Azərbaycanlı ziyalıların və incəsənət xadimlərinin görüşü

 

Görüşü AAKM-in icraçı direktoru Samirə Patser-İsmayılova açaraq Berlində fəaliyyətdə olan ziyalılar arasında səmərəli ünsiyyətin qurulması imkanlarını, eləcə də birgə əməkdaşlığı üçün yollar araşdırılmasını təklif etmişdir.

Berlin-Bakı Qalereyasının icraçı direktoru Ebrahim Ehrari rəssamların, eləcə də digər incəsənət xadimləri ilə birgə layihələrin hazırlanmasını, onlarla mütəmadi görüşlər keçirilməsini və bu görüşlərdə Almaniyada yaşayan bütün incəsənət adamlarının iştirakını təklif etmişdir. O, Azərbaycanı daha yaxşı tanıtmaq məqsədi ilə tədbirlər silsiləsi keçirməyi və alman ictimaiyyətini həmin tədbirlərə dəvət etməyi təklif etmişdir. Gələcəkdə bütün Almaniya üzrə mədəniyyət adamlarının birgə görüşünü təşkil etmək fikrində olduğunu demişdir.

İştirakçılar 2012-ci ildə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə silsilə tədbirlərin keçirilməsinə və müxtəlif sahələrdə təşkilinə dair təkliflər vermişlər.

Müzakirələrdə iştirak edən Adil Bayramov Almaniyada yaşayan azərbaycanlı incəsənət adamlarını özündə birləşdirən şuranın yaradılmasını, Ləman Dadaş konsert proqramlarının təşkil edilməsini,  Məsud Pənahi və Nuri Dadaş alman və Azərbaycan arxitekturasının təqdimatını, Samirə Patser-İsmayılova diasporu yeni Azərbaycan filmləri ilə tanış etmək məqsədi ilə film axşamlarının keçirilməsini, Səbinə Bayramova 8 Mart - Beynəlxalq Qadınlar Günündə seminar keçirilməsini, Kəmalə İsmayilova "Eurovision-2012" musiqi yarışmasından turizm üçün istifadə edilməsini və s. kimi təkliflər irəli sürmüşlər.

AAKM-in rəhbərliyi bütün təklifləri toplayaraq görüş iştirakçılarının bir daha müzakirəsinə veriləcəyini bildirmişdir.

Görüş iştirakçıları təşəbbüsü müsbət qiymətləndirmiş və gələcəkdə belə görüşlərin mütəmadi surətdə həyata keçirilməsinin dəyərli olduğunu bildirmişlər.

 

Vüqar Seyidov,

AzərTAc-ın xüsusi müxbiri

 

Berlin

 

Azərbaycan.- 2011.- 4 dekabr.- S. 5.