Minsk şəhərində «Zərifə Əliyeva»

kitabının təqdimat mərasimi olmuşdur

 

Azərbaycanın Belarusdakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Minsk şəhərindəki Belarus Milli Kitabxanasında Milli Məclisin deputatı, yazıçı-publisist Hüseynbala Mirələmovun müəllifi olduğu "Zərifə Əliyeva" kitabının təqdimat mərasimi keçirilmişdir.

Ölkəmizin Belarusdakı səfirliyinin təşəbbüsü və hərtərəfli dəstəyi nəticəsində Belarus dilinə tərcümə edilərək nəşr olunmuş kitabın təqdimat mərasimində iştirak etmək üçün səfirliyin dəvəti ilə Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hadi Rəcəbli və qeyd olunan kitabın müəllifi Hüseynbala Mirələmov dekabrın 1-dən 4-dək Minsk şəhərində olmuşlar.

Minskdəki səfirliyi və Belarus Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində səfir İsfəndiyar Vahabzadə, səfirliyin əməkdaşları, Belarus xarici işlər nazirinin birinci müavini İqor Petrişenko, Milli Kitabxananın direktoru Roman Motulski, Belarus Mədəniyyət Nazirliyinin, ictimaiyyətin nümayəndələri, KİV təmsilçiləri, Minsk şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkədə yaşayan Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.

Təqdimat mərasimində çıxış edən səfir İsfəndiyar Vahabzadə Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə xanım  Əliyevanın fəaliyyəti ilə bağlı məlumat vermiş, onun Azərbaycanda tibb elminin inkişafına verdiyi töhfələrdən, xüsusilə oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlərdən danışmışdır. Səfir Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xanımı olmuş Zərifə Əliyevanın təkcə tibb sahəsində deyil, ölkəmizin ictimai həyatında da mühüm rol oynadığını diqqətə çatdırmış, görkəmli alimin xatirəsinin əbədi olaraq yaddaşlarda qalacağını vurğulamışdır.

Mərasimdə Belarus xarici işlər nazirinin birinci müavini İqor Petrişenko, kitabın müəllifi Hüseynbala Mirələmov, Milli Kitabxananın direktoru Roman Motulski, Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hadi Rəcəbli, Belarus- Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Belarusun tanınmış oftalmoloqu, tibb elmləri doktoru Sergey Poznayak çıxış edərək akademik Zərifə Əliyeva ilə bağlı xatirələrini bölüşmüş, kitabın Belarus dilinə tərcümə edilməsinin ölkələrimiz və xalqlarımız arasında humanitar əlaqələrin inkişafında mühüm rol oynayacağını bildirmişlər.

Sonda qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim edilmişdir.

Tədbirdən sonra kitabın müəllifi Hüseynbala Mirələmov "Mir" telekanalına müsahibə vermişdir.

 

Azərbaycan.- 2011.- 6 dekabr.- S.6.