Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairin ölkəmizdəki səfiri Mouloud Hamainin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mouloud Hamainin etimadnaməsini qəbul etmişdir.

Səfir Mouloud Hamai fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Mouloud Hamai etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Əlcəzair arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də yüksək səviyyədə əməkdaşlıq etdiyini bildirdi. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bağlı keçirilən səsvermə zamanı Azərbaycana verdiyi dəstəyə görə Əlcəzair hökumətinə təşəkkürünü bildirdi. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev Mouloud Hamainin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirdi.

Səfir Mouloud Hamai Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Respublikası ilə  Əlcəzair Xalq Demokratik Respublikası arasında ikitərəfli əlaqələrin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Prezident Əbdüləziz Buteflikanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 2 dekabr.- S. 1.