu yaratmaq və terror aktları hazırlamaq barədə ittiham təqdim edilmiş, noyabrın 12-də onların həbs edilməsi məlum olmuşdur. İstintaq versiyasına görə, saxlanılan şəxslər Bəhreyn Daxili İşlər Nazirliyinin və Səudiyyə Ərəbistanının Manamadakı səfirliyinin binalarına hücum etməyə, habelə Bəhreyn ilə Səudiyyə Ərəbistanını birləşdirən Kral Fəhd körpüsünü partlatmağa hazırlaşırmışlar. Bəhreyn prokurorluğunda təsdiqləmişlər ki, şübhəli şəxslər kömək üçün İran hökumətinə, o cümlədən İran İnqilab Keşikçiləri Korpusuna (İİKK) və yarıhərbi basic bölmələrinə müraciət etmişlər.

Ehtimal edilir ki, bəhreynlilər İrana gələrək silah işlətməyi məhz orada öyrənmişlər. Bundan əlavə, guya Tehran potensial terrorçuları maliyyələşdirirmiş.

Bunun nə dərəcədə düzgün olmasından asılı olmayaraq, "Guardian" qəzeti hökuməti Bəhreynə münasibətdə Liviyaya oxşar yanaşmaya çağıraraq nəticəsi o qədər də aydın olmayan transformasiyalar tərəfdarı rolunda çıxış etməyə çalışmışdır.

Lakin hər şeydən göründüyü kimi, bu məqalənin müəlliflərini, eləcə də onun sifarişçilərini onların öz hökumətinə təklif etdiyi çağırışların hansı nəticələrə gətirib çıxara biləcəyi az maraqlandırır. Britaniya qəzetində dərc edilmiş məqalənin müəllifləri faktları həyasızcasına təhrif edərək, kütləvi etirazların başlanması səbəblərini uyduraraq və Bəhreyndə baş verən hadisələrin ümumi mənzərəsini dramatikləşdirərək məsələyə bu cür yanaşmanın cinayət olmasını başa düşməyə bilməzdilər. Yəqin ki, onlar 2011-ci ilin avqust ayında Londonda başlamış kütləvi etiraz çıxışlarının və Manamadakı nümayişlərin obyektiv səbəblərini müqayisə etsəydilər, yaxşı olardı. Əminəm ki, birinci halda mitinqi dağıtmaq səbəbləri daha çox olmuşdur, buna baxmayaraq, Britaniya hakim dairələri etirazçıların çılğınlığını rahatca səngitmiş, rezin dəyənəklərdən və digər rametmə vasitələrindən istifadə etməklə ciddi və sərt "tərbiyə işi" aparmışlar.

Azərbaycan haqqında məqalələr də buna oxşar fikirlər doğurur. Bəzi nəşrlər rəngləri qarışdıraraq və həqiqətə uyğun olmayan informasiyanı oxuculara təqdim edərək ölkəmizdə baş verən proseslər haqqında tamamilə zərərli təəssürat yaratmağa çalışırlar. Bu halda naşirlərin kimin dəyirmanına su tökməsi və müəlliflərin kimin sifarişini yerinə yetirməsi o qədər də aydın deyildir.

Lakin bu və digər materialların daxili ziddiyyəti də ona dəlalət edir ki, onlar uydurmadan başqa bir şey deyildir. Bu halda anlayışlar qarışdırılır, yeganə məqsədi oxucunu çaşdırmaq və "tənqid edilən" ölkənin mənfi imicini yaratmaq üçün ayrı-ayrı hadisələr ümumi hal kimi qələmə verilir.

Bu vəziyyətdə Azərbaycan haqqında belə materiallar dərc edən sifarişçiləri və icraçıları buna nəyin sövq etməsi, bir neçə çox mühüm regionun qovuşduğu geosiyasi məkanda yerləşən və Avropanın enerji təhlükəsizliyinin, habelə Əfqanıstanda və Xəzər hövzəsində beynəlxalq qüvvələrin fasiləsiz fəaliyyətinin təmin edilməsində mərkəzi rollardan birini oynayan bu ölkə haqqında tamamilə yalan təsəvvür yaratmaqla onların kimin tərəfində "oynaması" aydın olmur.

Hakim mühafizəkarlar tərəfindən lal-dinməz "seyrçilik" isə kökləri Üçüncü Səlib Yürüşü dövrunə gedib çıxan, yuxarıda xatırlatdığımız "Məkrli Albion" ifadəsi ilə assosiasiya doğurur. O dövrdə İngiltərə kralı, Fransa və Avstriya monarxlarını aldatmış Şir Ürəkli Riçard avropalı müttəfiqlərinə münasibətdə özünü heç də yaxşı aparmamışdı.

