Azərbaycan Prezidenti İlham Əliyev Qana Respublikasının ölkəmizdəki səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Qana Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Set Korantenqin etimadnaməsini qəbul etmişdir.

Səfir Set  Korantenq fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Set Korantenq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.  

Səfir Set  Korantenq  Qana Respublikasının Prezidenti Con Evans Atta Millsin salamlarını dövlətimizin başçısına çatdırdı, Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnunluğunu bildirdi. O, ölkəsinin Azərbaycan ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğuladı. Set Korantenq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq işlərini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini qeyd etdi. Azərbaycanda gedən inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyən qanalı diplomat iqtisadi inkişafla bağlı Azərbaycanın təcrübəsindən bəhrələnməyin önəmini vurğuladı.

Dövlət başçısı Azərbaycanın da Qana ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bağlı keçirilən səsvermə zamanı Azərbaycana verdiyi dəstəyə görə Qana hökumətinə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı Prezident Con Evans Atta Millsin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qana dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 2 dekabr.- S.  1.