Bakıda Beynəlxalq Miqrasiya Təşkilatının yaranmasının 60 illiyinə həsr edilmiş tədbir keçirilmişdir

 

Noyabrın 30-da Bakıda Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) yaranmasının 60 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının miqrasiya sahəsində fəaliyyət göstərən dövlət qurumlarının yüksək vəzifəli əməkdaşları, eləcə də digər dövlət qurumlarının rəhbər işçiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Tədbirdə əvvəlcə Beynəlxalq Miqrasiya Təşkilatının 60 illiyinə həsr edilmiş film nümayiş etdirilmişdir.

BMqT-nin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru xanım Renata Held bildirmişdir ki, təşkilat 1951-ci ildə yaradılmış və bu gün 132 üzv ölkə, 97 müşahidəçi və 400-dən çox sahə ofislərinə malik, miqrasiya proseslərinin tənzimlənməsində, insan alveri ilə mübarizədə hökumətlərə dəstək olan, inkişafa yönəlmiş insanihüquqlara əsaslanmış yanaşmaları təşviq edir. BMqT-nin Azərbaycandakı missiyası Bakıda fəaliyyətə 1996-cı ildən başlamışdır.

Azərbaycanın miqrasiya sahəsində uğurlu tədbirlər həyata keçirdiyini vurğulayan Renata Held demişdir ki, BMqT və Azərbaycan Respublikası miqrasiya məsələlərinin həlli üçün əməkdaşlığın davam etdirilməsi məqsədilə 1999-cu ildə saziş imzalamışlar. Bu sazişin Milli Məclis tərəfindən 2000-ci ilin fevralında təsdiqindən sonra BMqT Şurasının Cenevrədə keçirilən 81-ci sessiyasında 2001-ci ilin  iyununda Azərbaycanın təşkilata üzv qəbul olunmasına razılıq verilmişdir. Hazırda Azərbaycan hökuməti ilə əməkdaşlıq uğurla davam etdirilir.

BMqT-nin Azərbaycandakı fəaliyyət istiqamətlərinə insan alverinə qarşı mübarizə, miqrasiya və sərhəd idarəçiliyində potensialların artırılması və digər sahələr daxil olduğunu söyləyən Renata Held onu da bildirmişdir ki, BMqT Azərbaycanın cənub sərhədlərində inteqrə olunmuş sərhəd idarəçiliyi modelinin qurulmasında fəallıq göstərir.

Təşkilatın 60 illiyi münasibətilə iştirakçıları təbrik edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov demişdir ki, son illər dünyada getdikcə sürətlənən və genişlənən qloballaşma proseslərinin əsas amillərindən biri də məhz miqrasiya problemidir. Azərbaycanın bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcudluğu respublikamızın ərazisindən tranzit qaydada keçən və ya qısa müddətdə gələn, üçüncü dövlətlərə getməyə, yaxud qanuni əsaslar olmadan yaşamağa cəhd göstərən əcnəbilərin sayının artmasına səbəb olmuşdur. Bütün bunlar ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, habelə bu sahədə beynəlxalq əməkdaşlığı obyektiv zərurətə çevirmişdir. Bütün bu reallıqları nəzərə alan Prezident İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin etmişdir.

Arzu Rəhimov demişdir ki, bu il həm də Azərbaycanın BMqT-yə üzv olmasının 10 ili tamam olur. Bu dövr ərzində əlaqələrimiz sürətlə inkişaf etmiş, nəticədə ikitərəfli əməkdaşlığımızın yeni perspektivləri üzə çıxmışdır. Xidmət rəisi xüsusi vurğulamışdır ki, DMX ilə BMqT arasındakı səmərəli əməkdaşlıq bundan sonra da inkişaf edəcəkdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla şöbəsinin müdiri Qurban Sadıqov bildirmişdir ki, ötən dövr ərzində BMqT Azərbaycanın müvafiq qurumları ilə sıx işləmişdir. Bu əlaqələr bundan sonra da davam etdiriləcəkdir.

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 1 dekabr.- S. 7.