Azərbaycanın nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 27-ci sessiyasında iştirak etmişdir

 

 Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatı (BDT) Assambleyasının Londonda keçirilən 27-ci sessiyasında iştirak etmişdir.

ARDDA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sessiyada BDT-nin ötən dövr üçün maliyyə auditinin nəticələri, təşkilata üzv dövlətlərdə dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaların tələblərinə riayət olunması vəziyyətinin araşdırılması üzrə auditin keçirilməsi, habelə dövlətlərin dəniz administrasiyalarının fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə tərtib edilmiş yeni cədvəl təsdiq edilmişdir.

Eyni zamanda, dəniz nəqliyyatı sahəsində mütəxəssislərin hazırlığına dair məsələlər müzakirə edilmiş, dəniz quldurluğu hallarının qarşısının alınması istiqamətində BDT tərəfindən BMT və NATO kimi nüfuzlu beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilmiş tədbirlər barədə üzv dövlətlərə məlumat verilmiş, təşkilatın Dəniz Təhlükəsizliyi, Dəniz Ətraf Mühitinin Mühafizəsi, Hüquq və digər komitələrinin hesabatları dinlənilmişdir. Bundan başqa, dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qətnamələr qəbul edilmişBDT-nin icraçı orqanı olan şuranın üzvlüyünə seçkilər də keçirilmişdir.

Həmçinin 182 dövlətin nümayəndə heyətlərinin iştirak etdiyi assambleya tərəfindən BDT-nin baş katibi vəzifəsinə yeni seçkilər keçirilmiş və təşkilatın Dəniz Təhlükəsizliyi Bölməsinin direktoru, Yaponiya təmsilçisi Koji Sekimizu yeni baş katib seçilmişdir.

Sessiyada keçirilən dinləmələr zamanı Azərbaycan nümayəndə heyəti müzakirələrdə fəal iştirak etmiş və Azərbaycan Respublikasının qoşulduğu konvensiyaların tələblərinə tam əməl edilməsi, xüsusilə də bu sahənin daim dövlət nəzarətində saxlanıldığı, habelə ölkəmiz tərəfindən audit yoxlanışına müvafiq hazırlıq işlərinin görüldüyü assambleyanın, eləcə də üzv dövlətlərin nümayəndə heyətlərinin nəzərinə çatdırılmışdır.

Assambleyada Koreya Respublikasının təmsilçisi kapitan Seog Hae-gyun gəmiyə hücum edən dəniz quldurlarına qarşı sağlamlığının itirilməsi ilə nəticələnən müqavimət göstərilməsi zamanı gəminin və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə göstərdiyi cəsarət və igidliyə görə BDT tərəfindən "Dənizdə göstərilmiş xüsusi cəsarətə görə" medalı ilə təltif edilmişdir.

BDT Assambleyasının 27-ci sessiyasının sonunda üzv dövlətlər tərəfindən yekdilliklə təşkilatın növbəti 2 il üçün strateji planı təsdiq edilmişdir.

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov assambleya çərçivəsində dəniz nəqliyyatı sahəsində qabaqcıl dünya dövlətlərinin dəniz administrasiyalarının başçıları ilə bir sıra görüşlər də keçirmişdir. Görüşlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində iqtisadiyyatın digər sahələri ilə yanaşı, ölkəmizdə dəniz nəqliyyatı sahəsində görülmüş işlər də xüsusilə qeyd edilmiş, habelə dəniz təhlükəsizliyi istiqamətində qarşılıqlı əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılmış, yaxın günlərdə tam fəaliyyətə başlaması nəzərdə tutulan Uzaq Məsafədən Tanınma və İzləmə (UMTİ/LRİT) Milli Mərkəzinin texniki imkanları barədə ətraflı məlumat verilmişdir.

 

Azərbaycan.- 2011.- 1 dekabr.- S. 3.