Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları üçün müasir şəraiti yaradılmışdır

 

Dekabrın 2-də Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev binanın açılış mərasimində iştirak etmişlər.

Ali Məclisin Sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, binanın istifadəyə verilməsi münasibətilə onları təbrik edərək demişdir: Sovetlər birliyi dönəmində iqtisadi planlama, istehsal müəssisələrinin fəaliyyəti vahid bir mərkəzdən idarə olunduğundan iqtisadiyyatın sürətli inkişafında və keyfiyyətli məhsul istehsalında çətinliklər yaranırdı. Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra iqtisadi sahədə yüksəlişə nail olunmuş, yeni istehsal müəssisələri yaradılmış, sahibkarlığın inkişafı təmin edilmişdir.

Qeyd olunmuşdur ki, müstəqillik dövründə muxtar respublikanın iqtisadi inkişafında 2001-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyininmühüm rolu olmuşdur. Nazirlik bu gün öz ətrafında 5 minə yaxın hüquqifiziki şəxsi birləşdirməklə muxtar respublikanın sosial-iqtisadi inkişafında yaxından iştirak edir. Əhali tələbatının öyrənilməsi, investisiyaların təşviqi, xarici bazara çıxış, istehsal olunan yerli məhsulların daxili bazarda satışının təşkili və keyfiyyətə nəzarət kimi mühüm vəzifələr Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin əsas fəaliyyət istiqamətlərindəndir. Bu vəzifələri uğurla icra etmək üçün normal şəraiti, müasir avadanlıqla təmin olunmuş laboratoriyalar yaratmaq lazım idi. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin də yaxından köməyi ilə cari ildə bu istiqamətdə işlərə başlanılmışdır. Qısa müddətdə müasir texniki avadanlıqla təmin olunmuş nazirlik binası və laboratoriyalar yaradılmışdır.

Ali Məclisin Sədri demişdir ki, Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları yaradılan yüksək şəraitindən səmərəli istifadə etməlidirlər. Muxtar respublika əhalisinin ərzaq və sənaye məhsullarına olan ehtiyacı öyrənilməli, yerli xammalla işləyən müəssisələr yaradılmalı, sahibkarlığın inkişafı məqsədilə kreditlərin verilməsi davam etdirilməli, verilən kreditlərdən düzgün istifadə olunmasına nəzarət artırılmalıdır. Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşadığı üçün yaradılan istehsal müəssisələri, ilk növbədə, daxili tələbatın ödənilməsinə yönəldilməlidir. Bu gün muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələrinin sayının artması və keyfiyyətli məhsul istehsalı iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlərin nəticəsidir. Ali Məclisin Sədri bildirmişdir ki, istehsal olunan məhsulların xarici bazarda özünə yer tutması, xarici investisiyanın ölkəyə cəlb olunması iqtisadiyyatın inkişafını şərtləndirən əsas amillərdəndir.

Ali Məclisin Sədri demişdir: Artıq 3 ildir ki, muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldo yaranmışdır. 2011-ci ilin ötən 11 ayında xarici ticarət dövriyyəsi 300 milyon manata yaxın olmuşdur ki, bunun da 260 milyon manata yaxınını ixrac yönümlü məhsullar təşkil edir. Xarici ticarət dövriyyəsində idxal yönümlü məhsulların əsas hissəsi isə müasir informasiya-kommunikasiya texnologiyalarıdır. Qazanılan bu cür iqtisadi uğurlar rəqabətədavamlı məhsul istehsalı, sahibkarlıq mühitinin formalaşdırılması, balanslaşdırılmış daxilixarici iqtisadi münasibətlərin qurulması, yeni istehsal müəssisələrinin yaradılması və ən əsası isə göstərilən yüksək dövlət qayğısı nəticəsində mümkün olmuşdur.

Ali Məclisin Sədri ölkəmizdə iqtisadi münasibətlərin düzgün qurulmasında, adamları arasında normal rəqabətin və faydalı birliyinin yaradılmasında göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinə təşəkkürünü bildirmiş, Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin əməkdaşlarına isə gələcək işlərində uğurlar arzulamışdır.

Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Naxçıvanda ardıcıl şəkildə həyata keçirilən uğurlu iqtisadi islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bildirilmişdir ki, son 15 ildə Naxçıvan Muxtar Respublikasında  dinamik iqtisadi artıma nail olunmuş, əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmış, iqtisadi inkişafın əsas göstəricilərindən biri sayılan özəl sektorun inkişafı təmin olunmuşdur. Muxtar respublikada yerli istehsalın genişlənməsi və müasir bazarın tələblərini ödəyən rəqabətqabiliyyətli məhsul istehsalının artması da bu sahədə həyata keçirilən düzgün iqtisadi siyasətin məntiqi nəticəsidir.

Şahin Mustafayev bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi üçün yaradılan belə nümunəvi şərait həm də Naxçıvanda uğurla həyata keçirilən quruculuq işlərinin davamıdır.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev binanın açılışını bildirən lenti kəsmişlər.

Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan binada 57 otağı, 67 yerlik iclas zalı, kitabxanaarxiv vardır.

"Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli fərmanına uyğun olaraq burada müasir standartlar səviyyəsində elektron idarəetmə sistemi qurulmuşdur.

 

AzərTAc

 

Azərbaycan.- 2011.-3 dekabr.- S.  3.