Yeri gəlmişkən, mənaca bir-birinə yaxın olan "ingilis məkri", "məkrli ingilis", "məkrli ada" və sair ifadələr Böyük Fransa İnqilabı dövründə və bunun ardınca Napoleonun hakimiyyəti illərində Fransada çox populyar idi, çünki Böyük Britaniya inqilabi Fransa Respublikası ilə ardıcıl mübarizə aparırdı. O, yeni dövləti tanımaqdan imtina etmiş, kral XVI Lüdovikin edam edilməsindən sonra isə Fransaya qarşı dövlətlər koalisiyasını təşkil etmişdi.

1803-cü il mayın 13-də London 1802-ci il martın 25-də Napoleonla bağlanmış Amyen sülhünü pozandan sonra Fransada yenidən ingilis məkrindən danışmağa başladılar. Əks halda Napoleon Böyük Britaniyaya qarşı silahlı qüvvə tətbiq etməklə hədələyirdi. Sonradan bu obraz bütün Avropada populyarlaşır, Rusiyada isə Krım müharibəsi (1853-1856-cı illər) dövründə xüsusi "şöhrət" qazanır. Yaxın vaxtlara qədər Rusiyanın mütəffiqləri olmuş Böyük Britaniya və Fransa bu müharibədə Türkiyə tərəfində Rusiyaya qarşı birləşmişdi ("Zərb məsəl və ifadələrin ensiklopedik lüğəti").

Britaniya diplomatiyasının təfərrüatına varmaq fikrində deyilik. Yalnız onu qeyd etmək istərdik ki, fransızların təbirincə desək, "məkrlilik" və ikili standartlar Qərbdə nadir hallarda rast gələn şey deyildir.

 

İzlər hara aparır?

 

"Guardian" qəzetinin necə işlədiyini və adətən kimin sifarişlərini yerinə yetirdiyini sübut edən dəlillərdən biri kimi məşhur yazıçı İsrael Şamirin Rusiyada çıxan nüfuzlu "Russkiy reportyor" jurnalında dərc edilmiş "Na koqo rabotaöt The New York Times i The Guardian" ("The New York Times və The Guardian qəzetləri kimə işləyir") məqaləsini göstərmək olar (http://rusrep.ru/article/2011/02/21/times_guardian/).

Şamir məqaləsində "The New York Times" qəzetinin redaktoru Bill Kellerin yazısından sitat gətirir. Keller Wikileaks-in depeşaları ilə iş metodunun təfərrüatını bölüşərək bununla əlaqədar yazır: "Bu qayda ilə müqayisədə Rusiya söz azadlığının əsl dayağı hesab edilməlidir. Hər halda, "Russkiy reportyor"un redaktoru (bu jurnalda Wikileaks-in depeşaları da məxsusi dərc edilmişdir) Amerikanın ən iri qəzetinin redaktorlarının üzləşdiyi hallarla üzləşməmişdir".

Xatırladaq ki, "The New York Times" qəzetinin redaktoru öz məqaləsində depeşaların dərc edilməsi qaydası barədə bu sözləri yazmışdır: "Qəzetin Vaşinqton bölməsinin rəhbəri Din Baket hazırlanan materiallar haqqında Ağ evi qabaqcadan xəbərdar etmişdi. Bir neçə gündən sonra onu iki həmkarı ilə birlikdə ABŞ Dövlət Departamentində pəncərəsiz bir otağa dəvət etdilər, burada onları çöhrələrində təbəssümdən əsər-əlamət olmayan bir qrup adam qarşıladı... dəyirmi masa arxasında Ağ evin, Dövlət Departamentinin, milli kəşfiyyat direktoru ofisinin, MKİ-nin, hərbi kəşfiyyatın, FTB-nin və Pentaqonun nümayəndələri toplaşmışdı... Qalan adamlar özlərini təqdim etmədən divarlar boyunca ayaq üstə dayanmışdılar. Yeganə stenoqrafçı monoton şəkildə klaviaturanı tıqqıldadırdı... Bu görüş protokol üçün deyildi, lakin əhval-ruhiyyə gərgin idi...".

Sonrakı görüşlər tədricən gündəlik konfrans zənglərə çevrildi. Vaşinqton bölməsi hər bir müzakirədən əvvəl gələcəkdə dərc ediləcək materialların və sənədlərin toplandığı zərfi lazımi ünvana göndərirdi. Sonra həmin sənədlər regional mütəxəssislərə verilir, onlar öz mülahizələrini dövlət departamentindəki kiçik qrupa bildirir, bu sonuncular isə prioritetlərin və arqumentlərin siyahısı ilə gündəlik danışıqlara gəlirdi. Daha sonra "The New York Times" öz qərarlarını və hökumətin arzularını o biri redaksiyalara bildirirdi.

