Qazaxıstanın milli bayramı şərəfinə

 

 Dekabrın 1-də Qazaxıstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik gününün 20-ci ildönümü münasibətilə "Kempinski Badamdar" otelində rəsmi qəbul təşkil etmişdir.

Səfir Serik Primbetov ötən müddətdə ölkəsinin keçdiyi inkişaf yolundan danışaraq bildirmişdir ki, hazırda Qazaxıstan dünya birliyində layiqli yer tutur.

Diplomat vurğulamışdır ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuş dostluq və qardaşlıq münasibətlərini Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan və Qazaxıstanı çoxəsrlik mehriban dostluq, qonşuluq və qarşılıqlı dəstək ənənələri birləşdirir. Əminəm ki, qarşılıqlı səylərimiz bundan sonra da bu nəcib ənənələrin inkişaf etdirilməsinə, xalqlarımızın və ölkələrimizin tərəqqisi, regionda sülh, təhlükəsizlik və sabitlik naminə dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsinə yönəldiləcəkdir.

Sənaye və energetika naziri Natiq Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, Qazaxıstan xalqına əmin-amanlıq və firavanlıq arzularını çatdırmışdır.       

Nazir bildirmişdir ki, ölkələrimiz arasında həmişə səmimi münasibətlər olmuşdurbu münasibətlər müstəqillik bərpa olunandan sonra intensiv inkişaf etməyə başlamışdır. İki ölkə arasında həyata keçirilən yüksək səviyyəli səfərlər və imzalanmış çoxsaylı sənədlər ikitərəfli əlaqələrimizin daha sürətlə inkişafına töhfəsini vermişdir.

Nazir Azərbaycan-Qazaxıstan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Tədbirdə Qazaxıstanın milli musiqisindən ibarət konsert proqramı təqdim olunmuşdur.

Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 3 dekabr.- S.  3.