Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndə heyəti Çin Xalq Respublikasında rəsmi səfərdədir

 

 Çin Xalq Respublikasının KadrlarSosial Təminat Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.

Azərbaycan nümayəndə heyətinin Çinin kadrlar  sosial təminat nazirinin müavini Yan Şiçyu ilə görüşündə ölkələrimiz arasında tarixi dostluq əlaqələrinin olduğu bildirilmişdir.

Azərbaycanla kadrların idarə edilməsi ilə bağlı əməkdaşlıqdan məmunluğunu bildirən Yan Şiçyu bu sahədə ikitərəfli əlaqələrin genişləndirilməsinin tərəfdarı olduğunu qeyd etmişdir.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Çin Xalq Respublikası ilə bu əməkdaşlığın iki xalq arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcəyinə və yeni səviyyəyə çıxaracağına əminliyini bildirmişdir.

Görüşdə müvafiq sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün qarşılıqlı səfərlərin, təcrübə və məlumat mübadiləsinin əhəmiyyəti vurğulanmışdır.

Çinin Nəzarət Nazirliyində keçirilən görüşdə nazir müavini Yao Cenkı Azərbaycanın dövlət qulluğu sahəsində nəzarətin həyata keçirilməsi üzrə böyük təcrübəyə malik olduğunuondan faydalanmağın zəruriliyini qeyd etmişdir. O bu səbəbdən Azərbaycan ilə daimi əməkdaşlığın yaradılması arzusunda olduğunu bildirmişdir.

Bəhram Xəlilov rəhbərlik etdiyi komissiyanın Çinin Nəzarət Nazirliyi ilə müxtəlif sahələrdə əməkdaşlıq istəyində olduğunu qeyd etmişdir. Azərbaycanda korrupsiya ilə mübarizə və şəffaflığın təmin edilməsi istiqamətində görülən mühüm işlər barədə məlumat verən komissiya sədri bu sahədə əməkdaşlığın qurulmasının xüsusi əhəmiyyətini vurğulamışdır.

Nümayəndə heyətinin Çinin Dövlət Qulluğu Məsələləri üzrə Dövlət İdarəsinin rəis müavini Fu Sinquo ilə görüşündə hər iki ölkədə gedən proseslər və islahatlar haqqında məlumat verilmişdir.

Fu Sinquo Azərbaycanın dövlət qulluğu sahəsindəki təcrübəsinin onlar üçün faydalı olacağını bildirmişdir.

Yüksək iqtisadi inkişaf templərinə malik olan Azərbaycanın və  Çinin dövlət idarəçiliyi sahəsində yeni standartların tətbiqinin aktual olduğunu qeyd edən Bəhram Xəlilov bütün bunların iki ölkə arasında dövlət qulluğukadr siyasəti ilə əlaqədar səmərəli əməkdaşlığını şərtləndirdiyini demişdir.

Gorüşdə Azərbaycan Respublikası və Çin Xalq Respublikasının beynəlxalq səviyyədə daim bir-birinə dəstək verməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Çinin ədalətli mövqeyi xüsusi vurğulanmışdır.

Azərbaycanın Pekindəki səfirliyində nümayəndə heyətinin Çində təhsil alan azərbaycanlı tələbələrlə görüşüolmuşdur. Qeyd edilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almalarını diqqətdə saxlayır. Gənclərimiz isə öz üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün səylə çalışmalı, yüksək səviyyədə təhsil alaraq ölkəmizdə gedən quruculuq və modernləşmə prosesində fəal iştirak etməlidirlər. Görüşdə tələbələrin qayğı və problemləri dinlənilmiş, onların ölkəmizin təbliği və tanıdılması işində daha da fəallıq göstərmələrinin zəruriliyi bildirilmişdir.

Görüşlərdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Lətif Qəndilov iştirak etmişdir.

Dekabrın 2-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti Çendu şəhərində dövlət qulluğunun idarə olunması işi ilə tanış olacaqdır.

 

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Pekin

 

Azərbaycan.- 2011.-1 dekabr.- S.  3.