Şamir yazır: "Keller ətraflı şəkildə söyləmişdir ki, o, özünün bütün məqalələrində vətənpərvərlik duyğusunu rəhbər tutaraq yalnız Amerikanın xeyrinə olan məlumatları bu şəkildə çap edirdi. Əgər Rusiya qəzetinin redaktoru məqalələri Lubyankadan və Smolenkadan olan, sifətindən zəhrimar yağan adamlarla razılaşdırdığını eyni dərəcədə vəcdə gəlmiş şəkildə bəyan etsəydi, onda Moskvanın liberal ictimaiyyəti bu hekayəti çətin ki, ruh yüksəkliyi ilə qarşılayardı".

"Guardian" qəzetinin jurnalistləri Hardinq və Li də məhz bu xətti inkişaf etdirmişlər. Onlar depeşalardan bir neçə yolla sui-istifadə etmişlər - himayə edilməsi onlar üçün sərfəli olanları himayə edir, faktları qismən çap edirdilər; məqalələrə oxucunu çaşdıran sərlövhələr seçir; onları özləri üçün əlverişli məqamda təqdim edirdilər.

Şamirin fikrincə, "nəticə o qədər heyrətamiz idi ki, Wikileaks-da dərc edilənlər bəzi rusiyalı konspiroloqları, o cümlədən Nİkolay Starikovu və Mixail Leontyevi də təşvişə salmış və şübhələndirmişdir".

Şamir bununla əlaqədar yazır: "Assanc hədsiz müdriklik göstərib həmin depeşaları "Russkiy reportyor"a verməsəydi, Wikileaks həqiqətən Assancın hesab etdiyi kimi, ABŞ-ın imperiya iddialarına qarşı deyil, Rusiyaya qarşı işləmiş olardı".

Müəllifin fikrincə, Rusiyaya qarşı informasiya müharibəsi üzrə mütəxəssis, britaniyalı jurnalist Lyuk Hardinqin rolunu şişirtmək çətindir. Onun fikrincə, Wikileaks-in "Guardian" qəzeti üçün dosyesinin redaktə edilməsinə görə məhz Hardinq cavabdeh idi. Depeşanın mahiyyətini təhrif edən hay-küylü sərlövhələri Hardinq verir, onların məzmununu o redaktə edir, vurğuları dəyişdirir və xoşuna gəlməyən abzasları kəsib atırdı.

Həqiqətən, "Guardian" qəzetinin siyasi konyunktur və Böyük Britaniyanın mənafeləri xatirinə bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da vəziyyət haqqında depeşaların mahiyyətini təhrif etdiyi misallardan çox göstərmək olar.

Bu baxımdan, sual olunur: Bu gün Britaniya KİV-lərinin səhifələrində Azərbaycan haqqında təhrif olunmuş, qərəzli informasiya dərc edilməsi kimin xeyrinədir?

Əgər öz ölkələrinin milli mənafelərinin qeydinə qalan adamlar bu ipi çəkirlərsə, onların yaddaşını bir qədər təzələmək istərdik...

 

"Macəra" axtarışında

 

Qərbli tərəfdaşların ölkəmizlə qarşılıqlı münasibətlərində yol verilən məlum səhvləri xatırlatmadan (bu səhvlər haqqında "Bakinski raboçi" qəzetinin 20 may 2011-ci il tarixli 91-ci nömrəsində dərc edilmiş "Qərbin əyilmiş nişangahı" adlı məqalədə ətraflı söhbət açılmışdır) Azərbaycan-Britaniya əməkdaşlığı haqqında qısa məlumatı xatırlatmaq istərdik.

Təkcə 2011-ci ilin yanvar-oktyabr aylarında xarici investisiyaların həcmi təqribən 2.523 milyon dollar olmuşdur. Yanvar-oktyabr aylarının yekunlarına görə, ölkə iqtisadiyyatına xarici investisiyalar üzrə liderlər dəyişməmişdir. Xarici investisiyaların 44,3 faizini Böyük Britaniya, 14,4 faizini ABŞ, 9 faizini Yaponiya, 5 faizini Norveç, 4,1 faizini Türkiyə, 3,6 faizini Çexiya, 1,4 faizini Fransa, 1,4 faizini Koreya, 0,4 faizini İsveçrə təmin etmişdir.

Britaniya Krallığının Azərbaycanda yeni təyin edilmiş səfiri Piter Beytman bir neçə gün bundan əvvəl demişdir: "Azərbaycan və Böyük Britaniya çox mühüm il ərəfəsindədir".

Kökləri keçən əsrin 90-cı illərinin əvvəlinə gedib çıxan, əsas hərəkətverici qüvvəsi energetika sahəsində əməkdaşlıq olan Azərbaycan-Britaniya münasibətlərinin ən yeni tarixini nəzərə alsaq, britaniyalı diplomatla razılaşmamaq çətindir.

Xatırlatmaq yerinə düşər ki, son zamanlar bir sıra çətin sınaqlara məruz qalmış Britaniyanın bp şirkətinin ən qiymətli aktivlərindən biri məhz onun Azərbaycan bölməsidir. Halbuki Britaniyanın bu nəhəng şirkətinin işləri heç də hər yerdə bu dərəcədə uğurlu getmir.

Məsələn, bu yaxınlarda Arktikanın Rusiyaya aid ərazisində yataqların kəşfiyyatı və işlənilməsi barədə bir neçə milyardlıq əqdin uğursuzluqla nəticələnməsini xatırlatmaq olar. Hazırda həmin əqddə bp əvəzinə ExxonMobil şirkəti iştirak edir. Zənnimcə, bp-nin Rusiyadakı TNK-bp müştərək müəssisəsinin ofislərində axtarışlar aparılması, oradan sənədlərin götürülməsi, habelə bp-nin indiki baş direktoru, o vaxt TNK-bp-nin rəhbəri olmuş Robert Dadlinin 2008-ci ildə faktiki olaraq Rusiyadan qaçması epizodları da unudulmamışdır. Burada indi "Qazprom"a keçmiş Kovıktinsk qaz yatağının işlənməsinə lisenziyanın itirilməsi və səhmdarlarla bir neçə milyard dollarlıq məhkəmə işləri ilə bağlı epizodları da xatırlamaq olar.

Meksika körfəzindəki quyuların birində neftin sızması nəticəsində şirkətin üzləşdiyi problemləri də xatırlatmaq yerinə düşərdi. Bu qəza nəticəsində şirkətin nüfuzuna çox ciddi  ziyan vurulması öz yerində, üstəlik qəzanın nəticələrinin aradan qaldırılmasına bp səkkiz milyard dollardan çox pul xərcləmişdir. Şirkət qəzadan zərər çəkənlərə kompensasiyalar ödəyəcəkdir. Fonda daha iyirmi milyard dollar köçürməlidir.

Şirkət yalnız bu il müsbət saldoya çıxa bilmişdir, lakin müsbət maliyyə nəticələrinə baxmayaraq, bp elan etmişdir ki, Meksika körfəzində şirkətin platformalarının birində qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar çox böyük məbləğdə xərclərin əvəzini ödəmək üçün qeyri-profil aktivlərin kütləvi satışını davam etdirəcəkdir. Şirkət əvvəlcə 30 milyard dollar topladıqdan sonra öz törəmə müəssisələrinin satışını dayandırmağı planlaşdırırdısa, indi son hədd 45 milyard dollara qədər artırılmışdır.

Qəribədir, görəsən "Guardian" kimi nəşrlər və onların "ipini dartanlar" Azərbaycan kimi  etibarlı tərəfdaşı mütəmadi olaraq həqiqətə uyğun gəlməyən tərzdə təqdim etməklə, indiyə qədər Böyük Britaniyaya və Britaniya şirkətlərinə, o cümlədən bp-yə münasibətdə mənfi hallar görməmiş ictimaiyyəti qıcıqlandırmaqla hansı "milli maraqları" rəhbər tuturlar? Bəlkə iki ölkə arasında münasibətlərin sərinləşməsi və ya əməkdaşlıq perspektivlərinə yenidən nəzər salınması kimlərinsə xeyrinədir?

Sirr deyildir ki, bp "Azəri"-"Çıraq"-"Günəşli" kimi ən iri neft yatağı və "Şahdəniz" kimi ən iri təbii qaz yatağı layihələrində ən iri payların sahibidir. Buna görə də nəhəng "Şahdəniz" yatağının işlənilməsinin ikinci fazası və AGÇ yatağında çoxillik hasilat ərəfəsində vəziyyəti gərginləşdirməkdə kimin maraqlı olması əsla aydın deyildir. Görəsən, doğrudanmı bu layihələrdə əməkdaşlığın perspektivlərinə kölgə salmaq kiminsə xeyrinədir?

Bu halda əgər rəsmi London qarşılıqlı faydalı tərəfdaşlığın davam etdirilməsində həqiqətən maraqlıdırsa, o, öz mövqeyini dəqiq ifadə etməli və iki strateji tərəfdaş arasında münasibətlərin soyumasına nail olmağı özünə məqsəd seçmiş bu cür insinuasiyalara son qoymağa çalışmalıdır.

Əgər susmaqda davam edilərsə, bəlkə doğrudan da "Məkrli Albion" haqqında həqiqəti nəzərə almağın vaxtıdır?

 

 

 

Rəhman Hacıyev,

"Bakinski raboçi" qəzetinin baş redaktoru

 

Azərbaycan.- 2011.- 1 dekabr.- S.  2, 6.